Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru
Özün tapa bilərsən bəxt adlı şirin payı, Zəhmətin külüng çalsa, sal daşın sərt üstünə. Həsrətlər bitən yerdə duyğular dilə gələr, Könüllər gül bitirər ovqatın pərt üstünə. Durnalar qayıdanda salama lələk salar, Saralan yarpaqları budaqdan külək salar. Can qürbətdə can versə, niyyəti dilək salar Ruhu uçub gətirər, son anda yurd üstünə. Qönçələnən güllərdi sənətkarın tər sözü, Gözlərinlə oxşa, öp, şeh üstündə dər sözü. Misraları qan süzər, od ələyər hər sözü, Şair yazsa sözünü qəzəbin dərd üstünə. Həsrətində ütülüb, arzusunda bitməyən, Ocaq olar içində dodaqlarda ötməyən; Yeri əli tutmayan, göyə ünü yetməyən, Ümidini götürüb üz tutar mərd üstünə. Savaş açdı ruhumuz, çıxdı can qorxusundan, Yatağanı dil çaldı türkün qan qoxusundan. Qalxdı qaraçuxamız illərin yuxusundan; Axır ki, taleyimiz uladı qurd üstünə. Bu dünyanın üzündə xeyirlər var, şərlər var… Qaranlığı, işığı dolandıran pərlər var. Talelər oyununda qoşalanmış zərlər var, Hərənin öz məramı atılar nərd üstünə. Zirvədə məkan tutub Xələfli heyrət gəzər, Cılızlar yetə bilməz, qalxmağa qeyrət gəzər; Qarğa-quzğun cəm olub didməyə fürsət gəzər, Qorxusu yox qartalın, gəlsələr fərd üstünə. 07.09.2010
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Xətrin əziz olsun, anam Güldərən Vəli… I Yenicə boy atan qoz ağacı ətrafındakı vələslərdən, palıdlardan fərqləndiyini hiss etdikcə qəribə bir utanc hissi keçirirdi. Niyəsini bilmirdi, amma bu “niyə” hər nəydisə, gövdəsinə çökür, köklərini göynədir, budaqlarını bir-birinə çataraq özünü gizləməyinə səbəb olurdu. Qoca palıdın ona zənlə baxıb başını yelləməsi, kol armudunun bütün meyvələrini üzü ona tərəf yox, üstündə qayaqırtmel (qaya kərtənkələsi) sıçrayan qayaya baxaraq tökməsi, qayanın xınalı çıxıntılarında gizlənpaç oynayan günəş şüalarının bir dəfə də olsun, gövdəsini yada salmamaları qoz ağacının qəlbinə dəyirdi. Hələ o günü dərənin dibindən burula-burula axan çaydan bir balıq keçmişdi; yolüstü başını yuxarı qaldırıb köklərini suya göndərən ağaclara baxmış, nəzərləri qoz ağacına ilişəndə dodaqlarını büzmüş, anlaşılmaz bir sirr, uyuşmaz bir naxış görmüş kimi yönünü çevirib tələsik uzaqlaşmışdı. Qoz ağacı yenə budaqlarını özünə qarmaqlıq etmiş, ətrafındakı dünyaya necə yad olduğunu daha dərindən anlamışdı… *** Gənc qız öz cehizlik xalçasını da büküb üstünə qırmızı lent bağladıqdan sonra çax-çaxın qabağında yerini rahatlayıb qaxlıq yay alması kəsən anasının üstünə qaçdı: – Ana! Ana! Nənəm toxuyan may xalçasını da əlimlə qəşəng çırpdım, saçaqlarını daradım, büküb qırmızıladım. – Yaxşı elədin, başına dönüm, day niyə qaranəfəs olursan ki?! – anası sağ əliylə ləyəndəki alma dilimlərini silkələdi, sol əliylə də qarşısına sərdiyi açıq xaşalın üstündən bir xışma özək götürüb çax-çaxın o üzündəki çəpişə atdı. Çəpiş narahat-narahat özəklərə yaxınlaşdı, bir-ikisini ağzına alıb yenə çax-çaxın dibinə getdi, ürkə-ürkə ətrafa baxdı. Qızın bir gözü çəpişdə, bir gözü anasında qalmışdı. – Nə iş buyurum deyəmi gəldin elə ütələk? Qız anasının səsinə qəfil diksinən kimi oldu: – Yoox… Hə… Nə bilim, yadımdan çıxdı nə deyəsiydim ey… – Bıy, başıma xeyir, qız! Yadından çıxıb. Qayın danlağı eşitdin, yoxsa baldız dinazı gördün, yadın qurudu, a qaram? Hələ yüyrükdə ninni gözləyənindən danışmıram ha… Anasının sözündəki kövrək şuxluq qızın da üzünə təbəssüm yaydı. Əliylə çəkisindən çıxan cığasını geri itələdi, köynəyinin yaxasındakı butanı sığallaya-sığallaya dedi: – Çəpişə yazığım gəldi, ana. Hardan bilsin ki, gecə kəsiləcək, sabah ertə də Usta İbrahimin qapısına pay olacaq… – Onunmu dərdin çəkirsən? – anası qəhqəhə çəkdi. – Bə neyniyim, ana?! O da candı da… Anası gülməkdən yaşaran gözlərini bıçaq tutduğu əlinin arxasıyla silib dərindən köks ötürdü: – Hər can bir canın ruzisidi, deyərdi nənəm. Əsas can da torpaqdadı. Torpaq ota-ələfə can verir, ot-ələf qaçana-uçana, onlar da bizim kimi yeriyib-yüyürənə, biz də qayıdıb canımızı torpağa qoyuruq. Belə olur, qadan alım… Dərd eləmə belə şeyi sən. Qız iki əliylə yanaqlarını tutub canıyananlıqla çəpişə baxa-baxa qalmışdı. Anası əlindəki işi dayandırıb sağ əlinin baş barmağıyla bıçağın kəsərini yoxladı, başını qaldırmadan: – Bax, ay mənim qara qızım, olub-bitənin hər ucunda bir dərd tapsan, gərək yaşamayasan. Bir də ki, bu çəpişciyəz sevinsin hələ, Həbiblə Arifin araq qonaqlığına pay olmur ha, bir nişanlı qızın cehiz sandığına pay olur. Bundan ayrı nə umacağı olardı bu dünyadan?! Zakir kişinin göy təkəsinin törəmələrinə nisbətdə, onsuz da bir sürüyə təkə olammayacaq. Dişi də döy ki, döl tutaq, ya pendirini dələmələyək. Umacağından artığına yazılıb yazqısı… – Boy, ana… Yönünü torpağa çevir, yaylığının saçağını düyünlə. Heyvanın yazqısımı olur?! – Olur, başına dönüm… Nətəhər ki, cümlə aləm o göydəki Ulunun nəfəsindən can alıb, deməli, hamısının da öz yazqısı var… – anası bunu deyib yenidən ürəklə işə girişdi. – Başımı çox qatma, axşama qaxı kəsim bitirim, mənsil damında yer düzəldim, sərim, üstünü də cunalayım. Yoxsa axşam Usum gələnə umaclı aşı yetirəmmərik, ayıbdı, qapıdan çörəksiz qayıtmasın. – Mən gözümü açandan Usum odun kəsib satır, hələ heç kimin qapısında çörəyə qaldığını görməmişəm, ana. Mütləq döy ki, bizdə umaclı aş yesin. Dədəm pulunu verib yolağızdan geri göndərər. Anası işini dayandırıb başını qaldırdı, zənlə qızını ayaqdan-başa süzdü. Qız anasının düyünlənən qaşından, bir-birinə bərk-bərk sıxılmış dodaqlarından anladı ki, nəyisə düz demədi. Sözünü çevirdi: – Yəni çatdırmasaq… Gedim mən umacı qovurum, düyünü də isladım… – Anasından cavab gözləmədən yay damına yönəldi… *** Qoz ağacı bu gün də yuxudan kəm oyanmışdı; ayda bir neçə dəfə uzaqdan gələn taqqıltı səsi onu beləcə, ala-toranlıqdan yuxudan oyadırdı. Hər dəfə belə səs gələndə qoca palıdın gövdəsindəki qırışlar dərinləşir, vələslərin canına xəfif bir titrətmə düşürdü. Təkcə o kəm qaldığı yuxunun həsrətindən başqa bir şey hiss etmirdi; nə qorxur, nə də kədərlənirdi. Bir neçə həftə qabaq – yazın ilk günlərində qoca palıd insandan danışanda da heç həyəcanlanmamışdı, əksinə, sanki nəsə tanış bir təması hələ unutmamış kimi köklərinin ən incə qıvırcıqlarında şirin bir sızıltı oyanmışdı. Bunun səbəbini anlamağa çalışmış, tapmayınca da fikirli-fikirli suyun axışına dalmışdı. Bir də qulağı öz adını çalanda diksinmiş, tezcə də özünü o yerə qoymayıb diqqətlə vələslərin kədərli nəğməsini dinşəmişdi. Vələslər oxuyurdular: …Onda qoca odunçu Ciblərini çevirdi… Baxdı, ləpə qalmayıb, Təəssüflə ufladı… Bir nağıllı gündə də Palıdın balasını Doğradı qoca zalım… Yorulanda dayandı… Axan suda yıxandı… Torpağı da çevirdi Və öz kəndinə getdi… Yenə bir səhər ertə Əlində qoz tingiylə Gəldi qoca odunçu… Bir qoz əkdi palıdın Körpəsinin yerində… Palıd göz yaşlarını Gizləyəndə dərində Üstündə qoz göyərdi… …Və bu qərib qozu da Qoca insan unutdu… Yaman da tez unutdu… Qoz ağacı nəğmənin sözlərindəki qəmi də düz-əməlli tanıyammadı, əslində, həmişə ona yad nəzərlərlə baxan vələslərin sözlərinə də heç inanmadı; ta ki qoca palıd asta-asta dillənənədək: – Sənin canın insan xofuna adət edib, ona görə eyninə gəlmir. Bizimsə canımız o taqqıltıdan vəlvələyə düşür. İnsan bizim yanımızdan keçsə də, əlini bizə sürtməyib, budağımızı budamayıb, dibimizə su tökməyib. Gözümüz insan əlində qalmayıb. Yüz dəfə istəmişəm budağımın çətirini başın üstdə açım, yarpağının bircəciyi də gün işığı görüb göyərməsin. Di gəl, nakam balam gəlib durur gözümün önündə. Öz-özümə demişəm ki, bu da qarabaxtdı da, bu da anasından ayrı düşmüş baladı. Odununu doğrayıb yükünü tutandan sonra bir ovuc ləpə yesin deyə, zalım odunçu səni də anandan ayırıb, gətirib qürbətə əkib. İndi də insan bu meşənin o başından başlayıb bizim nəslimizi kəsə-kəsə gəlir. Mən ta qocalmışam, bu il kəsməsələr, gələn ilə çətin qalam, quruyub gedəcəyəm. Bircə balamı da odunçu balta ilə doğrayandan sonra cücərəmmədim ta… Dərddənmi, yoxsa balamı məndən ayıran o soyuq baltadan üşəndiyimdənmi cücərəmmədim, bilmədim… Hər gün budaqlarımın quruyan uclarını üzü göyə çevirib dua edirəm ki, kökün-nəslin götürməsin buraları. Yoxsa o insan tamahı sənin törəmələrinə yer açmaq üçün bütün burdakı ağacların nəslini kəsəcək… O gündən bu yana qoz ağacı ətrafındakı hər şeyə daha laqeyd olmuşdu: yayın bu gözəl günündə çay boyunca açan çiçəklər də, aradabir yağan çobanaldadan yağış da, yağışdan sonra buludları o tərəf-bu tərəfə dağıdıb belinə əlvan qurşaq bağlayan göy üzü də daha ona əvvəlki illərdəki sevincdən, yaşamağın gözəlliyindən danışmırdı. Heç budaqlarında adda-budda gözə dəyən yaşıl yumrular da onun eyninə gəlmirdi… Səhərlər quşların səsinə oyanır, axşamacan gözünü qıyıb suda əks olunan günəş şüalarının asta-asta sürüşməsinə baxır, arada gözünü yumub mürgü döyür, səbəbsizcə darıxırdı. Hərdən də ürəyində ya qoca odunçuya, ya da amansız baxışlarını ona zilləyib başını yelləyən palıda qarğayırdı. Gah bu qarğışından utanır, gah da özünə haqq qazandırırdı ki, odunçu onu qürbətə gətirib, palıd da ona qürbəti anladıb… Amma uzun mürgüləmənin sonunda yenə qərara gələmmirdi ki, hansının günahı daha çoxdu: odunçunun, ya palıdın? …Bugünkü taqqıltı bir az yaxındaydı, elə bil getdikcə də yaxınlaşırdı. Bir azdan yaxınlıqdakı açıqlıqda qımıldayan qaraltılar gözə dəyəndə qoca palıdın qırışları daha da dərinləşdi, vələslər pıçıltılarına çoxluca “ah” qatdılar, meşə fıstığı isə budaqlarını bir-birinə sürtüb asta-asta hələ tam yetişməmiş meyvələrini səpələməyə başladı. Qoca palıd səksəkə ilə qımıldayanlara baxıb dedi: – Fıstıq, eləmə… Nübarını göy tökmə, günahdı. Meşə fıstığı astaca pıçıldadı: – Bəs neyniyim, nənə palıd?! Bir budağın payını göy tökürəm ki, başları aşağılarda qarışsın bu nəfsinə yeniklərin. Başlarını yuxarı qaldırsalar, bütün budaqlarımı çırpacaqlar, barmaqlarımı qırıq-qırıq etməkləri o yana dursun, bir düymə də qoymayacaqlar yaxamda. Axırda da bir-ikisini dişləriylə açıb, kal olduğunu görüb, ayaqlaya-ayaqlaya çıxıb gedəcəklər. Bəri başdan özüm töküm bir ovuc, bu biri budaqlara dəyməsinlər barı… Qoz ağacı bu söhbəti eşidəndə, sadəcə, gülümsədi. Və yalnız indi, məhz bu gülümsəmədə kədəri hiss elədi… Ürəyinin ən dərinində budaqlarındakı tək-tük meyvələri üçün qorxdu, onları necə qoruya bilər deyə, düşündü. Tezcə də palıdın ogünkü sözlərini xatırladı: “Hər gün budaqlarımın quruyan uclarını üzü göyə çevirib dua edirəm ki, kökün-nəslin götürməsin buraları. Yoxsa o insan tamahı sənin törəmələrinə yer açmaq üçün bütün burdakı ağacların nəslini kəsəcək…” Ən uzaqdakı kök qıvırcıqlarından tutmuş, ən hündürdəki budağının ucundakı yarpaq puçuruna qədər qəribə bir gizilti keçdi canından: o da dua etmək istədi. Amma palıd kimi bəd dua yox, xoş dua etməyə çalışdı; budaqlarını gücü yetdikcə üzü göyə uzadıb duasına başladı… …Baltasını çiyninə atıb əliylə gənc ağacların gövdəsini yoxlaya-yoxlaya irəliləyən Usumun qulaqları uzaqdan tanış xışıltı çaldı. Üzünü odun yoldaşına – Gümana tutub dedi: – Deyəsən, Afiqin qızının sandıqlığını tapdım. Buralarda qoz ağacı var. – Burda? “Ölüm dərəsi”ndə?! – Güman gözlərini bərəldərək Usuma baxıb dişlərini ağartdı. – Deyirdilər, Usum hər daşın, hər kolun dilini bilir, ta bu qədər də olmaz! Yeri bir fıstıq