Neçə il bundan əvvəl qonşumuz Süleyman kişinin xəstəliyi kənd camaatını heyrətləndirmişdi. İş burasındaydı ki, Süleyman kişinin mərəzi hər kəsin düçar ola biləcəyi xəstəliklərdən deyildi.
Kişi evə-eşiyə sığışmır, “Vallah, qulağımda saat var, gecə-gündüz tıq-tıq tıqqıldayır” — deyirdi. Arvad-uşaq, qohum-qonşu zənn edirdi ki, kişinin başına hava gəlib.
Kişi isə əsla başına hava gələnə oxşamırdı. Yeyir, içir, hamı kimi söhbət edir, yalnız qulağındakı saatdan şikayətlənirdi. O, həkimlərə müraciət etdi. Xəstəni bu həkim yoxladı, o həkim müayinə etdi, heç bir şey başa düşmədilər. Daş atıb başlarını tutdular ki, sən nə danışırsan, qulağına nəsə səs dəyib, heç qulaqda da saat olar?
Süleyman kişi isə qəti əmin idi ki, qulağının içində saat var. Rayon həkimləri nə bilirlər ki?.. Ona görə qərara gəldi ki, Bakıya getsin. Orada yaxşı həkimlər çoxdur. Əmioğlu Salmanın şəhərdə yaxşı dostları var. Bir yerdə getsələr, pis olmaz.
Belə də etdilər.
- Allah atana rəhmət eləsin! Mən and-aman edirəm ki, qulağımda saat var, məni ələ salırlar. Başına dönüm, məni bu bəladan xilas elə, nə lazımdırsa, verəcəyəm, təki canım rahat olsun, — Süleyman kişi həkimə yalvardı.
Xəstəni guya müayinə edən həkim köhnə tanışı Salmana göz vurub:
—Əşi, bu mənim əlimdə çətin iş deyil. Cərrahiyyə əməliyyatına hazırsan? Qorxmursan ki?
- Əlbəttə, hazıram, nədən qorxacağam ki?
Cərrahiyyə əməliyyatı uğurla keçdi. Xəstənin qulağından bir mexaniki saat çıxdı. Süleyman kişi bir neçə gündən sonra kəndə qayıtdı.
Onu yoluxmağa gələnlər saatı görüb bunu möcüzə hesab edirdilər. Süleyman kişi çox rahat gəzir, hara getsə, Ənvər həkimi tərifləyirdi.
Bu hadisədən bir neçə il keçmişdi.Bir dəfə Süleyman kişi paydan-parçadan götürüb Ənvər həkimi görmək üçün Bakıya getdi. Həkim onu gülər üzlə qarşıladı:
- Hə, necəsən, saat qulağında taqqıldamır ki?
- Allah səni saxlasın. Ölənəcən sənə duaçıyam.
Birdən həkim qəh-qəhə ilə güldü:
— Ay Süleyman, heç qulaqdan da saat çıxar? O vaxt mən sənə narkoz verib qulağında yalandan əməliyyat aparmışdım ki, inanasan ki, saat qulağından çıxıb. O saat mənim köhnə saatım idi.
Birdən Süleyman kişi qışqırdı:
—Necə? Məni aldatmısan? Aman Allah, yenə qulağımdakı saat başladı işləməyə, tıq-tıq… İndi mən nə edəcəyəm.