Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru.

Bahar nəfəsli sinən güllələrə tuş gəldi,
Ağu dedi bülbülün, qaranquşun nəğməsi.
Çiçəklərin, güllərin gözlərindən yaş gəldi,
Daraldı hər bir yerdə təbiətin nəfəsi.
Şəhid ayım, aprelim!

Qönçə-qönçə gül açan güllərin güllələndi,
Şəhid ətrin yayıldı, qara geydi buludlar.
Hər arzun, hər diləyin qəlbində düyünləndi,
Torpağına, daşına başın əydi buludlar.
Şəhid ayım, aprelim!

Dalğalandı dəniz tək, çaxdı ildırım kimi,
İgidləri hayladı azadlığın işığı.
Ölümə sinə gərən ərən oğullarına,
Əbədiyyət yaratdı o bahar yaraşığın.
Şəhid ayım, aprelim!

Nəfəsində igidlik toxumları səpildi,
Şəhidlərin ruhunda açıldı danın gözü.
Qönçələrin qan əmdi, küləklərin acıdı,
Çiçək açdı dilində azadlıq adlı sözün.
Şəhid ayım, aprelim!

İnamından güc aldı, igidlərin nərəsi,
Könlün qana boyandı, nəfəsin lalə rəngi.
Səngəri salamladı qaranquşun müjdəsi,
İntiqam, qisas dedi azadlığın çələngi.
Şəhid ayım, aprelim!

Vətən adllı tarixin düşüb igid payına,
Aprel şəhidlərimin qızıl səsli bu ünü.
Şəhidlərim doğuldu dil açdı sinən üstdə,
Apeliin ikisində yazıldı doğum günü.
Şəhid ayım, aprelim!