kəs, apar ver Afiqə, pulunu al. Qoz ağacı varıymış, Usumnan danışırmış… Ha-ha… Güman əlini gözünün üstünə günlük eliyib uğunmuşdu, Usumsa onun gəvəzələyini eyninə almayıb xışıltıya diqqət kəsilmişdi. Elə bil bu xışıltının içində ürəyindən keçəni duyurdu: “Nola, günün, ayın xoş vaxtına düşə… Barımın bəhrəsini dadmamış bir odunçu gələ, kəsib məni apara… Bir uşağa beşik, bir cehizdə sandıq olam… Buralarda qarğış yiyəsi olunca oralarda alqış yiyəsi olam… Nola… Bir odunçu gələ…” *** Usta İbrahim həyətindəki iri daşın üstünə pitik döşəkçə atıb oturmuşdu. Rəndəsini, bıçkısını, yeyəsini– bütün hacatlarını yanına düzüb mat-mat həyətin ortasına yığılmış odunlara baxırdı. Afiq demişdi ki, qoz ağacıdı, Usum “Ölüm dərəsi”ndən gətirib. Əvvəl-əvvəl bunu da Usumun söyləntilərindən biri sanıb başını “hə” deyərcəsinə yelləmiş, sonra da Afiqə qızının xeyir işi üçün gözaydınlığı vermiş, toyacan sandığı hazır edəcəyini vəd etmişdi. İndi isə metr yarım uzununda səliqə ilə kəsilmiş odunlara baxır, gözünü ağacdan çəkəmmirdi. Yaşı altmışa çatırdı bu payız, düzəltdiyi taxçaların, sandıqların, rəndələrin, ələk-xəlbirlərin, şadaraların sayını unutmuşdu. Cavanlıqda düzəldəcəyi əşya üçün ağacı da özü axtarar, seçər, özü kəsib gətirərdi. Yaşlandıqca hiss elədi ki, daha nəfəsi çatmır meşələri tala-tala gəzməyə. Adını tutub çəpərinə söykənənlərdən ağacı da özləri ilə gətirmələrini xahiş etdi. Onun bu xahişi ən çox kəndin odunçularının işinə yaradı; hamı onlara üz tutdu: – A Məsim, bir beşiklik ağac da tap, borcundan çıxaram. – A Kərim, başına dönüm, gör bir qalotluq nə tapırsan?! – Zakir kişi, hey, adə, bir hay ver! Sabah “Satılmışın meşəsi”nə gedəsisənmiş, bir gözünü hərlə, yaxşı, möhkəm fıstıq ağacı görsən, mənə çatdır. Savaba batarsan, qızın cehizi sandıqdan kəm qalıb. Bir də, Usta İbrahim dedi, cavan ağac olsa, daha yaxşı olar… Adını tutub üstünə gələnə “hə” demək bu kəndin sakinlərinin ən gözəl adətiydi… Bu “hə”ni yarıtmamaqsa dillərinə yox, bellərinə daha bağlı olmaqlarından xəbər verirdi: heç kim belinə başqasının yükünü götürmək istəmirdi. Elə buna görə də odunçu Usumun Usta İbrahimə lazım olan ağacı tapıb gətirməsi, qarşılığında da, həmişəki kimi, metr hesabı yox, elə xətir hesabı pul almağı kəndin yazılmamış qanunları sırasına yaman tez yazıldı… İş yiyəsindən çox, Usta İbrahim Usumdan razılıq eləyirdi, toyda-yasda deyirdi: – Sağ olsun, elə bil əliylə qoymuş kimi tapır lazım olan ağacı. Əlinə ölçü versən, belə dəqiq kəsməz ha! Baxışı hesabdı, əlinicə vurur, ağacla danışır elə bil… …İndi də Usum ona lazım olan ağacı gətirmişdi; cavan, düyünsüz, möhkəm qoz ağacı… Usta bu kənddəki, hələ kəndin qırağındakı – məktəbin bağındakı qoz ağaclarını da bircə-bircə tanıyırdı. Bilirdi ki, hansından taxt, hansından taxça, hansından beşik olar. Amma bu ağacı heç tanımırdı; bu qədər gözəl, həm də bu qədər yabanı bir qoz ağacı ha?! Həm, Afiqin dediyinə görə, Usum oralarda ikinci qoz ağacı görməmişdi, bircə buyuymuş, bunu da kəsib gətirib. Baxa-baxa qalmışdı Usta İbrahim… Əlləri işə tələsir, ürəyi işini yarıtmağa hövllənir, gözləri yabanı gözəllikdən doymadığını deyirdi. Üç yol ayrıcında dayanan Ustanın əlacı olsa, dördüncü yolu çəkərdi; ağacı söylədər, o meşəyə Usumdan neçə il qabaq kimin ayağı dəydiyini, onu o qürbətə kimin apardığını öyrənərdi. Bunu elə arzulayırdı, elə arzulayırdı, Şəyird Əhmədin yarımağıl oğlunun tutması tutub yayın ortasında qar arzulaması bunun yanında heç nəyiydi… O günü əlini ağaca vurub işə başlayammadı Usta İbrahim. Axşamı da fikirli-fikirli yola saldı, qarşısında heyrətə düşdüyü bir şey gördüyündən əmin idi, amma bilmədi ki, bu heyrətamiz olan nə idi? Hansı sehr, hansı açılmaz qapı, hansı hörüktutmaz saç idi? Anşırdammadı… Gecə başını mütəkkəsinə söykəyib yatanda da ağacı düşündü, qəfil getdiyi yuxudan bayquş səsinə diksinib oyananda da ağac ağlındaydı. Yerinin içində oturub bayquşun ulartısını saydı; sonunda tək gəldi. Durub əl-üzünə su vurmaq üçün eşiyə çıxanda dan ağarırdı. Odunlar həyətin ortasındakı ala-qaranlıqda gümüşü rəngdə görünürdü. Usta bir odunlara, bir axşamdan eşikdə qalıb nəm çəkmiş pitik döşəkçəsinə, bir də hacatlarını yığıb rahladığı ayın-oyun damının qaralan təkgöz pəncərəsinə göz gəzdirdikdən sonra dərindən köks ötürdü. Yaxınlaşıb dizini odunların yanında yerə qoydu, əlləriylə odunları sığallamağa başladı. Hər sığalda ovuclarının içində incə bir doğmalıq duydu; sanki ağac bilirdi ki, bu qapıya sandıq olmağa – ömrünü bir insan övladının ömrünə qatmağa gəlib… *** Afiqin qapısında yüklənən cehiz maşını üzü Gəncəyə yola düşürdü. Üç gün– üç gecə çalınan qız toyu dünən başa çatmışdı, axşamdan oğlan evinin yarısı yol başlamış, gəlindən qabaq çatıb darvazanı açıq qoymağa tələsmişdi. Yarısı da bu gün gəlini aparacaq, cehiz maşınlarına yol göstərəcəkdi. Qız evi isə sabah yola çıxıb birisigün başlayacaq oğlan toyuna çatacaqdı. Kənardan baxana elə gələrdi ki, bu qarışıqlıqda heç nə yerini tapmaz, ala şala qarışar, yaşıl qırmızını yeyər. Əslində isə, kainatın özü kimi kələfi dolaşıq görünən kənd toylarının nizamının sirri hər kəsin öz işini bilməsi, bu işi görmək üçün başqasından buyruq gözləməməsiydi. Bütün toyların kalapırını Anbardar Vəli, dolmasını Leyli arvad, dovğasını Çəmən, kompotunu da Sənəm bişirərdi. Mağarı bu il əsgərliyə gedəcək olan oğlanlar qurar, masaları gənc qızlar bəzəyər, gəlin-bəy guşəsini nişanlılar nizamlayardılar. Bütün qızların, qadınların yaxasında Güldərənin tikdiyi önlüklər, ocağın qırağındakıların əlində naxışladığı, hövələdiyi qazantutan olardı… …Hələ məktəbliydi Güldərən, amma kənddə az adam tapılardı ki, Xatın arvad demiş, “cırığını Güldərən yamamasın”. Elə Xatının özü hər həftə gah özünün, gah ərinin, gah da bircə qızının pal-paltarını qoltuğuna vurub Güldərəngilin qapısını kəsdirirdi: – Başına dönərəm, a Güldərən, anana deynən, sənin əvəzinə bir ətək yun didərəm mən, kişiciyəzin gödəkçəsinin astarı dartılıb cırılıb, bir onu bərkit… Yaxud: – Bax, kişiciyəzə demişəm, bu dəfə meşədən səninçün əzgilin qəşəngindən yığıb gətirəcək… Qız dünən məktəbdən ağlaya-ağlaya gəlib ki, donumun kövəsi sökülüb, uşaqlar gülüb… Dərdin dağdakı dağdağana, gör neynirsən… Payıza toy niyyətləyən yazdan Güldərəngilə baş çəkər, önlük, qazantutan, süfrə üçün hansı parçadan alınacağını bəri başdan ona gənəşərdi. Hələ hazır alınmayan cehizliklərin əskik qalanları, toy üçün, vay üçün geyiniləcək bayırlıqların tikilməsi üçün də Güldərənin qara maşınının yanını kəsdirənlər olurdu… Bütün bunlar bir neçə ilin içində baş vermişdi; indi kimdən soruşsan ki, ilk dəfə kimin toyunda Güldərən önlük tikib, yaxud ən birinci kimə tikdiyi qazantutanlardan, kisələrdən pay verib, heç kim xatırlamazdı. Güldərənin qara maşını insanların həyatlarına elə daxil olmuşdu ki, sanki hamı onun tıqqıltısına oyanmışdı bir səhər… Sadəcə, o səhəri Tanrının hansı xoş vədəsində günlərinə calamışdılar, bilmirdilər… Toylarda mağarın başından – gəlin-bəy guşəsindən asılan, üstünə pambıqla “XOŞ GƏLMİŞSİNİZ” yazılan yerliyi saya qırmızı olan ən iri gəvə də Güldərəngildəydi… Əvvəllər üstündən birbaşa mismar çalınan gəvəyə Güldərən indi qəşəng ilgəklər tikmişdi, toya gəvə yığanlara da bərk-bərk tapşırardı ki, ilgəklərin sayına uyğun mismar vurub, gəvəni ilgəklərindən assın… Son vaxtlar bu xatırlatmasına gərək qalmırdı; artıq hamı yerliyi saya qırmızı gəvənin ilgəkləri arasındakı ölçünü də əzbərləmişdi… …Bütün bu nizamın, yerli-yerində olan hər şeyin bir də ucalan səsi vardı; üzüyuxarı Kamandar çayına çatırdı bu səs, üzüaşağı Tatara gedən yolun başına… O qarışıq səslərin içində bu gün hamının dilində həmin gün toyu çalınan gənclərlə bağlı yarınisgil, yarıgülüş dolu xatirələr burum-burum burulardı. Afiqin qızının toyundakı yeganə əskiklik kənd adamlarının yaddaşında bəylə bağlı heç bir xatirə olmamasıydı; oğlan evindən heç kimi tanımayan həmkəndlilərin gücü elə qızın uşaqlığından, qoçaqlığından danışmağa çatırdı: – Ay qız, yadındamı, məktəbə gedəndə anası saç tapmamışdı başında hörə, ucunu bağlaya? – Hələ onu deyirsən, Zemfiranın qızının toyunda ortaya çəkdim ki, gəl oyna, utandığından ağladı. Bir başqası ocağın yanından səs verirdi: – Seyfinin oğlunun toyundan geri qayıdan qara qazanım varıydı, apardım bulağa, sürt ki sürtəsən, açılmadı hisi. Bir də gördüm, yığvalı ağarmış, budu, gəlir. Elə bircə “yorulmuyasan” dedi, çəkdi qazanı aldı əlimdən, nətəhər elədi, neynədi, ikicə dəfə əl çəkdi, qazan oldu ağappaq. Çörək doğrayanların içindən biri dillənirdi: – O təhəri qızı da verdilər qürbət elə, elə bil kənddə oğlan yoxuydu… Sözün bu yerində Leyli arvadın səsi qılınc kimi havanın bağrını yarırdı: – Kirişin bir hovur! Günü-baxtı ağ olsun, ayağı sayalı, əli xınalı olsun! Sandığının qapısı açılmaqdan yağdan düşsün, barxanasının mitili çıxsın, təzə paltarı cırılsın, təzə donluğu qat kəsməsin! Bəxt yazan özü ömrünü qırmızılasın! Amin! Hamı əlini işdən çəkib bir ağızdan: “Amin!” deyirdi… Bir neçə dəqiqə səssizlik çökür, sonra kimsə yenə başlayırdı: – Yadında qalar sənin, ay Şükufə, İmanın toyunda necə səliqəylə doğramışdı dovğanın göyünü yarımış… …Belə başlamış, belə sona çatmışdı Afiqin qızının toyu. Bir iri yük maşınında cehiz gedirdi, bir balaca maşında da cehiz boşaldanlar. Yük maşınına sığışmayan bəzəkli, naxışlı, içi dolu cehiz sandığı balaca maşının üstünə keçi qılından hörülmüş nehrə çatılarıyla bərk-bərk bağlanmışdı. Maşınlar siqnal verə-verə döngəni dönüb arxalarınca anlıq xatirələr kimi tozanaq qoyanda yenə səs-küy başladı: – Gördünmü, nə yaxşı sandığıydı?! – Bə nə! Usta İbrahimin əlləri qızıldı, gələn ilə mən də birini qıza düzəltdirəcəyəm. – Bə deyirdilər, kişinin nəfəsi təngiyir, nətəhər düzəltdi bu dar zamanda bu yekəlikdə sandığı? Hələ bəzək-düzəyini demirəm… – Qulağını çək, cırığına-cındırına gül, ay qız, iraq olsun, nolub ki Usta İbrahimə? Qoca kişidi, arada nəfəsi tıncıxır, açılır. Kəndin tutan əlidi, heç nə olmasın denən. – Bıy aaa… Demədim ki, nəsə olsun. Mən deməknəndi?! Hələ mənim də gözüm onun əlindədi, uşaq əsgərlikdən gələnə bir iri taxt düzəltdirəm gərək. Kasıb Allahverdinin qızını istəyir, ondan cehiz umammaram mən… Sözü həmişə kişi-qadın, qoca-cavan gözləmədən “şıpp” deyə üzə dediyinə görə “Arsız” ləqəbi almış Narıngül arvad maşınların arxasınca atdığı bir ovuc buğdaya uçuşan sərçələrə baxa-baxa dedi: – Anası, nənəsi o sandığı yaman doldurdu, başı ucadı qızın. Onu-bunu bilmirəm, mənim gözümdə ən urvatdı cehiz elə o sandıqdı. Özü də yaxından baxdım, üstünə zümrüd quşunun qızıl qanadlarını çəkmişdi Usta İbrahim. II Gəncə çayının sol sahilindəki dar dölmələrə aparan xırlı küçəyə ayaq basmazdan qabaq gərək biləsən ki, hansı qapı kimindi. Yoxsa ayaqların kimi fikirlərin də dolaşar, dölməyə girdiyini yadına salsan da, haçan dolanıb çıxdığını xatırlayammazsan. Əgər yolu oraya düşən bir nabələd adam varsa, mütləq Əttarlar küçəsindəki balıq mağazasının qabağında dayanmalı, başını açıq qapıdan irəli uzadıb Mikayıl kişiyə: “Bazar olsun!” – deməlidi. Səbirlə Mikayıl kişinin handan-hana boğazını arıtlayıb: – Kimi axtarırsan? – sualını verməsini gözləməlidi. Əttarlardan üzü çaya yemlik yarpağı kimi həzincə burulan dölmələrdə kimə hansı qapı lazımdı, üstəlik, o qapını saat neçədə