Filologiya üzrə fəlsəfə doktoru,
AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

* * *

Günəş doğmaz pəncərəmə
daha mənə olan oldu.
Yaşılyarpaq çəmən idim,
sağdan-sola, soldan-sağa
nəyim vardı alıb getdin,
məndən məndə nə qaldısa
solan oldu…
Kim vardı ki, məndən gözəl,
səndən dəli,
ruhum candan çıxıb getdi,
əl üzəli.
Bir çağlayan bulaq idim
gecə-gündüz zümzüməli..
o şərqilər, o nəğmələr
yalan oldu…
Qızınırsan qollarında
bilmirəm ki, hansı yadın,
ürəyimin divarında yara kimi qalıb adın…
Qəfil gəldin, qəfil getdin, yağmaladın –
qəfəsdə can
talan oldu…
Mən sənə yaradan demirəm –
günahdı,
yaşadan bir sənsən, bir də Allahdı,
alıb-verdiyim nəfəs deyil, quruca ahdı –
sən verdin, mən
alan oldum…

14. 10.2019