Filologiya üzrə fəlsəfə doktoru,
AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

DÜNYA ÇOX KƏDƏRLİ YERDİ

Dünya çox kədərli yerdi..
Qanadlarım heç işə yaramadı burda.
Qəlbimin ritmindən utandım bəzən.
Şəhid məzarlarını,
əsir düşərgələrini görəndə
utandım sevgi şeirlərimdən…

Dünya çox kədərli yerdi..
Hələ uşaq vaxtı elə bilirdim,
zəlzələ dünyanın yelləncəyidir,
sən demə insanların biri-birinə
“evin yıxılsın”ıymış…
Şəlaləyə təbiətin duşu deyirdim,
sən demə suların intiharıymış.
Böyüdükcə nə yelləncəyi sevdim,
nə də şəlaləni.
Sevdiklərim ruhumu ağrıdırdı…

Dünya çox kədərli yerdi..
İnsan təbiətin bir parçasıydı,
amma
parça tamı parçalayırdı…
Təbiət insanı sevdikcə insan təbiəti azarlayırdı,
Tanrı ölüm fərmanıyla dünyanı tarazlayırdı.
Şairlər ağlayrdı dünyanın kədərinə,
Keçib yerin altından, çıxıb göyün üstündən
yenidən atlayırdı qədərinə.
Dünyanı uzaqdan qucaqlayırdı,
ümid edirdi ki,
bir zərrəsi qalacaq…
və nə vaxtsa, haradasa Tanrıyla görüşəcəyi yer
dünyanın ən gözəl mənzərəsi olacaq…

Dünya çox kədərli yerdi..
Şairlər “öldükcə” o yerdə
qınanırdı…
Qınayanlar haqq qazandırırdı gizlində şairlərə –
bir gün dramdan, faiciədən yorulub da komediya yazsalar,
ya göz yaşımız bitsə, – deyə…
Bilirdilər ki, ağlamaq ümiddir,
göz yaşı bitəndə başlayır ağılsız qəhqəhələr…

Dünya çox kədərli yerdi..