döymək daha urvatlı olar, Mikayıl kişi bunları hamıdan yaxşı bilirdi. Sakinlərin “Adam körpüsü” dediyi “Dəmir körpü”dən basalağa girənlərin isə körpünün böyründə stəkanla günəbaxan tumu, türk fıstığı satan Haqqı arvadın yanında ayaq saxlamaları bəs edirdi; bu tərəfin səmt ağacı da o idi… Təkcə Güldərən nə Mikayıl kişinin balıq mağazasının, nə də Haqqı arvadın vedrəsinin yanında ayaq saxlamırdı; başını aşağı salıb fikirli-fikirli Əttarlardan girib körpüdən o yana çıxır, yeni tapdığı işinə tələsirdi. Yol boyu beynində hələ almadığı maaşı qəpiyinəcən ölçüb-biçir, dörd balasının əyər-əskiyinə yarım-yamalaq da olsa, çatdırammırdı. Özü demiş, “yüyürə-yüyürə” ürəyini Yaradanına açıb-tökür, hər ay sonunda yarısı kreditə çıxılan təqaüdünü alanda iki dəfə şükür edirdi: biri üzü göyə, biri də üzü bankomata… Axşam geri qayıdanda isə hava artıq toranlaşır, dölmədə oynayan uşaqlar evlərə çəkilir, yarıaçıq pəncərələrdən eşiyə bir-birinə qarışmış yemək ətriylə bərabər, televizorların səsləri axırdı. Küçə işıqları olmayan dölmələrdən pəncərələrdən süzülən əlçim-əlçim işıqların havasına yeyin addımlarla evə çatmağa tələsən Güldərən bu dəfə də burnuna dəyən yemək ətirlərini seçir, evində hansı yeməyi bişirmək üçün nəyin olub-olmadığını yadına salmağa çalışırdı. Kələm dolması qoxusu alsa, yadına düşürdü ki, düyüsü var, əti yox… Bir başqa gün isə buzluqda bir büküm çəkili ət olduğuna sevinən kimi dolmalıq kələm almağa pulu olmadığını xatırlayırdı… Beləcə, günləri bir-birinin üstünə hörməklə öz ömür divarını bərkitdiyini sanırdı. Ümidi onaydı ki, balaları ən çətin anlarında çiyinlərini bu divara söykəyə biləcəklər… …Bu gün də Əttarlardan girib “Adam körpüsü”nə çatmağa tələsirdi. Ayağındakı parça ayaqqabısının altı nazilmişdi deyəsən; iri xırlar ayağını yaman incidirdi. Gərək bu aykı maaşın hesabına özünə bir ayaqqabı da alaydı. Almalıydı, amma beynindəki hesabda hansı balasının payından kəsməliydi? Bu an dünyanın ən çətin sualı bu idi Güldərən üçün… Bunu düşünə-düşünə üçüncü dölmənin başına çatanda qeyri-ixtiyarı başını sağa döndərdi, bircə baxış bəs elədi ki, dizlərindən daş asılmış kimi yerindəcə quruyub qalsın. Gözlərini bərk-bərk yumdu, sonra da ehtiyatla açdı; səhv görməmişdi… Mavi darvazanın eşiyindəki sandığı tanıyırdı…Tanıyırdı, amma hardan? Ürəyindən kövrək bir nisgil burula-burula qalxdı, yaddaş ağacının budaqlarını tələsə-tələsə silkələdi, xatirələrinin dolaşmış, bir-birinə qarışmış kələfinin içindən tapdığı sözlər dilinin ucundan özünü eşiyə atdı: – Afiqin qızının zümrüd quşlu sandığı… Bir istədi gedib mavi darvazanı döysün, Afiqin qızını soruşsun, qəfildən ağlına gələn fikirdən ürpəndi: – Sağ olsaydı, qoyardımı sandığını darvazadan eşiyə?! – deyə pıçıldadı öz-özünə və köksünü ötürüb yoluna davam etdi… *** Güldərən pıçıldamışdı, amma sandığın qulağına bir inilti çatmışdı illərin o tayından… Neçə ildi, eşitməmişdi belə inilti, eşitsəydi, xatırlayardı. Bu inilti nənə palıdın bala dərdini yadına saldı onun, bütün budaqlarının, barının-bəhrəsinin xətrinə bir budağının düymələrini qurban verən fıstıq ağacını düşündü… Yalnız indi anladı ki, neçə ildi arzusuna çatmağın xoşbəxtliyində, sadəcə, xumarlanırmış. Hə, “Ölüm dərəsi”nin sağ yaxasındakı qərib gəncliyində budaqlarını açıb bütün varlığıyla dilədiyinə çatmışdı: ömrünü bir insan ömrünə calamışdı neçə ildi… Usum onu görən kimi gözəlliyinə aşiq olmuşdu, nazını çəkə-çəkə doğramışdı budaqlarını, ovcunun içindəki qabarları gövdəsinə sürtə-sürtə ölçmüşdü, əvvəlcə cib bıçağıyla lazımi yerdə cızıq açmış, sonra balta çəkmişdi. Usta İbrahim hər hacata əlini atanda üzünü birinci göyə tutmuş: – Yaratdığına şükür, Ulu Tanrı! – demişdi… Afiqin qızı onu ilk görəndə sevincindən ağlamış, dizlərini yerə qoyub saçlarını qapağının üstünə sərmişdi. İllərlə ən qiymətli şeylərini ona əmanət etmiş, üstündəki zümrüd quşu rəsmini yaylığının ucuyla astaca tumarlamışdı… Qoymamışdı üstünə bir toz dənəsi qona… Qoymamışdı qız-gəlin bir dəfə döşəmə siləndə hikkəsini onun balaca üçkünc ayaqlarına çırpa… Belə keçmişdi illər… Neçə dəfə qapağı açılıb-örtülmüşdü, heç saymamışdı da… Nəinki oğul-uşaq, hər nəvəyə də, bu yaxında ilk nəticəyə də pay çıxmışdı onun içindən. Hər dəfəsində də Afiqin qızı dilində min şükürlə, dodaqlarının ucunda kövrək bir təbəssümlə açmışdı qapısını, elə həmin şükranlıqla da ehmalca qapağı yerinə qaytarmışdı. Nə xoş ömrə calanmışdı, Ulu Tanrı… İndi bilirdi qoz ağacı… İndi… Məhz elə bu gün… Bu sabah… *** İşdə əlini nəyə atırdısa elə bil illərin o tayına çatırdı qabarlı barmaqlarının ucu Güldərənin… Sandığı o mavi darvazanın ağzında görəndən bəri yüz dəfə o kəndə qayıtmışdı; gah Afiqin qızının toyunda qol qaldırıb oynamış, gah Narıngül arvadın sandıq haqqında dediyi sözləri eşitmiş, gah öz cehiz sandığını ilk dəfə gördüyü günkü kimi doluxsunmuş, elə o vaxtkı kimi də ağlamağa utanmışdı… Bütün bunların fövqündə də gücünün heç nəyə yetmədiyini anlamış, ürəyindən dönüb-dolanıb keçirmişdi ki, qayıdanbaş mavi darvazanı döysün, qapıya çıxana özünü tanıtmadan o sandığı istəsin… Amma özünü dansıtmağa da ayaq yeri saxlamışdı ürəyində: – Aparıb hara qoyasıyam ey?! Heç öz gəlinimin cehizini yerləşdirəmmirəm, yazıq qudam borc-xərclə nə də gözəl cehiz alıb. Bu kirayədən o kirayəyə daşınıb qırılmasın deyə, yarımbükələk yarısı o bacımın qapısında, yarısı o qohumun zirzəmisində qalıb… Tozunu sildiyi hər masada, hər kompüterdə öz sandığını tapmış kimi hiss edirdi bu gün… Həmişəki kimi cəld işləyəmmirdi, elə bil masaya dəsmalı bir az bərk çəksə, sandığının üstündəki topa çəhrayı güllərin rəngi solacaqdı… – Çəhrayıydı o topa güllər… Hə… – təəssüfqarışıq əminliklə deyilən sözlərin təkzibi də gecikmirdi. – Çəhrayıydımı? Bəlkə, narıncıydı? Nəysə, bir cürə rəngiydi mənim sandığımdakı topa güllər… Gah da ürəyinin dərinliyində Afiqin qızına həsəd aparırdı: – Necə gözəl saxlayıb sandığını… Usta İbrahimin əlindən dünən çıxmış kimiydi. Bir naxışı da əyilməyib, bir boyası da rəng verməyib illərə. Görəsən, istəsəm, gəlini onu mənə verərmi? Eşiyə qoyublarsa, ya bu gün-sabah Gəncəçayın qırağındakı zibil çuxuruna atacaqlar, ya da elə yağış yuyub – gün qurudub hayıf eləyəcək… – tezcə də içində hövllənən nisgilin dərmanının Afiqin qızının sandığı olmadığını boynuna alırdı. – Yox ey… Mən Afiqin qızının sandığını istəmirəm… Məni öz sandığımın qədrini bilməməyim yandırır… Belə vurdu günü başa Güldərən; gözlərində neçə bulud dolub-boşaldı, ürəyinə neçə şimşək çaxdı ömür payının üfüqlərindən… İşdən çıxanda bir istədi bu gün yolunu dəyişsin: “Adam körpüsü”nə dönməsin, elə üzüyuxarı qalxıb “Kukla teatrı”nın körpüsündən keçsin, Nizaminin heykəlinin yanından da üzüaşağı keçmiş Sabir küçəsinə girib kirayə qaldığı evə elə getsin. Di gəl, ürəyi onu sandığa tərəf çəkdi, ayaqları bir də sandığa çatanda dayandı. Pəncərədən düşən bir əlçim işıqda fərqinə vardı ki, sandığın üstündə yumaq kimi bükülmüş bir qarı oturub, kürəyini mavi darvazaya söykəyib, başını da sağ çiyninin üstünə əyib… *** …Ömür dolaylarının lap aşağısında qalmış bir xatirə şəkli asmışdı o gün üçüncü dölmə öz yaxasına… Sandığın üstündə yumrulanıb oturan qarı elə bilirdi ki, yenə Bada türklərinin əcdadlarının izini itirdiyi o kənddədi, Güldərən gəlib ki, onu quşəppəyi yığmaqçün “tikilişin yanına” getməyə çağırsın… Şəklin Güldərən tərəfində isə qəşəng bir payız günüydü, Afiqin qapısından əvvəl cehiz maşını çıxırdı, ardınca da üstünə sandıq bağlanmış balaca maşın yol alırdı… Amma bu dəfə o maşınlar ard-arda tini burulub gözdən itmirdi, ha getsələr də, sandıq görünürdü; özü də bütün gözəlliyiylə… – Sən də mi Gəncəyə yön saldın, a Güldərən? – dedi Afiqin qızı… Güldərənə elə gəldi ki, nəinki məsafələrin o biri ucunda, ömründən ötüb-keçənlərin də əlçatmazlığında qoyub gəldiyi o kəndin səsini eşidir; hardasa bir bulaq axır, bir balaca kol küləkdən üşənib budaqlarını bir-birinin üstünə qarmaqlayır, bu qarmaqlanan budaqların arasında da bir birəbitdən quşu cikkildəyir…Və hamısı yığılıb bir bayatıya dönür, yumrulanır, köksünə yığılır… Əzizim, bəndim ol, gəl, Şəkərim, qəndim ol, gəl… Ömrümü yaşamağa Şəhərim, kəndim ol, gəl… Sözlər ürəyindən hövllənir, boğazında düyünlənirdi Güldərənin… Di gəl, Afiqin qızının öz adı nəydi, xatırlayammırdı… Bilirdi ki, bir gül adıdı, amma hansı gülün? Bütün bildiyi gül adlarını yan-yanamı düzsün indi, yoxsa elə bildiyi adlamı – “Afiqin qızı” deyəmi çağırsın qarşısındakı bu doğmalığın öləzimiş halını? Çarəsi öləziyən doğmalığının kösövünü küldən çıxarmağa qaldı… – “Deyirdin, Gəncədə kama yetərsən, indi bu mən, bu sən, bu da ki Gəncə…” – deyirdi yazıq Məhsəti… – Bəxt dediyin bir daş atımıdı, atan fələyin özü də hara düşəcəyini bilmir… – Afiqin qızının sözləri çinar yarpaqlarının xışıltısı kimiydi… – Hə… – dedi Güldərən… …Nə vaxt sözə unutduqlarını sandıqları, amma unutmadıqları kənddən başladılar, bir-birinin ömür yoluna bircə baxış atmadan, bircə “heyif” demədən nə vaxt qocalığa çatdılar, bilmədilər, sadəcə, sözlər bir-birinin arxasına düzülür, yaddaşlarının içindəki dolaşıq kələf adda-budda çözələnirdi… – Nabat arvad yadındadımı? – Həmişə köhnə-külüş geyinərdi… Bir gün qoltuğunda iki top donluq qapıya gəldi. Dedi, bunlardan mənə qəşəng don tik. Yanımda oturdu, başladım ölçüb-biçməyə. Mən ölçüləri aldıqca yana-yana danışırdı ki, Çardaxlıya ölü yerinə gedibmiş. Gedəndə görüb ki, ölən arvad ən təzə donunu geyinib durub qapıda. Deyib, “bıy başıma xeyir, bə biz ölü yerinə gəlmişik axı?!” Evin gəlini də qayıdıb ki, “day ölüb gedib də qayınanam. Açdım sandığını, elə baxdım, bu don qəşəng su götürər, evi-eşiyi sildim. Döşəməsilən ağaca taxıb qoymuşam günə qurusun”. Nabat arvad da bir əynindəki iyirmi illik donuna baxıb, bir taxtadakı dona, bir də otağın başında qoyulmuş şəklə… Evə çatan kimi açıb sandığını, iki top parça gətirib ki, bütün olan-qalanını geyinib cırsın, öləndə gəlinə nə təzə don, nə də təzə donluq qalmasın… – Ulu Tanrı səni qorusun, ay Güldərən… – İnanmıram ki, Ulu Tanrı yaza bizə bu qara günü… Yarıaçıq pəncərədən eşiyə boylanan sarısaç, sinəsi açıq cavan gəlin qışqıra– qışqıra üzünü Afiqin qızına tutmuşdu: – Ay arvad, orda ona-buna az qeybət elə, gəl, çörəyini ye. Bir azdan serialım başlayacaq, sonra məni yarımçıq qaldırma divandan! Güldərən asta-asta Əttarlara tərəf yoluna davam etmişdi. Ayağının altında hiss elədiyi hər iri xır dənəsi ürəyinə çırpılırdı… *** …Hər axşam üçüncü dölmənin yaxasından asılan ağ-qara şəkildə yeni bir xatirə göyərirdi… Elə ki Güldərənin köhnə parça ayaqqabıları sandığın önündə itaətə gəlmiş kimi cütlənirdi, Afiqin qızı qırışmış əlləriylə alnına düşən iki tək-bir cüt ağ saçını yaylığının altına itələyir, xatirə dolabının kənd siyirməsinə üz tutur, içindən kimi tapsa, onun adını çəkirdi: – Bir Mərvə arvad da varıydı… Türk Kübranın anası… – Yazıq… Onunku ayrı cür dərdiydi çəkirdi… – Nətəhər demişdi yazıq günlü? – Axısqa qaçqınlarıydılar yazıqlar… Bir əl Axıskadan Fərqanəyə sürgün olunmuşdular, bir əl də Fərqanədən Azərbaycana. Bir gün Kübra dedi ki, ana, ərimin bütün qohumları Sarıtəpədədi, bircə bizik, bir də sənin bacın oğludu bu kənddə. Biz Alının xətrinə Sarıtəpəyə – onun qohumlarının yanına köçməliyik… Mərvə arvad bir xeyli əllərini