Evi kəndin qırağında olan Qurban kişinin güzəranı ağır keçirdi. Buna görə də o, özünü oda-közə vurur, nəinki təkcə gündüz, hətta gecə də əlləşirdi. Qurban çox az yatırdı. Öz qeyrətinə sığışdıra bilmirdi ki, onun eyvanı odunsuz, bucağı unsuz, ocağının üstü sacsız, qazansız qalsın. O nə ala öküzün, nə də kəhər yabının yedəyindən əl çəkirdi. Bunlar gecəli-gündüzlü qan-tərə bata-bata işlədiyi halda, onun üç oğlundan heç birisi işləmir, əlini ağdan-qaraya vurmur, “ver yeyim, ört yatım, gözlə canım çıxmasın!” – deyib veyillənirdi.
Söz-sözə gələndə böyük kiçiyə, kiçik də ortancıla buyururdu. Onların üçü də gün yağlanandan sonra yuxudan oyanır, olan-olmazından yeyir, kənd arasına çıxır, dolanıb gəzirdilər. Dünyadan gedən arvadından sonra çöl işi bir yana, ev işi də Qurbanın boynuna düşmüşdü. Qurban dəyirman çarxı kimi bu ağır işlərin altında fırlanır, evin əzab-əziyyətini təkcə çəkirdi.
Qışın oğlan çağında yabısını yedəyinə alıb meşəyə yollanır, tir kəsib odun doğrayır, yabısına yükləyir, aran kəndlərinə aparır, darıya, düyüyə verib evinə gətirirdi. Ortasına örkən gəlməz palıd ağaclarından kəsir, taxta çıxarır, baha qiymətə satır, dizləri şalvarlarından çıxan oğlunun üçünə də yaraşıqlı geyim alır, dost-düşmən içində başını aşağı salmaq istəmirdi. Yaz gələndə Qurban ala öküzü qoyub ortaq olur, çala yerini əkirdi. Bu zaman üç oğlundan heç birisi nə hodağa gedir, nə xışın dəstəyindən yapışır, nə toxum daşıyır, nə də bir saxsı su gətirib işə-gücə yarayırdı…
Qurbanı belə bir fikir narahat eləyirdi ki, bəs ondan sonra uşaqlar necə olacaqlar? Bəs nə təhər olsun ki, uşaqlar onun-bunun ocağının qırağını kəsməsinlər, əl açıb dilənməsinlər? Bu dərd onu əldən salıb üzürdü. Qurban dərd əlindən zara gəlsə də, işindən qalmır, yazda dəryaz çalıb yabısına, öküzünə ələf toplayır, yayda çin götürüb aranlara enir, payızda taxıl təmizləyib dəyirmanlıq edir, qışda da odun aparıb satırdı.
Vaxtından əvvəl saqqalı ağaran, beli bükülən atanın çuxura düşmüş gözləri gah böyük oğlu Şahməmmədə, gah ortancıl oğlu Xanməmmədə, gah da Bəyməmmədə zillənirdi. Bu vaxt Qurban kəndi cəzana gətirən əzazil pristavı öldürəndən sonra Sibirə sürgün edilən, orada tələf olan igid qardaşlarının adına yaraşdırıb, arzu-ümidlə oğullarına qoyan arvadı Hürzadı xatırlayır, ürəyi odlanır, tüstüsü təpəsindən çıxırdı.
Ancaq Qurban qeyrətinə boğulub, dost-düşmən qabağında min məşəqqətlə daşdan çörək çıxarıb gətirsə də, bir gün damın ortasında uzanıb qaldı, od-ocaq söndü, tüstü kəsildi. Qardaşların üçü də qış gecəsinin yarısına qədər qonşudakı dərviş nağılına qulaq asıb evə döndü. Qurban sabaha sağ çıxmayacağını yəqin edib onları yanına çağırdı:
– Vəsiyyətim var!
– Nə vəsiyyətin var, ata? – deyə oğlunun üçü də birdən soruşdu.
– Vəsiyyətim budur ki, ömrünüzdə dilənçi olmayın, özgəyə əl açmayın!
– Qoyduğun bu var-dövlətləmi? – deyə Şahməmməd mızıldandı, – bir ala öküz, bir də yabı?..
Qulağı böyük oğlunun sözünü alan Qurban:
– Mən sizə başqa var qoymuşam, – deyə gözlərini dörddirəkli damın hisli bacasına doğru çevirdi: – Qurtarmayan… tükənməyən… var qoymuşam…
– Bəs hanı o var, ata?
– Haradadır o qurtarmayan var, ata?
– Mən körpənə nə qoymusan, ata?
– Sən körpəmə, – deyə Qurban əlini qaldırıb kiçik oğlunun aşağı əyilmiş başında gəzdirdi, – çoxlu var qoymuşam…
– Dinməyin, qoy kişi vəsiyyətini eləsin, – deyə Şahməmməd sərtləşdi.
Qurban ömründə oğlanlarının bircə dəfə də yeyin danışdığını görməmişdi. Onun dodaqları qaçdı, istehzalı gülüşü göründü. Uşaqlar bir-birini didişdirə-didişdirə təkidlə soruşdular:
– Ata, haradadır o var?
– Ata, o var kimindir? – deyə bir-birinə macal vermədən acgözlüklə xəbər aldılar.
– Ata, vəsiyyətini elə!
Oğlunun üçü də quzu kimi mələdi. Qurban birtəhər əlini qaldırdı.