üst– üstə qoyub fikrə getdi, üzündən görünürdü ki, iki qapı arasında qalıb, bilmir, hansından keçsin. Bir qızının üzünə baxdı, bir əlini cibinə atıb bacısından qalan toxunma dəsmalı götürüb gözlərinə çəkdi, handan-hana dedi: “Qızım, heç mənim xətrim yox?” – Nə ağlamalı dərdiymiş… Bir kərə qabağında oturub ağlamamışıq… – Ağlamağa yaş da varıydı o vaxtlar… – Yaş dərdi yuyurdu sanırdım, yumur, a Güldərən… – Dərdin yediyi kimi adamı heç nə yemir… – Dəli Qumaş da xatirinə gəlirmi heç? – Hə… Amma qovuram onu xatirimdən… – Elə od qaladı ki, bədbəxtin qızı, qovsam da, getmir, inanırsanmı? – Qovduqca gəlib oturur günümün ortasında… Elə hey giley eləyirdi ki, uşaqlarım naxələfdi. Hamı bir ağızdan: “Kiri!” – deyirdi, heç deyəni olmadı ki: “Bir hovur danış, bağrın çatdamasın…” Altı uşağın hansının qapısına gedirdi, yerdə qalan beşi yığılıb ora gəlir, “pensiyandan bizə də ver” – deyib dava salırdılar. O da naəlac qalıb qayıdır öz evinə, tək-tənha pilləkənin başında oturur, qonum-qonşunun ovcunda gətirdiyini yeyirdi. Ürəyi qaynadıqca da uşaqlarının qapısına gəlməməyindən, gəlinlərin pulunu xərcləyib onu bəyənməməsindən, qızların da ancaq ya yükdən bir yorğan, ya da əldamından bir mis sərnic aparmaqçün qapıdan girdiyindən danışardı. “Dəli Qumaş” deyirdilər, amma yazıq gününü anladırdı… Yadımdadı, Çiçək arvadın nəvəsi Yusif qaça-qaça xəbərə gələndə ki, Qumaş arvad özünü armud ağacından şələ çatısıyla asıb, anam dizlərinə döymüşdü… Lələm də əlağacına söykənib demişdi: “Canını götürüb getdi bədəsil övladların əlindən yazıq… Ta bilirdi ki, heç kimə lazım döy…” – Nə pis şeyiymiş heç kimə lazım olmamaq, a Güldərən… Yarıaçıq pəncərənin o üzündən hikkəylə döşəməyə çırpılan ayaq səsləri gələndə Güldərən dinməz-söyləməz üzünü çevirir, addımlarını yeyinlədirdi… *** Beləcə, günlər keçir, Güldərən hər axşam yuxuya getməzdən qabaq kirayə evlərdə yer tapmadıqca o qapıya-bu qapıya göndərdiyi sandığını hər dəfə bir rəng itirmiş, bir az da yüngülləşmiş tapdığını xatırlayırdı. Oğlunun köhnə köynəyindən tikdiyi yastıq üzünə axan göz yaşlarının həqiqiliyinə inanmayaraq əliylə yoxlaya-yoxlaya da yuxuya gedir, bir də səhər ertə su satan Rəcəbin maşınının tırıltısına oyanır, işə tələsirdi. …Sonuncu dəfə kimin qapısına qoymuşdu sandığını? İçini təmiz boşaltmışdımı? Bu gün yuxudan durandan bu suallar beyninin içində bir-birini qovur, düşüncələri bir bacısının qapısından girib, o biri bacısının pəncərəsindən çıxırdı. Gümanı yenə uzaqdakı qızına gəldi, bilsə-bilsə, sandığın yerini o, bilərdi; qərib xatirələrə qarşı yaman həssas idi. Əlini telefona uzadıb qızının nömrəsini yığmaq istədi, tezcə də xatırladı ki, qızı hələ yuxuda olar. Zəng edib oyatmağa qıymadı, düşündü ki, haçan özü yığsa, sözarası soruşar. Əlacı yenə öz-özünə təsəlli verməyə qaldı: – Belə qəfil soruşsam, bunu da özünə dərd edər uşaq… Deyər, görən, anamın nəyi itib o sandığın içindən yenə? Fikrinin bir ucunu qızına bağlayıb evdən çıxmağa hazırlaşırdı ki, qəfildən anası yadına düşdü. Qayıdıb gəlininə dedi: – Oğlum evə gələndə soruş, gör, bu həftə nə vaxt boş olar? Dördüncü gün anamın ilidi, işdən icazə alaram, qəbir üstünə gedərik. – Baş üstə, ana. Deyərəm, lap o da işdən icazə alar həmin gün. Gəlininin Afiqin qızının təzə-köhnə gəlinlərinə oxşamadığına görə ürəyində şükür edə-edə pillələri endi, darvazaya çataçatda dönüb geri baxdı. Gəlin mətbəxin pəncərəsindən baxıb güümsəyirdi. O da gülümsədi… …Üzündəki o xoş və şükranlıq dolu təbəssümüylə günü başa vurub “Adam körpüsü”nə çatdı. Haqqı arvadın yanına yığışan arvadların içində gözünə bir tutamlıq sarı kəkil dəydi, addımlarını yeyinlətdi. Əgər zənni doğruydusa, Afiqin qızıyla bir az artıq söhbət edə bilərdi; bu gün ürəyi doluydu, anası yaman yadına düşmüşdü. – A Güldərən… Sənə nə deyirdilər, bilirsənmi? Elə ki qoşa hörüyünü çiyinlərinə atıb o toyun körpüsünü keçirdin, əmidostum qayıdardı ki, Gül Dərənin Güldərəni yenə gedir gül dərməyə… – Baratəli babamgilə gedirdim o toya… – Bilirdik… Amma əmidostum elə deməliydi… Deməsəydi, olmazdı… – Üç solmaz çiçəyi var evdə yaylığımın arasında… Kənddən yığmışdım… – …Anan dururmu? – Bu dördüncü gün ilidi… – Yaman xətir istəyən arvadıydı… – Ondan sonra xətrini ölçəcəyim adam tapmıram bir ildi… …Hər ikisi susdu… Üçüncü dölmə nimdaşlığından silkələnib ayılmaq istəyirmiş kimi Gəncəçaydan üzübəri əsən sərin küləyi qucaqlayıb sinəsinə sıxmaq istədi; külək də dinc durmadı, yerdən bir ovuc toz qaldırıb mavi darvazanın başının üstündən içəri atdı. Afiqin qızı səksənən kimi oldu, əyilmiş barmaqlarını bircə-bircə sığallayıb dilinin altında nəsə oxudu, sonra hər iki əliylə sandığının qapısını sığallaya-sığallaya dedi: – Mənim xətrim üçün… – …Bu dölmələr kəndimizə oxşayır bir az… – Sabah gəl, bu sandığı apar… Xətrim üçün… – …Havası da sərinləyir buraların nəfəs-nəfəs… – Səninləyəm… A Güldərən, sabah bu sandığı apar, yiyə çıx. Dölmənin ucunda bir tutam sarı kəkil görünəndə Güldərən dinməzcə sandığın qabağından ayrıldı. Evə gedə-gedə beynində yenə öz sandığıydı. Bu dəfə sandığında Afiqin qızının sandığına oxşayan naxışlar axtarır, gah naxışları eyniləşdirir, gah da rəngləri bir-birinə yaraşdırırdı. Köhnə Sabir küçəsinin ayağına çatanda telefonu zəng çaldı, baxdı, uzaqdakı qızıydı. – Alo? Anam? – Axşamın xeyir… Neynirsiniz? – Nənəm yaman yadıma düşüb. Tikdiyi tikmələrdən varmı səndə? – Biri qalıb… – O vaxt sandığında üçünü görmüşdüm mən. – Hər qız öz payını apardı, səninki qalıb məndə. – Sandığını da xalamın əri doğrayıb toyuq taxçası düzəltdi o ili… Nənəmin tikmələri, bizim kəlağayılarımız da ondan sonra didərgin düşdü… – … – …Deyəsən, yorulmusan, sağollaşaq, sabah yenə yığaram… Telefon keçdi… Amma Güldərənin qulağına sandığından düzələn taxçalardakı toyuqların qanad çırpıntıları, bir də Afiqin qızının səsi gəlirdi: “Mənim xətrim üçün… Bu sandığı apar… Yiyə çıx…” Bu səslərin qarışığında Güldərən sandığı qoymağa yer axtarırdı; görəsən, kirayə qaldığı basırıq evdə o sandığı hara qoya bilərdi? *** Üçüncü dölmədəki mavi darvazadan çıxan orta yaşlı kişinin üzündə yarıkədər, yarıheyrət bir ifadə vardı. Sanki o, nəyisə – çox qiymətli bir şeyi itirmişdi, axtarırdı, amma harda axtaracağını bilmirdi. Bir az o yana-bu yana döyüküb sağ əlini darvazaya söykədi, sol əliylə ürəyinin üstünü tutub yanğılı bir “ah” çəkdi… Başını qaldırıb göy üzündə adda-budda görünən ulduzlara baxdı. Əlini darvazadan çəkib salavat çevirdi, səndələdi, birtəhər özünü sandığın üstünə saldı… Yarıaçıq aynadan sarısaç bir gəlin boylandı: – Papa, papuşka… Mamuşka deyir ki, mağara zəng elədin? Kişi astaca: – İndi yığıram… – dedi. Sonra telefonunu çıxarıb bir nömrə yığdı, qulağına tutub danışmağa başladı: – Axşamın xeyir…Üstünə sağlıq, anam indicə rəhmətə getdi… Hə, elə mağar üçün zəng eləmişdim. İndidən qurulsa, gecə yol gələnlər hazır süfrəyə keçərdi… Yaxşı… Yarım saatamı? Eşikdəcə gözləyirəm… Nə yoxdu? Samovara odun?… – susub zənlə dölmənin sonuna baxdı; qaranlıqda görməsə də, bilirdi ki, orda – Elman kişinin qapısının ağzında yarıqurumuş bir gavalı ağacı var. Əlini özünə dayaq verib ayağa qalxmaq istədi, amma əli qızıl ilana toxunmuş kimi diksindi. Telefonu qulağından çəkib işığını sandığa saldı, əliylə bir az qapağını, qıfıl yerini yoxladı, sonra telefonu qulağına tutub dedi: – Narahat olma, burda bir sandıq var, indi uşağa deyərəm doğrayar, sabahadək samovarı görər… Ay sağ ol, sabah da uşaqları Aşıqlıya göndərib odun gətirdərik… *** …Qoz ağacının ürəyinə qəribə bir sərinlik çökmüşdü… Nə eşitdiyini yaxşı bilirdi; onu doğrayıb oda atacaqdılar, amma ürəyi yaman səriniydi… Ömrünü bir insan övladının ömrünə xoş calamışdı… İndi o ömür bitmişdi, onunku da bitməliydi… Mavi darvazadan çıxan gəncin əlindəki balta yarıaçıq pəncərədən düşən işıqda parıldayanda ağlından keçən son fikir bu idi: – Görəsən, bu gecə ehsanlıq samovar çayından Güldərən də içəcəkdimi? Afiqin qızının xətri üçün… May 2021
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Ədəbiyyat termin olmazdan öncə də vardı. O, hər insanla birgə doğulurdu. Amma adamlara ad qoyulurdu, o, adsızlığıyla böyüyürdü. Hər yeni gün ayrı donda, ayrı formada həyatımızda boy verirdi.
Bir gün adı “layla”ydı, səhərisi “oxşama”… Əkin tarlalarında “holavar”dı, yaylaqlarda “sayaçı sözləri”… Toyda “mahnı” olurdu, vayda “ağı”ya dönürdü. Hə, ədəbiyyat insan düşüncəsinin həyata nisbətində buqələmundu. İndi də elədi… Artıq adı olsa da, yenə buqələmunluğuna sadiqdir. Axı, həyata adaptasiya olmağa məhkumdur.
İnsanlara heç vaxt qara fondakı ağ nöqtə maraqlı olmayıb çünki. Bunun xüsusilik olduğunun fərqində olublar. Amma bu xüsusiliyi ya lənətləyiblər, ya da ondan qorxublar. Yalnız bəzi adamlar bu ağ nöqtəni anladan sözlər söylədikdən sonra yavaş-yavaş maraqlanmağa başlayıblar ki, “bu ağ nöqtə, görəsən, əslində nədir?” Elə bu sualla da o bəzi adamların arxasına düşüblər, başına toplaşıblar. Həmin adamların bəzisinin söylədikləri xoşlarına gəlib; başına sığal çəkib, adına hörmət ediblər. Bəzisinin söylədiklərisə xoşlarına gəlməyib; onu birliklərindən qovub, çöllərə salıblar, adını “dərviş” qoyublar, ya da daş-qalaq eləyib, insanın zülm eləmək qabiliyyətinin yaşatdığı dəruni ehtirasdan həzz alıblar.
Xoşlarına gələn söylənənlər ağ nöqtəyə “ağ nöqtə” deməyib. Axı, ağ nöqtə olduğunu hamı onsuz da görürdü. Bəzi adamlar ağ nöqtəni “işıqlı gələcəyin müjdəçisi”, “zülmət saçlı gecənin qoynundakı sevgi ulduzu” kimi sözlərlə elə ahəngdarcasına anladırdılar ki… İnsanlar yavaş-yavaş beyinlərinin içində hansısa xoş, ülvi duyğunun tərpəndiyini, oyandığını hiss edirdilər. Bu, onlara xoş gəlirdi… Elə həmin xoşluqla da bəzi adamların söylədiklərinə həvəslə, maraqla qulaq asırdılar.
Beləcə, ədəbiyyat terminoloji ünvanına doğru yol başlayırdı… Və bu yol minilliklər boyunca uzanırdı. İndi də uzanır…
İkinci minilliyi tamamlamışıq, ədəbiyyatı öz adıyla tanıyırıq, sevib-sevməmək də əlimizdədir. Bizimlə birgə doğulan ədəbiyyata valideynlərimizin canının-qanının qarışdığını dərk edirik. Artıq ağ nöqtənin elmi, bədii, fəlsəfi, sosial, ictimai, informativ, primitiv, estetik, etik və sair və ilaxır aspektdən izahını verməyə qadirik. Lakin zülm eləmək qabiliyyətinin yaşatdığı dəruni ehtiras hələ bizim genlərimizdə özünü axtarışdadır. Elə buna görə də qəfildən, üçüncü minilliyin başlanğıcında ədəbiyyatda “zorlama” prosesi “bumm” elədi.
Bu proses ədəbiyyata ad qoyulduğu gündən başlamışdı. Nə vaxt ki, ədəbiyyat elm kimi qəbul edildi, öyrədilməyə, öyrənilməyə başladı, ədəbiyyatın özülünü idrakında, ruhunda yaradan o bəzi adamlar anlamalıydı növbəti döngədə nələr olacağını…
Demək, onlar anlamamışdılar. Yaxud anlamaq istəməmişdilər. Məsuliyyəti öz üzərlərinə götürmək istəməmişdilər. Ədəbiyyatın faciəvi aqibətini növbəti zaman döngəsinə – övladlarına ötürmüşdülər. Təbii, burda “özünüqoruma instinkti”ni müdafiə etmək labüddür. Lakin ədəbiyyatı çərçivələrə salıb, qanun-qaydalara bölüb, terminologiyanın məngənəsində sıxanlar “təbii” sözünü çoxdan quylamışdılar.
Həmin quyunun kənarında da bir ağac vardı, bir də onun köklərini gəmirən iki siçan. Eynilə “Kəlilə və Dimnə”də anladılan kimi. O siçanlar ağacın kökünü gəmirdikcə, arı yuvasından süzülən baldan barmaq-barmaq dadmaq “həyat eşqi” adlanırdı.
“Zorlama prosesi” ağ nöqtə haqqında bütün deyilmişləri inkarla təzahür etdi ilk dəfə. Çünki daha ağ nöqtə haqqında deyilməmiş xoş söz yoxuydu. İndi də başlandı, bəd sözlərin dilə gətirilməyinə. Bu da ədəbiyyatı çirkinləşdirməkdən başqa heç nəyə yaramadı. Beləcə, zövqsüzlük yarandı…
Prosesin ikinci mərhələsi bir addım öndəkini aşağılamaqla davam etdi. Bir vaxtlar ağ nöqtə haqqında ən xoşagəlimli sözləri söyləmiş bəzi adamların nəvələri babalarının adının əvvəlində çirkin sözlər yazmaqdan çəkinmədilər. Bu, onların öz-özlərinə qarşı etdiyi mərhəmətsizlikdi…
Üçüncü mərhələdə ədəbiyyat termininə sığınan kəlmələrin əksəriyyəti insan hisslərinin adını dəyişdirməyə meylləndi. Bir vaxtlar insanların beynində oyanan xoş duyğulardan birinin adı “sevgi” idi… İndi ölüb-öldürməyin, asıb-kəsməyin, sevgidən məhrum olan hər şeyin adına “sevgi” deyilirdi. Bu da sevgisizliyin özüydü…
Atalara sadiqliyin yeganə əlaməti onların hər şeyi “üçdən deməsi”nin lazımi məqamda “qızıl qayda” olmasıdı. Və üçüncü mərhələdə hər şey yenidən ilkə – birinci mərhələyə qayıtdı. Bu dövrilik üçüncü minilliyə başlayan insanın şüurundan yaşamına hopdu…
Bu gün mən də yazıram… O da, o birisi də yazır… Yazılanları gün-gün, an-an müqayisə etdikcə zövqsüzlüyün, mərhəmətsizliyin, sevgisizliyin bir-birinə olan ədasından başqa heç nəyi tapa bilmirik. Ümumiyyətlə, heç axtarmırıq da…
Əgər ağ nöqtə haqqında deyilən bütün “sizlik”lər bu günün insanının xoşuna gəlirsə, demək, yeni ictimai formasiyanın astanasındayıq. Demək, ədəbiyyatdakı ədəbsizliyimizlə zombiləri yaratmağa nail oluruq… Hətta, nail olmuşuq…
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Adəti üzrə məktəbdən çıxan kimi dayanacağa tərəf tələsdi. Yenə də fikirli idi. Çatılmış qaşlarının tən ortasındakı düyün üzünə çox ciddi bir görkəm verirdi. Kənardan baxanlar bu qızın çiynində ağır bir dərd yükü daşıdığını asanlıqla hiss edirdilər. Arxasınca qarabaqara gəzən Rəvan da onun çəkdiyi bu ağrı-acıdan çoxdan xəbərdar idi. Qonşu idilər Nərgizlə. Qibtə ediləsi ziyalı bir ailənin övladı olsa da, qonşu qızın həyatı, taleyi Rəvanı çox üzürdü. Bacarsa idi, Nərgizə yaxından kömək edər, onu uşaqlıq illərindən bəri içindən yeyən sıxıntılardan qurtarardı. Amma necə? Qıza yaxınlaşmağa belə cürəti çatmırdı. Qəribəsi də bu idi ki, məhəllədə müəyyən bayram günləri ilə əlaqədar keçirilən şənliklərdə Nərgizlə olub-keçənlərdən danışır, amma kənarda ona yaxınlaşmağa çürət etmirdi. Nə desin, nəyi bəhanə edib yaxınlaşsın? “Nərgiz, olar sizi məktəbdən evə qədər ötürüm? Ya da bu gün hava yaxşıdır, mən də institutdan tez çıxacağam. Bəlkə, dərsdən sonra bir az gəzək? Nərgiz, səndə maraqlı kitablar var? Məndə də kitablar çoxdur. Bəlkə, dəyişib növbə ilə oxuyaq, dünyada baş verənləri müzakirə edək?” Bütün bu suallarla hər gün özünü yorsa da, sonda yenə susur, təsəllisi qızı kənardan izləmək olurdu. Evdəkilər də onun hərəkətlərindəki dəyişikliyi hiss etmişdilər. Anası Məqbulə gülə-gülə dedi: – Bax hələ, dəridən qabıqdan çıxdı bu uşaq. Gör pəncərədən necə pusur?. Sərdar kişi açıq söz-söhbətləri sevmədiyi üçün onun sözlərini ciddi qarşılayıb təmkinlə cavab verdi: – Burada pis heç nə görmürəm. Evlənən vaxtıdır: seçimini özü etsin. Nərgiz də yaxşı qızdır, gözümüzün qabağında böyüyüb zavallı. Mən Yaqubla danışaram, görüm bu işə necə baxır? Rəvanın gözləri qarşı binanın pəncərəsindən çəkilmirdi. Duyurdu ki, Nərgiz də onun baxışlarındakı mənanı anlayır, amma nədənsə çox etinasızdır və bu etinasızlıq qorxudurdu onu. Ailədəki ciddi problemlərin Nərgizi kədər libasına bürüdüyünü də yaxşı bilirdi. Buna görə də etinasızlığı təbii sayır, nə vaxtsa onun qəlbinə yol tapacağına inanırdı. Nərgiz həmişəki kimi dərslərini hazırlayandan sonra mətbəxə keçdi. Bulaşıq qab-qacaq onu gözləyirdi. Atası hələ gəlməmişdi, kiçik qardaşı və bacısı isə dərslə məşğul idilər. Anaları bu evi tərk edib getdiyi gündən ev işlərinin bütün ağırlığı Nərgizin üzərində idi. O, ev işləri ilə bərabər ailədəki ağrı-acınının da bütün yükünü çiyninə almış, uşaqların üzülməsini istəməmişdi. Atası hər gün səhər evdən gedir, axşam qayıdırdı. Zeynəb evi tərk edib gedən gündən bəri Yaqub uşaqlarını korluq çəkməyə qoymasa da, onlara mənəvi dayaq ola bilmirdi. Onun fikrinə görə, əgər evdə soyuducu ağzına qədər dolu idisə, demək, hər şey qaydasında idi. Üst-başından gələn zərif qadın ətirlərinin qoxusu, köynəyindəki rəngli dodaq boyalarının izi Yaqubun yaxşı “həyat” sürməsindən xəbər verirdi. Nərgiz əvvəllər bunu qəbul edə bilmir, otağına çəkilib saatlarla ağlayırdı.Amma zaman keçdikcə hər şey dəyişdi, yaşından tez böyüdü, tez aqilləşdi: övladlarını ögey ana əlinə verməyən atası ilə təsəlli tapdı Nərgiz. O, yaxşı bilirdi ki, anası qayıtmayacaq və qayıtsa belə, yenidən ailənin bir üzvü kimi qəbul edilməyəcək. Anasının ailəni niyə tərk etiyini, hara getdiyini atasından soruşmağa cəsarəti çatmırdı. Qonşu qadınların dedi-qodularına, anasının yad bir kişiyə qoşularaq evi tərk etməsinə inana bilmirdi. Hamı kimi o da anasını sevirdi, gözəl siması gözlərinin önündən bir an da olsa, çəkilmirdi. Gecələr əllərini ana kimi bacı-qardaşının saçlarına çəkərək qayğı göstərirdi, amma özünün sığal görməyən saçları da bu qayğıya möhtac idi. O başa düşürdü ki, gec-tez dünyasını dəyişən anaların yoxluğunu qəbul etmək çox çətindir, amma evini, uşaqlarını atıb-gedən ananın hərəkətini həzm etmək mümkün deyil. Məktəbdə ana haqqında şeirlər söylənəndə, inşa yazılanda baxışlarını gizlətməyə yer tapmır, xəcalət çəkir, anasının bağışlanmaz günahının əzabını yaşayır, hər gün ölüb-dirilirdi Nərgiz. Uşaqlıqdan bəri çəkdiyi acılar beynində yükə çevrilirdi. Bəzən bu yük neçə dəqiqə davam edən güclü baş ağrılarına səbəb olur, əlləri ilə başını tutur, bu ağrıların keçib getməyini gözləyirdi. Şiddətli ağrılar keçəndən sonra dərindən nəfəs alırdı. Əvvəllər bu ağrlar beş-on dəqiqə davam edirdisə, getdikcə dəqiqələrin sayı çoxalır, onu daha kəskin ağrılar narahat edirdi. Amma Nərgiz nə vaxtsa anası ilə qovuşacağı günü gözləyir, bu ağrıların da keçib gedəcəyinə inanırdı. -Salam Nərgiz, – nəhayət, Rəvan anası ilə söhbətdən sonra özündə güc tapıb ona yaxınlaşdı. Nərgiz dönüb baxsa da, üzündəki ifadə dəyişmədi. Dilucu salamı aldı. – Dediklərim əhvalını , bəlkə də, dəyişməyəcək. Amma istəyirəm, biləsən ki…
Nə? Nəyi bilim? Məndən xoşun gəldiyini? Mənimlə əylənmək istədiyini? Mən heç kəsi bu fürsətdən istifadə etməyə qoymaram. Başa düşürsən? İmkan vermərəm. Axı anamın həyatının mənim həyatımla nə əlaqəsi? Ölüb! Ölüb o insan. Yoxdur. Bunu birdəfəlik anlayın, – Nərgiz özündən ixtiyarsız çığırdı. Rəvan söz tapa bilmədi, amma eşitdikləri ona cəsarət verdi:
Sən nə danışırsan? Bu nə söhbətdi? Gözləməzdim səndən.
Bu söhbətləri tələbə dostlarınla edərsən. Dərsə geçikirəm, – deyib Nərgiz yoluna davam etdi. Elə bu vaxt Rəvanın arxadan dediyi sözlər qulağında cingildədi:
Anamla atam axşam sizə gələcəklər. Axşam qapını döyən qonaqları Nərgiz hörmətlə qarşıladı. Bir azdan Yaqub da gəldi. Xeyli söhbətdən sonra qonşular mehribanlıqla sağollaşdılar. İndi Nərgiz atasının ona nə deyəcəyini gözləyirdi. Atası məsələni açarkən Nərgiz çəkinmədən dedi:
Axı mən indi o halda deyiləm, ata. Həm də məktəbi bitirməmişəm. Bir az vaxt ver mənə, düşünməliyəm.
Bu, təbiidir. Sən gec-tez ailə qurmalısan. Rəvan yaxşı oğlandır. Əminəm ki, sənin qayğına qalacaq,- deyib Yaqub yazıq görkəm aldı, nə qədər sevinsə də, gözlərindəki kədəri gizlədə bilmədi. -Yaxşı, bir söz demirəm. Amma, o gəlsin, sonra… – Nərgiz sözünü bitirmədən ağladı.
O gəlməyəcək. Gəlsə də, mən qəbul etməyəcəyəm. Bu qədər. Gecən xeyrə qalsın. Nərgiz bilirdi ki, anası gəlməyəcək. Amma nədənsə onun geriyə – ailəyə dönəcəyi günü gözləyirdi. Otağına keçib pəncərəni açdı. Gözləri yenə də Rəvanın baxışları ilə toqquşdu. Dərhal pəncərəni bağlayıb pərdəni çəkdi və növbəti şiddətli ağrı ilə baş-başa qaldı. “Yox, belə olmaz. Atama ağrılarım barədə nə isə deməliyəm. Niyə? Axı niyə deyim? Bilsə, dərhal məni həkimə aparacaq. Mən isə istəmirəm, istəmirəm. Yaşamaq istəmirəm”,- pıçıldayaraq üzü üstə yatağa uzanıb ağladı. Son zəng tədbiri bitəndən bir neçə gün sonra Nərgizə nişan taxıldı. Qara buludlar bu nişan şamlarının şölələri ilə birgə ailənin başı üzərindən uzaqlaşdı. Qonşular ehtiramla hal-əhval tutdular, əvvəlki günlər tamamilə unuduldu. Qohumların da ayağı yenidən tanış evin kandarına dəydi. Toya hazırlaq gedir, ailə məsələləri müzakirə olunurdu. Nərgiz bu bir neçə gündə dəyişmiş, elə bil böyümüş, daha da gözəllşmişdi. Övladlarının acısını çəkən, hər gecə onların gələcək həyatı barədə narahat olub düşünən Yaqubun da qırışları açılmışdı. Rəvan tez-tez Nərgizlə birgə gəzintiyə çıxır, hər ikisi xoş anlar yaşayırdı. Rəvan onu ömrü boyu sevəcəyinə, anasız keçirdiyi o acı günləri unutduracağına söz vermişdi. Nərgizin ağrıları artanda isə Rəvan bunun yaxşı bir əlamət olmadığını duydu, qızın tez-tez özündən getməsini evdəkilərə danışdı. Söz-söhbət Yaquba da çatdı. Nərgiz ciddi həkim nəzarəti altınla saxlanılmalı, müalicə olunmalı idi. Lakin bir səhər həkimin qoyduğu diaqnoz ailənin bütün xoşbəxtliyinə son qoydu. Sərdar həkim kövrələrək: – Vəziyyəti çox ağırdır, xəstənin ürəyinə xal salmayın. Qoy son günlərini xoşbəxt yaşasın barı, – dedi. Nərgizdən başqa hər kəs bu ağır xəstəliyin adını bilirdi. Rəvan özündən çox bu bəxtsiz sevgilisinə ağlayır, yanından bir an belə çəkilmir, onu ümidləndirirdi. Nərgiz isə nə danışır, nə də deyilən sözlərə reaksiya verirdi. Ancaq bir nöqtəyə baxb durur, onu dərdə salan insanı arzulayırdı. O bu arzu ilə də Rəvanın qolları arasında həyatını bitirdi. Toya hazırlaşan bütün qohumlar dəfndə iştirak etdi. Nərgizi gül-çiçək dəstələri ilə torpağın qoynuna gəlin köçürdülər. Rəvan uzun müddət özünə qapandı. Sevdiyi insanın yoxluğunu qəbul edə bilmədi. Onun istəyi ilə Nərgizin qara mərmərdən olan baş daşına “Nişanlı məzar. Nişanlısı Rəvandan əbədi xatirə” sözləri həkk edildi. O, tez-tez gəlib məzarı ziyarət edir, göz yaşı axıdaraq təskinlik tapırdı. Doğmaları gələndə elə bil mərmərdən boylanan şəkil də gülümsəyirdi.
Sual yağışı Darıxmağın bir adı var-sənsizlik darıxmaq-səni itirmək qorxusu, səni unuda bilməmək, sənsiz qalmağın əzabı deməkdir. Ürək ağrıyar, beyin yorular düşünməkdən, Suallar yağış kimi səpələnər üstünə: Necə oldu, hara getdi, niyə getdi? Sual yağışı torpağı yaşıla bürüyüb, ona can da verə bilər belə anlarda Otlar göyərər, güllər, çiçəklər açar, O, qayıdar, Unudarsan darıxmağı, Yağış Bir az yağıb yorula da bilər Sən darıxmaqdan yorulduğun kimi…
Sabahım
Çək əlini əllərimdən get daha Əllərimi mən də çəkim əlindən. Ümid etmə açılmayan sabaha Sonra da nə mən ağlayım, nə də sən…
Hər sabahım bir gecədə boğulur- Hər tərəfi yara yeri, qan yeri. Günəşi də qan içində doğulur Yarasından boy göstərir dan yeri.
Yenə günüm göy əskiyə bükülü, Şimşək mənim ürəyimdə çaxacaq. Gözlərimdən sevinc göyə çəkilir- Yaralansam, göydən duz da yağacaq.
Ölü doğub sabahımı göy üzü Tanrı “qara kağız”a da bəxt yazır. Qara geyib yas saxlayır göy özü, Yeriyirəm, yeridiyim yol azır…
Gecə yarı şəhərin yuxulu gözləri süzülür şərab kimi səhərə sarı… Bir azdan gecə öz libasını soyunacaq adamlar gecəni çılpaq görmək üçün yuxudan oyanacaq…
Sevgi ucalığı
Çəkilib dar ağacına Saralıb, solub ümidim. Bircə telefon zəngindən Asılı qalıb ümidim.
Qətlinə fərman verilib Neçə arzu, diləyimin. Məni asmaqçün hörülüb Şah damarı ürəyimin.
Ucaldar məni bu sevda, Ömrüm qalarsa yarıda. Cismim sizdən aşağıda, Ruhum sizdən yuxarıda.
Buraxma fürsəti, buraxma əldən, Göydə qərar tutub, yerdə tapılmaz. Harayla, harayın qalar içində, Xeyirdə görünüb, şərdə tapılmaz.
Nə çiçəkdən soruş, nə otdan soruş, Nə suadn xəbər al, nə oddan soruş, Nə yardan, yoldaşdan, nə yaddan soruş, Namərdə səs verib, mərdə tapılmaz.
Ömür səfərini bitirmə vaxtsız, Karvanı mənzilə yetirmə vaxtsız, Hüseyn ARİFİ itirmə vaxtsız, O elə şairdi, bir də tapılmaz.
*Bu şeir Xalq şairi Hüseyn Arifin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur
Hər kəsin taleyi öz əlindədir, Bunu xatırlayaq gərək biz müdam. Özü yaradandır, özü qurandır, Bu həyatda hər bir işgüzar adam.
Köməyi hər zaman ondan umursan, Deyirsən, qadirdir, vahiddir, təkdir. Gözləmə ki, sənin əyri işini, Gəlib fələk özü düzəldəcəkdir.
Yaxşı işimizlə düzəlir bizim, Olan səhvimiz də, “günahımız” da. Daha fələklərdən kömək ummuruq, Bəndəmiz də bizik, allahımız da…
*Bu şeir Xalq şairi Osman Sarıvəllinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur
İstəsəydim səni səndən alardım, Gozəlləri öz taxtından salardım. Ürəyimi ürəyinə çalardım, Sən yanardın, mən baxardım tüstünə.