– Çala yerdə… – elə bil o danışmır, ömrünün tükənməz məşəqqətlərindən, min bir əzab-əziyyətindən şikayətlənirdi, – çala… yerdə…
– Çala yerdə nə, ata? – deyə oğlunun üçü də can çəkişdirən kişini sıxcaladılar.
– Çala yerdə… Bir… küp… qızıl…
Qardaşların hərəsi bir cür mızıldandı:
– O boyda çala yerin harasında?
– Çala yerin ortasında, qırağında?
– Bəlkə, ağ qayanın dibində?
Qurbandan səs-səmir gəlmədi. Susdu, özü də əbədi susdu…
Kəsmək bilməyən qar meşəli dağları basdı, çovğun gücləndi, hər yandan silinib-süpürülən qar Qurbanın çala yerinə doldu.
On gündən sonra çala yerdə qardan ağ bir dağ ucaldı. Üstündən bir qədər keçdi, bir gün isti yel əsdi, qarı əritdi, şaxta düşüb suyu dondurdu. İndi də çala yerdən göy bir dağ əmələ gəldi. Qardaşlar çala yerə yaxın düşə bilmədilər, aclıq onları əldən saldı.
– Əlac sənə qalıb, Şahməmməd, – deyə ortancıl qardaşla kiçik qardaş böyük qardaşa üz tutdu, – atamız yerindəsən!
Böyük qardaş gərdənini dartıb dodaqlarını büzdü. Qardaşlar çəpləşdilər, dava-şava gücləndi. Atadan qalanları bölüşdürməyə başladılar.
– Öküz mənim, – deyə Şahməmməd soyuq səslə dilləndi, – yabı da ikinizin!
Qurbanın evində görünməyən bir narazılıq əmələ gəldi.
Nə ortancıl, nə də kiçik qardaş yabıya yiyə durmadı. Axırda yabını da, öküzü də bir-bir satıb yedilər.
Qardaşın üçü də ata mülkünün üstündə əlbəyaxa oldu, səs-küyə kəndin ağsaqqalı gəldi, qardaşları barışdıra bilmədi, qonşular toplaşdı, qardaşların ağzını bir yerə yığa bilmədilər.
Aclıq oğlanların üstünə qılınc çəkdi. Qardaşlar indi dil tapdılar. Əvvəlcə damın eyvanının ağac-uğacını satıb yedilər, sonra pəyənin pərdilərini una verib uddular.
“Göy dağ” əriməyə başlayan kimi qardaşın biri o birisinə macal vermədən, ala-qaranlıqda özünü çala yerə yetirdi. Onlar obanın cütü qoşulana qədər çala yeri qazmağa başladılar, hey o üz-bu üzə çevirdilər.
Beləliklə, çala yerin torpağı on dəfə o tərəf-bu tərəfə ələndi, nə küp tapıldı, nə də tək bircə dənə qızıl! Ancaq üç qardaşın üçünün də əli üç dəfə suluqladı, sonra dəmir kimi bərkidi. Onların fikri yüz yeri gəzib dolandı. “Bəlkə, küpü çıxarıb, qızılı aparıblar? Bəlkə, kişi qızdırma içində sayıqlayırmış?”
– Necə olsun, Şahməmməd? – deyə ortancıl qardaşla kiçik qardaş yenə də böyük qardaşı yaxaladılar.
Şahməmməd başını aşağı salıb fikrə getdi.
– Əlac atamızın mülkündən qalan mərəyi dəyər-dəyməzinə satmaqdır, – deyib barmağı ilə çovustanı göstərdi, – daha havalar da qızır!
– Hava qızsa da, – deyə kiçik qardaş əl-ayağa düşdü, – bəs başımızı harada saxlayaq? Bizə bir daldanacaq lazımdır, ya yox?
– Başlı başını saxlasın, – deyə Şahməmməd qeyzlə cavab verdi.
– Daha mən sizin üçün ömrümü çürüdə bilmərəm. Hərə öz gününə ağlasın. Yoxsa dədəniz bilmirdi ki, qoyduğu var-dövlətlə siz necə olacaqsınız? Çala yerin qızıl küpü! – Şahməmməd əlini-əlinə vurub acı-acı güldü.
Uzun deyişmədən, bir-birinə ağır sözlər deyəndən sonra onlar mərəyi də satıb beş manat aldılar:
– Demək, bölüşürük.
Ortancıl dillənincə kiçik qardaş yerindən sıçradı:
– Toxuma verək, qardaşlar, toxuma. Səpək çala yerə! Yoxsa Qurbanın uşağını dilənçi eləmək istəyirsiniz? Yazıq atam ömründə nə qədər əzab çəksə də, bir adama baş əymədi!..
Kiçik qardaşın sözlərindən sonra böyük də, ortancıl da başını aşağı dikdi. Kiçik qardaş aradakı beş manatı çalıb götürdü, beş pud buğda aldı. Onlar toxumu aparıb çala yerə səpdilər. Bütün kənd heyran qaldı, kəndin çiyni çuxalı ağsaqqalı öz demisini sümürüb “hımm” elədi: “Yönlü oğul neylər ata malını, yönsüz oğul neylər ata malını?!”
Hamının əkdiyi toxumdan qabaq üç qardaşın toxumu cücərib torpaqdan çıxdı. Hamının yerindən qabaq üç qardaşın çala yeri göy gölə döndü. Çala yerdə buğda buğum-buğum olub sünbül açdı, dəniz kimi dalğalandı. Vaxt gəldi, vədə yetişdi, günəşin altında çala yer boya-boy, enə-en par-par parıldadı, qardaşların gözündə sarı sünbüllü torpaq bitməz-tükənməz qızıla döndü.