Ulduz olub öz zirvemdən enərdim, Dövrəndəki mələkləri yönərdim. Al laləyə, qərənfilə dönərdim, Səpilərdim yollarının üstünə.
İstəsəydim vusalına yeterdim, Mən gül olub ürəyində bitərdim, Orda bülbül fəryadıyla ötərdim, Mən yanardım, sən baxardın tüstümə.
Ölsəm, bir gün gəl qəbrimin üstünə, Bircə dəstə bənövşə qoy, bəsimdir. Baş üstündə bir qaranquş ötəcək, O da sənə minnetdarlıq səsimdir ..
*Bu şeir Xalq şairi Mirvarid Dilbazinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur
Qumlu sahilin üstüylə isti sürünür, heysiz dənizin köksündə qayıq görünür.
Bir cansız yelkən sllanıb, dor ağacından, elə bil külək asılıb, dar ağacından…
1985
*Bu şeir Xalq şair Vaqif Səmədoğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur
Sən yatırdın… yuxudaydın hələ səm, Kim qıayrdı gedib vaxtsız oyada. Yer kürəmiz fırlanmırdı, deyəsən, zaman bir az ləngiyirdi dünyada.
Qanadımı mən üstünə gərirdim, alışırdım gizli-gizli bu oda. Mən ilk dəfə qəribliyi görürdüm, səndən ayrı, amma sənin yanında.
*Bu şeir Xalq şairi Nəriman Həsənzadənin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur
Sürətlə getməsəm də, yenə də yoldayam mən, Yerimdə saysam əgər, mənə nə deyər vətən. Desin görək bu yolda kim məni yorğun görüb? Ömrüm bahar, yaz görüb, qar görüb, çovğun görüb. Vətənimin adından, millətimin adından, dövlətimin adından Yaşıl gözlüklülərin gözlərini ovduğum, Yaşıl qələmliləri gülşənlərdən qovduğum Çıxmayıbdır yadımdan, Çıxmayacaq heç zaman. Qırmızı gözlüyümlə baxıb nələr görürəm, Nə səhnələrgörürəm. Tapdıqca fürsət yenə Təəssüf, min təəssüf, məslək düşmənlərinə Tamam güzəştə getmək fikrinə düşən olur, İşlənən günahların üstündən keçən olur. Əvvəldən yolsuzları görən gözüm olmayıb, Millətimin yanında yalan sözüm olmayıb, Durmamışam kənarda dar gündə, bərk ayaqda, Görürəm ki, yenə də tək-tək küncdə, bucaqda. Yalan başdan dilində əzbər edib milləti Ya açıq, ya xəlvəti Məndən doğru sözümün heyfini alan da var, Günəşli gündüzümün heyfini alan da var. Bəli, fürsət tapanda, Ağacdan ata minib sola, sağa çatanda, Yüz qızıl kitabımın heyfıni alan da var. Bir para adamların orta istedadını Kefi istəyən kimi şişirdib yazan da var. Şərəfli yollar keçən ustadların adını Qələminin ucuyla, gizlində pozan da var. Paslı ürəklərdəki, Yaslı ürəklərdəki Bizə qarşı nifrəti, Qəzəbi, küdurəti Bu gülşəndə qoymuram zərrəcə kök atmağa, Bir tabuta yükləyib basdırıram torpağa. Bir yerdə saymaqla heç əzəldən yoxdur aram, Yenə də yollardayam, yenə də yollardayam.
*Bu şeir Xalq şairi Süleyman Rüstəmin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş Üçcildlik “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur
“Özünüz şəkili olduğunuz halda, hələ Şəkiyə bir şeir həsr etməmisiniz “. Bir məktubdan
Bir nəğmə qoşmadım hələ mən sənə, Dağlar bunu mənə kəsir sanmasın. Mən dedim, vurğunam Azərbaycana, Deyirəm, heç zaman xırdalanmasın Könlümdən ucalan bu avaz, bu səs. Böyükdür, ucadır məsləkim mənim. Bala anasına “sevirəm” deməz, Mən də deməmişəm, a Şəkim, mənim.
Sən öz keçmişini daim qorudun, Babamın şöhrəti yaşayır səndə. Bu eşqə eşq olsun! Dünənlə bu gün Çiyin-çiyinədir küçələrində…
Mən sənə borcluyam öz balan kimi, Çox da ki şeirimdə görünmür adın. Mənim oxuduğum nəğmələrimi, Mənim qulağıma sən pıçıldadın. Şerimin mayası – bu qaynar nəfəs Sənin öz çiçəyin, sənin öz barın. Şerimdə dil açıb danışımı bəs, Sənin bulaqların, göy çinarlarən? Mən həm bakılıyam, həm lənkəranlı, Gəncəli, qubalı, həm naxçıvanlı. Şəkili, şirvanlı, qarabağlıyam, Bütöv Vətənimə bütöv bağlıyam. Mən sənin qoynunda gəldim cahana, Məni bəxş elədin Azərbaycana. Həmişə mən sənin həndəvərində
Üçan bir quşam. Bir eldə doğulub xoşbəxtəm ki, mən Böyük bir Vətənə oğul olmuşam. Noyabr, 1971
*Bu şeir Xalq şairi Bəxtiyar Vahabzadənin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş 2 cildlik “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur
Qədir bilməyənlərin Qulluğunda daaynma. Sonra da peşman-peşman Alışıb-yanma!
*Bu şeir Xalq şairi Qabilin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Bilirəm… daha səninçün Ölmüşəm də… itmişəm də… Bilmədin… elə səninçün Ölmüşəm də… bitmişəm də…
Bu ikili yalnızlığı Qovdum… canımdan getmədi… Dərd sevgilim yalnızlığı Duydu…yanımdan getmədi…
Ürəyim yumruğum boyda… Nolsun… sən ki yerləşmisən… Ruhun…hisslərin ovcumda… Varlığınla çox adisən…
Hələ də öyrənmədinmi? Bu qara qızdı bəxt payın? Yoxsa sevə bilmədinmi? Gələn payızdı… bəxt yayın…
Ermənilər xəyanət nəticəsində ələ keçirdikləri şəhəri neçə gündü dağıdır, yandırır, daşını, dəmirini, təpili-tıxalı evlərini, var-dövlətini talan edib, maşın karvanları ilə Ermənistana daşıyırdılar. Həm də yaman tələsirdilər. Çox duruş gətirəcəklərinə inanmırdılar. Əslində, Qarabağın bu dilbər guşəsinə ayaq basa bildiklərinə bir möcüzə, yuxu kimi baxırdılar. Ermənilər bir zaman Ağdamın elə təkcə adını eşidəndə zağ-zağ əsirdilər…
Erməni dığası Aşotun qəribə fəallığı, artıq-əskik hərəkətləri əsgər yoldaşlarını əməlli-başlı çaşdırmışdı. Elə bil həminki Aşot deyildi. Başqaları əl-qapa girişdiyi halda o, təpili-tıxalı saraylara, sahibsiz bahalı, qəşəng maşınlara gözünün ucuyla da baxmırdı. Onu ən çox maraqlandıran şəhərin Sarıtəpə adlanan yerində əlli-altmış il öncə tikilmiş ikimərtəbəli, yaraşıqlı həyət evləriydi. Bir-bir onların başına dolanır, nəyisə ölçüb-biçir, götür-qoy edir, sonra rus balası tankçı İvanı haraylayırdı:
– Ey, İvan, o əjdahanın ağzını bəri döndər! – Doğrudan da, bu tank şəhərə girən gündən neçə-neçə yaraşıqlı binanı əjdaha kimi udmuşdu.
– Yenə nə xəbərdi, Aşot?..
Aşot barmağını evə tuşlayıb vəhşi bir səslə bağırırdı:
– Uçurt, anasını ağlat bu evin!..
– Bəlkə daha bəsdi, heyifdi, Aşot?.. – İvan yalançı canıyananlıqla ona sataşırdı. Halbuki əl-ayağı gicişən uşaq kimi bekar dayana bilmir, uçurub-dağıtmaqdan həzz alırdı.
– Ara, bəs olanda özüm deyəcəyəm!.. – Aşot avtomatı göyə qaldırıb, amiranə yellədirdi. Yəni söz güləşdirmə.
Yoldaşları onu məsxərəyə qoyurdular:
– Yoxsa qulağına səs dəyib, qızıl küpəsi axtarırsan, Aşot?..
– Bizə də bir şey çatacaqmı?..
Toz dumanı seyrəlib ətraf aydınlaşan kimi Aşot irəli cumurdu. Goreşən kimi viranəlikdə saatlarla eşələnir, daşın-qumun arasında nəsə axtarırdı. Tapmayanda balası ölmüş kimi burnunu sallayaraq dinməz-söyləməz, qaş-qabaqlı halda ordan aralanırdı. Bir müddət kimsəyə qarışmır, hüznlü, fikirli gəzib-dolanırdı. Elə ki, növbəti ikimərtəbəli evi gördü, göygöz kosa kimi gözləri təzədən alışıb-yanır, pər-pər çalırdı…
Üçüncü gün Aşot arzusuna çatdı. İkimərtəbəli evlərdən birinin xarabalığından istədiyini tapdı. Bu, adi daşçapan, bənna baltasıydı. Ağac saplı-zadlı…
Arxasınca sürünən dığalar onu dövrəyə aldılar. Təəccüblə soruşdular:
– Bu nədi, ara?..
Aşot baltanı xüsusi vasvasılıqla, səylə silib-təmizlədi. Əziz balası kimi bağrına basdı.
– Siz bunun qədir-qiymətini bilməzsiniz, – dedi. Sonra onlara baltanın küpündə erməni əlifbası ilə yazılmış yazını göstərdi. – Baxın, oxuyun, Qabrielyan Samvel! – Özü də onlarla birlikdə oxudu. – Hə, necədi sizinçün?..
Nə rus balası İvan, nə də əli avtomatlı erməni dığaları bir şey başa düşdülər. Mat-məəttəl çiyinlərini çəkdilər.
– Samvel kimdi, ara?..
– Mənim babam!.. – Aşot yumruğunu fəxrlə arıq, taxta sinəsinə döydü.
– Yox, ara… – Yenə inanmadılar. – Bizi barmağına dolama, – dedilər.
– Məzhəb haqqı!.. – Bu saat Aşot erməni dığalarını dediklərinə inandırmaq üçün bacısından belə keçməyə hazırdı.
– Ara, cüvəllağı, bəs burda, türkün torpağında nə gəzir?.. – Erməni dığaları qarğa-quzğun kimi qarıldaşdılar.
Aşot bic-bic güldü.
– Bu ev mənim babamın evidi!..
– Bahoo!.. Ara, bu olmadı də!.. – Dığalar cırradılar. – Yoxsa yenə xəlvətə salıb o zəhrimar tut arağından düt deyincə vurmusan, kefin yuxarıdı?..
– Məzhəb haqqı, dilimə də dəyməyib! – Aşot ağzını qulağınacan ayırıb dığalara sarı hovxurdu. – Gördünüz?.. – Dığalar bir az sakitləşdilər. – Bunu mən sizə deyirəm, bura qədim erməni şəhəridi. – Aşot ciddi şəkildə bəyan etdi. – Atam danışırdı ki, babamgil müharibəyəcən bu evdə yaşayıb. Müharibədən sonra türklər biz erməniləri bu yerlərdən, isti yurd-yuvalarından güclə qovmuşlar…
– Sən hansı müharibədən danışırsan, Aşot? – Kimsə dilini dinc saxlamadı.
– Ara, hansı olacaq, 1941-45-dən…
– Ara, bəs nə əcəb indiyəcən bunlar bizim tarix kitablarında yazılmayıb?.. – Başqa biri şübhəylə soruşdu.
– Sovetin, kommunistlərin dövründə belə şeyləri üzə çıxartmaq, yazmaq qadağandı, ay tupoy…
– Bəs bunları sən hardan bilirsən?.. Baban danışıb?..
– Heyif ki, babamın üzünü görməmişəm, – Aşot təəssüfləndi. – Dedim axı, uşaq vaxtı atam danışıb…
Dığalar elə bil yanlarındakı İvanı birdən görüb ayıldılar. Göz-qaşla onu bir-birinə göstərərək:
– Olar, olar… – deyib təsdiqlədilər.
– Olar nədi, ara?.. – Aşot hirsləndi. – Mən faktla, sübutalnı-dakumentalnı danışıram.
– Aşot, o biri evlərdən də bəzilərinin xarabalıqlarında xaç işarələri vardı, bəs bu nə deməkdi?.. – Dığalardan biri maraqlandı.
Aşot lovğa-lovğa özünü dartdı.
– Ara, nə başıboş adamsınız? Bütün bunlar hamısı onu göstərir ki, Ağdam erməni şəhəridi də! – Əslində, Aşotun başı babasının baltasını axtarmağa qarışdığından başqa şeylərə fikir verməmişdi.
– Bəs onda babanın evini uçurtmağa niyə razı olurdun, ay gicbəsər?.. – Məsələni ucundan-qulağından anlayan İvan soruşdu.
– Gic özünsən! Başqa cür dediklərimi sizə necə sübut edəydim? İnanmayacaqdınız axı…
– Yaxşı, indi bu baltanı neyniyəcəksən? Muzeyə təhvil verəcəksən?..
– Bu balta bir yox ey, on evdən də qiymətlidi! – Aşot dedi. – Onu Ermənistana atama göndərəcəyəm. Yataqda xəstə yatır, gözü yoldadı. Gələndə söz vermişəm ki, babamın evini axtarıb tapacağam. Babam baltanı görməsə, Ağdamı aldığımıza heç cür inanmayacaq.
Bir yana baxanda Aşotda günah yoxdu. Atası qəsdən, bilə-bilə hər şeyi dolaşdırmışdı. Əslində, məsələ tamam başqa cürdü.
***
Nəbi kişi nəsilli-nəcabətli, bu ətrafda sayılıb-seçilən kişilərdəndi. Haçansa Ermənistandan Samvel adlı bir erməni ilə çörək kəsmiş, oğlunun kirvəsi eləmişdi. Samvel bu tərəflərə aclıq illərində, müharibədən sonra dadanmışdı. Sənəti bənnalıqdı. İsti aylarda köçünü bu tərəflərə salır, gecə-gündüz yoruldum demədən işləyir, hörgü hörür, ev tikir, puldan-paradan toplayıb qışa çönəndə öz yerinə-yurduna qayıdırdı. Axır vaxtlar gələndə Qaragen adlı balaca oğlunu da yanınca gətirirdi.
İnsafən, Samvel öz sənətini sevən mahir bənna idi. Axırıncı dəfə bu ətrafda Nəbi kişinin ikimərtəbəlisini ucaltmışdı. Ona xüsusi can yandırmış, çox zəhmət çəkmişdi. Odu ki, həddən ziyadə yaraşıqlı alınmışdı.
Hörgünü tamam-kamal axıra çatdırıb qurtaranda Nəbi kişi həyətdə, tut ağacının altında yaxşı bir stol açmış, üstünə can dərmanı düzdürmüşdü.
Samvel tut, zoğal arağından içib əməlli-başlı hallanmışdı. Hətərən-pətərən danışır, özünü-sözünü bilmirdi. Nəbi kişi kirvəsini hələ bu cür görməmişdi.
Samvel arabir çəngəl-bıçağı yerə qoyur, araqla dolu badəni yuxarı qaldıraraq bərkdən:
– Nəbi kişi, – deyirdi, – sən elə bilirsən bu ev sənin evindi? Sənə tikmişəm? Yox, yanılırsan. – Başını bulayırdı. – Bu evi mən məxsusi özüm üçün tikmişəm. Mənim evimdi. İnanmırsan oğlum Qaragendən soruş. – Oğlunu göstərirdi. – Düz demirəm, Qaragen?.. – Guya oğlu nəsə qanırdı.
Qaragenin isə ləziz yemək-içməkdən, buz kimi ev kompotundan, cürbəcür meyvələrdən başqa gözünə heç nə görünmür, qulağına heç nə girmirdi.
Nəbi kişi də kirvəsinin nə qırıldatdığını düz-əməlli kəsdirmirdi. Daha doğrusu, milçək vızıltısı kimi saya-hesaba almırdı. Onun da kefi tamam özgə bir ala buluddaydı. Gülümsəyə-gülümsəyə başını tərpədir, kirvəsinin sözünü təsdiqləyirdi. Hərdən də fikirləşirdi ki, kopolunun tut arağı, sən yamanca şeysən, lap siçanı pişiyin üstünə qaldıransan.
– Əlbəttə, öz evindi, a kirvə! Haçan ayağın bu tərəflərə düşdü, qapım üzünə taybatay açıqdı…
Uzun sözün gödəyi, lap axırda, halallaşıb darvazadan çıxmağa hazırlaşanda Nəbi kişi Samvelin qolundan yapışaraq saxladı:
– Kirvə, bəs həcəmətlərin hanı? Qoyub gedirsən?..
Samvel oğurluq üstündə yaxalanmış adam kimi özünü itirdi. Əl-ayağı əsdi, dil-dodağı təpidi.
– Ara, nə həcəmət, nə zad?..
Nəbi kişi yenə fərqinə varmadı. Zarafata yozdu.
– A kirvə, dedim, axırıncını içmə də. – Sonra çönüb uşaqlarını harayladı. – Ay uşaq, baxın görün kirvənin həcəmətləri orda hardadı? Tapın gətirin.
Böyük oğlu oranı-buranı çox axtarandan sonra Samvelin köhnə torbasını tapıb gətirdi. İçində xırda-xuruş şeylərdi.
– Daşçapan baltasını tapmadım, ata…
– Ara, ver bəri… – Samvel torbasını qapıb tez aradan çıxmaq istədi.
– Kirvə, tələsmə. – Nəbi buraxmadı. – Ayə, oralarda olacaq. İynə deyil ki, itsin! Yaxşı axtarın. Bizim evdə heç nə itməz…
Oğlu gedib təzədən əliboş qayıtdı. Nəbi kişinin tərs damarı tutdu. Arvad-uşağa qoşulub özü də axtardı. Bütün yırtıq-deşiyə baxsalar da, balta tapılmadı ki, tapılmadı.
– Kirvə, sezonu başa vurub evə qayıtdığın məqamda bu, heç yaxşı əlamət deyil. – Nəbi kişinin elə bil nitqinə nəsə dolmuşdu. – Yaxşı-yaxşı fikirləş, yadına sal görək axırıncı dəfə baltanı hara qoymusan? Axı balta sənin çörək ağacındı. Onu elə belə qoyub gedə bilməzsən…
Samvelin cavab verməyə halı qalmamışdı. Qoyun kimi durub gözünü döyürdü. Rəngi-ruhu avazımışdı. Bu halı Nəbi kişini yavaş-yavaş şübhələndirdi.
Allahdan olan kimi oğlu Qaragen birdən böyürdən dilləndi:
– Nəbi əmi, mən bilirəm atam daşçapanı hara qoyub…
– Hara qoyub, a bala?.. – Nəbi kişi sevincək soruşdu.
– Divara hördü… – Uşaq bir gözü atasında qorxa-qorxa kəkələdi.
– Necə?.. – Nəbi kişi heyrətləndi.
Ara-sıra erməni ustalarının kənd-kəsəkdə, şəhərdə yüz oyundan çıxdıqlarını, küçə və meydanlarda, böyük, nəzəri cəlb etməyən hökumət tikililərində qəribə, cürbəcür nişanə, rəmz, iz qoyduqlarını eşitmişdi. Ancaq yatsa yuxusuna da girməzdi ki, belə bir iş onun da başına gələ bilər…
Kişinin gözləri bircə anda qan çanağına döndü. Qızıl quş kimi şığıyıb Samveli boğazladı. Çatı ilə əl-ayağını çataqladı. İt ölüsü kimi sürüyüb tut ağacının altına atdı.
– Köpəyoğlu, de görüm bu nə deməkdi?..
Samvel ağlayıb qan-yaş tökdü. Yalvarıb-yaxardı, ağlaya-ağlaya tikdiyi evlərə xaç işarəsi, ermənicə yazılmış cürbəcür lövhələr, rəmzlər qoyduğunu boynuna aldı. Guya bunlar hamısı hansısa erməni təşkilatının gizli tapşırıqlarıydı. Onu məcbur edirdilər…
– Ə, qurumsaq, buna görə pul-para alırdın?.. – Nəbi kişi Samvelin sifətinə tərs bir şapalaq ilişdirdi.
– Məzhəb haqqı yox!.. – Samvel and içdi.
– Tfu, sənin məzhəbinə!.. – Nəbi kişi murdar ətə tüpürürmüş kimi tüpürdü. – Bu, nə azardı, ə, siz milləti tutub?..
Samvel söylədi ki, bu nişanlar gələcək nəsillərə ötürülən işarələr, kodlardı. Neçə illər keçəndən sonra əvəzsiz dəlil-sübuta çevriləcəkdi. Ermənilərin bu torpaqlarda yaşadığını, hətta bu torpaqların ermənilərə məxsus olduğunu sübuta yetirəcəkdi.
– A bədbaxt, – dedi, – elə bilirsiniz gələcəyin tarixçiləri də indikilər kimi manqurt olacaqlar? Əksinə, bu əşyaları tapanda bir daha inanacaqlar ki, ermənilər, həqiqətən, türklərin nökəri, fəhləsi, biçinçisi, bənnası, bir sözlə, qab dibi yalayanları olublar.
Nəbi kişi sonra oğluna dedi:
– Ordan lapatkanı bura gətir, ə. – Samvelə sarı döndü. – Hə, kirvə, demək, sizin o murdar gələcək nəsillərə dəlil-sübut lazımdı. Neynək, mən bu saat təzə bir bünövrə qazacağam, səni də diri-diri ora hördürəcəyəm. Düşünürəm ki, erməni cəsədi gələcəkdə daha qiymətli əşyayi-dəlil sayılar.
Beli əlinə alıb bir təpkeş vuranda Qaragen cikkə çəkib özünü atasının üstünə atdı. Onu bərk-bərk qucaqladı.
Nəbi kişinin xasiyyətinə bələd olan qonşular yaxınlaşmır, kirimişcə bir tərəfdə durub həngamənin nə ilə qurtaracağını gözləyirdilər. Bilirdilər ki, qarışmağın, qabağına durmağın xeyri yoxdu. Sözləri sözündən ötkəm deyildi, zorları, gücləri də gücündən. Dediyi dedikdi.
Handan-hana yenə arvadı dözmədi, irəli yeriyib yaylığını ərinin qabağına atdı.
– Nəbi, bir qələtdi ata-babasıynan eləyib, çörək tutmuşu körpəsinə bağışla.
Nəbi kişinin əl-qolu boşalıb yanına düşdü.
– Gərək sən qarışmayaydın, arvad, – dedi. – İlanın ağına da lənət, qarasına da. – Qəzəblə tüpürdü. – İlan balasından törəyən ilan olar. – Əyilib arvadının yaylığını yerdən qaldırdı. – Qurban olsun bu camaata! – Böyür-başdakılara çöndü. – Əl-ayağını açın, it kimi qovun getsin. Bir də bu tərəflərə hərlənsə, tikəsini qulağı boyda eləyəcəyəm!..
Samvel üç gün yorğan-döşəkdə titrədib-qızdırdı. Dördüncü gün dərdini dilinə gətirmədən canını tapşırdı…
Anam xəstələnmişdi. Neçə gündü Ağdam, doğulub boya-başa çatdığı, ömrünün çoxunu yaşadığı Qiyaslı kəndi dilindən düşmürdü. Hər gecə yuxusunda kəndimizi, bağ-bağatlı həyət-bacamızı gördüyünü söyləyirdi. Sonra bütün günü havalı kimi öz-özüynən danışırdı: “Vallah, necə qoyub gəlmişəmsə, hamısı yerindədi. Erməni adam deyil? Axı niyə dağıtmalıdı? Bayquş xarabalıq sevər. Yesin-içsin, yaşasın də bəy kefində. Dədəsi-babası görmədiyi günə düşüb”.
Bir gün də dedi:
– Bu gecə sənnən yenə kəndimizdəydim. Darvazamızın ağzında avtobusdan düşən kimi qonşumuz Telli arvad böyürdən çıxdı. Dedi, ağız, hardasınız? Gilasınızı niyə yığmır, qurd-quşa yem eləyirsiz? Gözüm qonşuların həyətini gəzdi. Bizdən başqa hamının gilası dərilmişdi. Səsə qonşular tökülüb gəldilər. Qonşu rayonlara, kəndlərə geniyən, ölüb-itən bildiklərimizin hamısı burdaydı. Gülşən xalayın sənnən oxuyan qızına gözüm sataşdı. Dedim, ay canıyanmış, sən heç yekəlməmisən ki? İncimiş qayıtdı, oğlundan bəri bax! Çöndüm ki, sən də elə onun boydasan. Matım-qutum qurudu. Bu vaxt darvazamızın arxasından səsini eşitdim: “Uşağa baş qoşma, gəl gün qalxmamış gilasımızı yığaq”. Baxıram, boyaboy sıralanmış gilas ağaclarımız hamısı insan kimi qaş-qabaqlıdı. Evləndiyimiz il atayın əkdiyi gilas ağacını qucaqladım, öpüb-oxşadım. Qurvan olum, dedim, bizdən küsməyin, Allah erməniyə lənət eləsin! Ağac qollarımın arasında canlandı. Sonra gilas ağacında gilas yığır, yeyirdim…
– Eh, mən Qiyaslı gilasının tamarzısıyam. O, başqa bir dad-tamdı. Elə bilirəm, bir də yesəm, ölmərəm.
– Nənə, indiyəcən ağızda dad-tam qalar? Gör neçə ildi Qiyaslı gilası yemirsən?
– Neçə ildi nədi? – Nəvəsinə çəmkirdi. – Ağzımda deyirəm, bu gecə həyətimizdə gilas yığır, gilas yeyirdim…
Gülüşdük.
***
Maşını Qurd qapısından Sədərək “talkuçkası”nın yanındakı “Meyvəli”yə sürdüm. Bazarda mer-meyvə ayaq tutub yeriyirdi. Gözüm gilas axtarırdı. Piştaxta arxasındakılar yaxınlaşdığımı görüb canlanır, mallarını tərifləməyə başlayırdılar.
Qiyaslı gilasının dadı-tamı az-çox mənim də damağımda qalmışdı. Qaçaqaç vaxtı ikinci sinifdə oxuyurdum. Kənd uşağıydım. Meyvə vaxtı yıxılar, şikəst olarıq deyə nə qədər qadağa qoysalar da, axşama qədər ağacların başındaydım. Çətini gözdən oğurlanıncaydı.
Qiyaslıda o həyət yoxdu, 5-6 gilas ağacı olmasın. Havayı demirdilər, Qiyaslı – qapısı gilaslı! Gilas ağacı olmayanı qiyaslı saymazdılar. Qiyaslı gilası adla deyilərdi. Əmim oğlu ilə gilas satmağa gedəndə görmüşdüm, Ağdam bazarında hara baxsan, Qiyaslı gilasıydı. Ürəyi gilas istəyən Qiyaslı gilası alırdı.
Biri əmim oğlu, gilas vaxtı qiyaslı cavanlarının keyfi ala buludda cövlan edərdi. Adi siqareti bəyənməz, harda bahalı filtrli siqaret var, ondan alıb fısqırdardılar. Bazarın yanında, Qiyaslı avtobus dayanacağı ilə üzbəüzdəki Məhinin çayxanasında pürrəngi çay qabaqlarında, “Marlbora” damaqlarında ötüb-keçən şəhərli qızlara baxar, bildirçinin bəyliyini yaşayardılar.
– Yan keçmə, bəri dur görüm nə axtarırsan, əmoğlu? – Suyuşirin satıcı əliynən qarşısındakı meyvələri göstərib çağırdı. Yaşdaş olardıq.
– Gilas, – dedim.
– Beçə balı kimi şirin gilas məndə, – şəstlə dedi.
– Anam mənə qənd kimi şirinini almağı tapşırıb, qardaş, – gülüb dedim. – Hara gilasıdı?
– Hara gilası?.. – Bayaq mən gilassatana bozaran kimi indi də anam mənə bozardı.
Daha uzatmadım, gilası hardan, kimdən aldığımı danışdım. Bir anda anamın qırışığı açıldı. Qızım gilası suya verib gətirincə keçmişlərə baş vurdu:
– Hə, Bərdədə də bir Qiyaslı kəndi var. Atan rəhmətlik haçansa mənə o kənddə bir qohumu yaşadığını söyləmişdi. – Yerində dikəldi. Gözləri yenə işıq saçırdı.
Narahat oldum. Eşitmişdim ki, insan, ömrünün sonu yaxınlaşdıqca daha artıq keçmişi ilə yaşayır.
Qızım gilası yeyə-yeyə təriflədi:
– Nənə, bir bax, lap qənd kimi şirindi.
Anam gilasdan birini götürüb ağzına qoydu. Dişləyib tamsındı. Handan-hana başını bulayıb dedi:
– Dadlı gilasdı, amma o deyil.
– Qiyaslı gilasıdı də, – qızım şeytanlıq elədi.
– Quzum, – nəvəsini çəkib yanında oturtdu, – yığışdığımız bu köçkün yataqxanasında səndən başqa neçə Aytən adlı qız var?
– İki, – qızım dedi.
– Səncə, bu üç Aytənin hansı mənə daha əzizdi?
– Əlbəttə, mən! Sən mənim ürəyimsən, mən də sənin!
Qızım nənəsini, o da nəvəsini qucaqlayıb öpdü.
– Ana, – dedim, – tezliklə torpaqlarımız azad olunacaq. Hamı kimi biz də öz yurd-yuvamıza qayıdacağıq.
Anam köksünü ötürməklə kifayətləndi.
***
Qaçqınkom zəng eləmişdi. Bizi təbrik edir, ailə üzvlərimizin sayı, yurd-yuvamıza dönmək istəyib-istəmədiyimizlə maraqlanırdı. Ordumuz erməni işğalına son qoymuşdu.
Bərkdən:
– Əlbəttə, istəyirik, – dedim. – Minalardan təmizləsinlər, getməyə icazə versinlər, günü bu gün uça-uça qayıdarıq!
Anam soruşdu:
– Kimdi, nə deyirdi? – Başa saldım. – Buralarda, qocalar evində-filanda bir yer ayırsaydılar, mən getməzdim, – dedi.
Çaşıb qaldım. Bunu bu illər ərzində öz yurd-yuvasının həsrəti ilə qovrulan anamın dilindən eşidirdim.
– Niyə, ana? Öz elinə-obana getmək istəmirsən?
– Elim-obam qalıb?
– Hamısını təzədən qurub-tikəcək, cənnətə döndərəcəklər.
– Qorxuram, oğul.
– Nədən?
– Gedib o kənd-kəsəyimi, ev-eşiyimi görməməkdən. Buna dözmərəm, ürəyim partlayar. Mənə cənnət yox, o kənd-kəsəyim lazımdı. Səni qınamıram, amma bir gilası tapıb mənə verə bilmədin. Bəs dünya boyda kəndimi, adamlarını, kəndimiz uğrunda şəhid olmuş ərimin qəbrini mənə kim verəcək? Onları birdəfəlik itirməkdən qorxuram.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru
Xalq artisti Vamiq Məmmədəliyevə Vamiq tar çalırdı… dərdli simlərdə Ağrı alovlanır, əzab yanırdı. Xəyal səhrasında yanan qəmlərdə
Bir eşqin karvanı sıralanırdı. Mizrab tutan əllər pərdələr üstə, Məcnundu – səhrada Leyli soraqlar. Ruhum can quşudur uçub ahəstə,
Tale kitabımı açar, varaqlar. Simlərdən od qalxır, vulkan püskürür, İnsan Allahına asidir, bəlkə?! Kəsilən başdımı – al-qan püskürür
Bircə son umidin yasıdır, bəlkə?! Simlər nalə çəkir, fəryad qoparır, Bir şair anası güman istəyir. Məcnunu Kəbəyə niyyət aparır,
Bir ata göylərdə aman istəyir. İnadı səhrada qumlara batan, Bir karvan sürünür toz dumanında. Allahı yoluna bələdçi tutan
Bəndələr yanılmaz öz gümanında. Dayan, ustad, bir an, bir nəfəs alım, Görüm ki, mən niyə alovlanıram. Min dərdin hansının hayına qalım,
Hansına deyim ki, axı yanıram?! Məcnun mən deyiləm; səhrada yanan Bir eşqin dərdini daşıyıram mən. Onsuz da edamda qana boyanan,
Aşiqin ömrünü yaşayıram mən. Açma yaxasını sirlərin hələ, Çoxları bilməz ki, sən nə deyirsən? Çoxları əyilər hər əsən yelə,
Bir eşqin önündə sən baş əyirsən. Mən sənin dilini bilirəm, ustad, “Çoban bayatı”dı mənim həyatım. Tarın simlərindən qalxan bu fəryad,
Mənim oxşamamdı, mənim bayatım. …Vamiq tar çalmırdı, ürək çalırdı, Telləri al-qana batırdı tarın. Yanğısı dərdindən qisas alırdı,
Durna harayında ötən “qatar”ın. Haqqın dərgahına Dədə Ozanın, Yolu simlər üstə közə tutulur. Qələmi sınaydı bəxti yazanın
Şair də yanmağa sözə tutulur. Vamiq tar çalırdı… ruhum simlərdə, Məhşər ayağından keçib gedirdi. Mələklər göylərdən baş əyib dərdə, Səsi pərdə-pərdə içib gedirdi.
Qoy bu şeir də təbiəti qorumaq, onun nazını çəkmək istəyən bütün dünya insanlarının “ÇAĞIRIŞ MARŞI” olsun
Həzindən həzindi, kövrəkdən kövrək, Qışında qar istə, yazında çiçək, Adi böcəyin də nazını çəkək, Hər şeydən baş sayaq bu ülfəti biz, İnsanlar, qoruyaq təbiəti biz.
Yeraltı, yerüstü varı bizimki, Min cürə bəhrəsi, barı bizimki, Alması, heyvası, narı bizimki, Daha da bol edək bu sərvəti biz, İnsanlar, qoruyaq təbiəti biz.
Qayğı var, yerinə can verəndi o, Arzuya, murada yetirəndi o, Daşda da gül-çiçək bitirəndi o, Ondan pay almışıq məhəbbəti biz, İnsanlar, qoruyaq təbiəti biz.
Hər yarpaq bir udum nəfəsdi bizə, Hər budaq ilhamdı, həvəsdi bizə, Ağacsız bu dünya qəfəsdi bizə, – Car çəkək dünyaya həqiqəti biz, İnsanlar, qoruyaq təbiəti biz.
Hərəyə bir ağac əkək, sevinək, Sonra qayğısını çəkək, sevinək, Gülsün üzümüzə çiçək, sevinək, Qəlblərə köçürək hərarəti biz, İnsanlar, qoruyaq təbiəti biz.
Bu gündən sabaha inam daşıyar, Su çıxar, sevgiylə, inan daşı yar. İnsan gözəlliklə gözəl yaşayar, Dildə şüar edək bu hikməti biz, İnsanlar, qoruyaq təbiəti biz.
Yüksəliş yoludur yolu Türkümün, Bizlərik qanadı, qolu Türkümün, Bizə əmanəti Ulu Türkümün, Vətəndir – hifz edək əmanəti biz, İnsanlar, qoruyaq təbiəti biz.
Dərin hörmət və sayğılarla, Rafiq ODAY, şair, publisist, Respublikanın Əməkdar jurnalisti
Külək səbrsiz-səbrsiz elə əsir, illərlə qürbətdə can çürüdən qəribdi sanki, evinə çatmağa tələsir. Hardasa bir ağac qırılır Torpağın bətnindən, çiçək-çiçək ümidləri qırılır ağacın… Bir-birinə calanmış, yamanmış elektrik naqilllərinin qırılıb başına düşəcəyindən qorxur sağ ayağını bir zaman düşmənin at oynatdığı yurda əmanət edən Sadiq kişi… Düşmən gülləsindən qoruduğu canı nazik bir telə qurban verəcək? Bir ayağa qlıb ümidi, onu da əsən yelə qurban verəcək? Dərsini bilməyən uşaq kimi tir-tir əsir külək, kimdən qorxur, nədən qorxur? Qorxduqca daha da qorxulu olur… Şiddəti artdıqca küləyin artır həyəcanı, artır təşvişi, qoltuq ağacıyla asfaltı döyə-döyə evinə tələsir Sadiq kişi…
Təki sən gəl…
Hava da soyudu günəş getdi sən gedən yerə. Günəşi görməyən ürəyim Heç üşümədi ki sənin sevginlə yaşadı səninlə yaşadı… Sığındı sənin xəyalına Isindi… Bir azdan günəş də doğacaq Sən də dönəcəksən geri. Gəl, təki gəl! Günəş də gəlsin səninlə… Niyə uzağıq bir-birimizdən, niyə? Bu qədər yaxınkən o qədər uzaq olmaq ayrılıqla qol-boyun yaşamaq nədəndir axı?
Həyat kimi Ölüm – hər şeyə bir anda son verməkdir yazılacaq gözəl bir şeirə nöqtə qoymaqdır… Bəlkə də o şeir onu yazacaq şairi dünya durduqca yaşadacaq Kim bilir? Mən səndən həyatı sevməyi öyrəndim Yazacağım yeni şeirə tez nöqtə qoymağı yox. Daha gözəl yazmaq üçün çox düşünməyi öyrəndim. Sən elə həyatın özüsən indi daha yaxşı başa düşürəm sənin həyat olduğunu məni yaşatmaq, həyatdan zövq almağım üçün çalışdığını və mənim həyatım olduğunu mən həyatdan – səndən heç bezmədim ki bilirsənmi?..
Sahildə Gəl, bir az da özümüz olaq dənizə dərdimizi danışmayaq məsələn axmaq olmayaq bir günlük qağayılara çörək atmayaq sol tərəfdəki dilənçi qıza bax burnunu koftasının qoluna silir gözlərini sahilə…
Əsədullayev Mais Əsəd oğlu (Mais Təmkin) 15 oktyabr 1968-ci ildə Lerik rayonun Livədirqə kəndində fəhlə ailəsində anadan olmuşdur.
Hələ orta məktəbdə oxuduğu zaman şeirə, ədəbiyyata böyük maraq və həvəs göstərmişdir. 1986-1988-ci illərdə Ukrayna Respublikasında hərbi xidmətdə olmuşdur.
1993-cü ildən dövri mətbuatda poeziya nümunələri və publisistik məqalələrlə çıxışları olub. “Bu gecə ulduzlar yaman seyrəlib” ilk şeirlər kitabı 2003-cü ildə işıq üzü görmüşdür.
“İlhamın gücü” poeması 2005-ci ildə “Avropa” nəşriyyatında çap olunmuşdur.
“Hikməti sozundə axtar” üçüncü kitabı 2009-cu ildə “Nurlan” nəşriyyatında çap olunub.
Şeirləri “Lerik ünvanlı duyğular” , “Zərif beytlərimiz”, “Lerikin söz ətri”, ,,Zərrələr” almanaxlarında, o cümlədən , Türkiyədə işıq üzü görmüş,Dünya Türk ədəbiyyatı Antologiyası , Avrasiya şairlər Antologiyası, ,,Atəş-2016″ , Türk seçkin Ozan və Şairləri”, ,,Turana açılan könüllər” Sivas Yazarlar birliyinin ,, Şairlər seçkisi 11″ ,, Aprel döyüşlərinə həsr olunmuş ,, Aprel döyüşləri” ,Qarabağnamə 1-2- 3-ci cild” ,,Anasız, Atasız dünya”, ,,Sevmişəm sevəcəyəm” antologiyalarında və bir sıra nüfuzlu ,,Nyus.az, Analoq. az, Gündəlik informasiya agentliyi , Azərbaycanın Mədəniyyət və Ədəbiyyat, Zirvə İnformasiya Agentliyi kimi internet portallarında çap olunmuşdur.
“İlhamlı günlərin nəğməsi” kitabı 2014-cü ildə “Nərgiz” nəşriyyatında işıq üzü görmüşdür.
2014-cü ilin yanvarında Azərbaycan Yazıçılar Birliyinin sözçüsü şair Xəyal Rza tərəfindən həyata keçirilən “Bir bənd şeir” müsabiqəsinə qatılıb , müsabiqənin qalibi adını qazandığına görə AYB-nin fəxri diplomuna və mükafatına layiq görülmüşdür. 31 Mart soyqırımına həsr olunmuş ,,Əbədi xatirəyə ədəbi baxış” müsabiqəsinin qalibi olmuş və həmin müsabiqənin ,,Əsrin Ziyalıları” fəxri diplomuna layiq görülmüşdür. 2019 cu ildə AYTV kanalının keçirdiyi sorğuya görə ,, İlin şairi” elan olunmuş və xüsusi fəxri diplomla təltif olunmuşdur. Eyni zamanda , Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ,, Cahana sığmazam” almanaxında çap olunmuş şeirlərə görə ,, Nəsimi Poeziya Diplomu”na sahib olmuşdur!
2017-ci il Yanvar ayında Omedia.az saytının ,,Bir bənd şeir ” müsabiqəsi layihəsində uğurlu nəticə göstərərək, müsabiqədə l- yerin qalibi adını qazanmışdır.. ,,Qızıl qələm” və ,,İlhamlı günlərin nəğməsi” kitabına görə ,,Azərbaycan Bayrağı” media mükafatının laureatıdır. Sayca beşinci olan ,,Dağlardan boylanan ömür ” kitabı 2017-ci ildə ,, Elm və təhsil ” nəşriyyatında işıq üzü görmüşdür. 2020-ci ilin Yanvar ayında Qafqaz Media Birliyi tərəfindən ,,İlhamlı Azərbaycan” döş nişanına, 15 İyun Milli Qurtuluş günü münasibəti ilə ,,Heydər Zirvəsi” medalına , həmçinin, QMİB-nin təsis etdiyi ,, Xarı bülbül” medalına layıq görülmüşdür.
2016-cı ilin Oktyabr ayından Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2021- ci ilin May ayından Prezident Mükafatına layiq görülmüşdür.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Səni döydüm yüz kərə, Şillə, yumruq… Təpiklə… Neynim ki, gedənlərə Baxan gözüm tətikdə…
Indicə başlayacaq Yollara qəfil hücum… Gözlərimdən yağacaq Duzlu su udum-udum…
Bilirəm ki, günahı Səndə axtarmaq günah… Gedişlərin son “ah”ı Məni ovutmayacaq…
Başıbatmış ayrılıq Baltadı… Mən də sapı… Gəl, bu dərdli yalnızı Bağışla, açıq qapı…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
İkimiz də uduzmuşuq… İkimiz də uduzmuşuq sevgimizi, Sevə bilməmişik əslində… Illərin yürüşünə qatıb əlimizə də dərddən bir çomaq alıb Haylamışıq uzaqlara O ilahi hissimizi… Örüş tanımamışıq əslində…
İkimiz də yox olmuşuq Bizə yalan danışan, Bizdən küsüb taleyilə barışan Insanların gözlərində… İkimizin adı qalıb Arxamızca ünvanlanan, Kimlərinsə “can qurtaran” Haqlı-haqsız sözlərində… Ikimiz də dönüşü yox, Enişi çox, yoxuşu çox Bir yola çıxmışıq… Nə dönməyə üzümüz yox… Nə ölənimizi ağlamağa Yaş tökəcək gözlərimiz yox… Biz gedənin arxasınca Içimizdə ağlamışıq… Quruca gözlə baxmışıq…
Uduzmuşuq bu taleyə… Tənhalıqdan alışan, Sevgidən donan qəlbimizi… Başqa ad qoya bilmədiyimiz Qismətimizi… İkimiz də uduzmuşuq… Uduzanlar harın olur udandan… Daha acgöz olur… Tamahı “mərtəbəli”, İstəyi “göz-göz” olur… Əl çəkə bilmir oynadığı oyundan… İkimiz də uduzmuşuq… Amma yenə oyundayıq… İstəsək, bir bulağın gözünə hopub Torpağın altına köçərik… İstəmirik…Oynayırıq…Bu dünyadan qopub O dünyaya gecikmək üçün tələsirik… Oynayırıq…Bəlkə qara qismətimizin Yoluna hörmək üçün Ümid daşları gəzirik? İkimiz də uduzmuşuq…
Bu taleyə, bu qismətə… Övladımızı uduzduq… Sevdamızı uduzduq… Arzularımızı, ümidlərimizi, Vüsalımızı uduzduq… Bir sən qaldın…Udulmamış… Bir mən qaldım… Hələ sənə yad olmamış… İkimiz də uduzmuşuq…
İkimizin bir yağışı qalıb bizə… O yağışın bir alqışı qalıb bizə… İndi də dur, ya yönün sal biz tərəfdən… Ya mənim durum gəlim sizə… Qoşalaşaq, cüt zər kimi Bu oyunda hakim olaq… Biz bunu da bacarmasaq Adicə eşqpərvər kimi Eşqə and içib yaşayaq… Ya da… Ya da, söylə, bəs kim olaq? 17.10.2012
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Qaldırıb atmışam son çarələri, Ömrümün gör neçə otağı boşdu… Həkimi sən olan xatirələrim Qarıyıb-qocalıb, çoxu naxoşdu… Qapımın qıfılı yox, qəfil gələrsən deyə… Gedəndən ürəyim qanlı qəsrdi… Mənim kədərimlə Sənə deməyə Tanrı Söz göndərir neçə əsrdi… Ömrümün gör neçə otağı boşdu, Qayıt… Nəfəsinlə şen olsun ömrüm…
Muxtar Vilayətin Ali Məclisinin Sədri hörmətli Vasif müəllim, 44 günlük qələbəmiz zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyev atasının məzarı önündə – Xoşbəxtəm ki, ata, sənin vəsiyyətini yerinə yetirdim, – dediyi anlarda, 1991-ci ilin avqust ayını, Naxçıvana, ulu öndəri ziyarətə gəldiyimiz günü də xatırlayırdım.
Moskva təqiblərindən sonra o, Sizin evinizdə qalırdı. Xalq şairi Bəxtiyar Vahabzadəni, şair Qasım Qasımzadəni, professor Rüstəm Əliyevi və məni Sizdə qarşıladı.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Ömrümüzün səhərləri, axşamları çox, Çiçək-çiçək ulduzları, ağ şamları çox. Axşamlara işıq verən adamları çox, Bu axşamı sən gətirdin mənim ömrümə.
Bara döndü, budaqları əydi bu axşam, Min səhərin ləzzətinə dəydi bu axşam. Bir gözələ könül vermiş bəydi bu axşam, Bu axşamı sən gətirdin mənim ömrümə.
Arı qonar, çiçəklərin şəhdini əmər, Bahar adlı fəslə çatar muştuluq, nəmər. Barmağında üzük oldum, belində kəmər, Bu axşamı sən gətirdin mənim ömrümə.
Qara saçlar, qara tellər, qara hörüklər, Bir dəmirçi kürəsitək qəlbi körüklər. Qəlbə hopar, qana keçər, cana yeriklər, Bu axşamı sən gətirdin mənim ömrümə.
Suyu duru, havası saf, çeşməsi sərin, Sözü şəkər, söhbəti bal, sevgisi dərin. Kölgəsində sığınmışıq gözəlliklərin, Bu axşamı sən gətirdin mənim ömrümə.
At oxunu, qaşlarının yayı çox olsun, Səni verən Yaradanın payı çox olsun, Belə-belə axşamların sayı çox olsun, Bu axşamı sən gətirdin mənim ömrümə.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
“son” adlı hər qatili “ilk” adlı sevgi doğar… sev həsrəti, ağılllım, axı səni kim aldadıb “hər eşqdən vüsal doğar”?!…
mənə inan… təkcə mənə! eşq qısırdı, mən dəli… nolsun, gəlmir əynimə, sənin aldığın donlar, yetər nimdaş köynəyin…
Nə biz “iki könülük”, nə dünya “dalda yeri”… Biz-həyata könüllü gəlmirik ki, sevinək… Dünya bir edam yeri…