AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçilib və sözügedən qurumun “Beynəlxalq qızıl ulduz” medalı ilə təltif olunub.
Vüqar Əhməd bu mükafata Azərbaycan-Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərinin güclənməsinə verdiyi töhfələrə, eləcə də türk dünyasının ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi, görkəmli alim, şair, professor-doktor Elçin İsgəndərzadə kafedra müdiri olduğu Texniki Universitetdə Vüqar Əhmədə Azərbaycanda elmin inkişafındakı xidmətlərinə görə akademik elmi adına layiq görüldüyünü bildirib.
Beynəlxalq “Qızıl Ulduz” medalı və akademiyaya üzvlük diplomu professor Elçin İsgəndərzadə tərəfindən Vüqar Əhmədə təqdim edilib. Vüqar Əhməd əməkdaşı olduğu AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun kollektivi adından Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının ona səs verən bütün üzvlərinə və namizədliyini dəstəkləyən Elçin İskəndərzadəyə təşəkkürünü bildirib: “Bu təkcə mənim uğurum deyil, Azərbaycan Milli Elmlər Akademiyasının, Ədəbiyyat İnstitutunun, Azərbaycan elminin uğurudur”.
Vüqar Əhməd eyni zamanda Nyu-York Elmlər Akademiyasının üzvüdür. 40-dan çox elmi-ədəbi kitabın, monoqrafiyaların və dərsliklərin müəllifidir. Elmi və bədii əsərləri rus, fars, ingilis, türk və başqa dillərdə dünyanın tanınmış nəşriyyat və dərgilərində çap olunub.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistanın böyük şairi və mütəfəkkiri Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib. Təqdimatda Pakistanın Azərbaycandakı səfiri Bilal Haye, Mahmud Kaşğari adına Beynəlxalq Fondun rəhbəri, şair Elxan Zal Qaraxanlı və fondun əməkdaşı Əfqan Nəsirli və digər ziyalılar iştirak ediblər.
Tədbiri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq qardaş Pakistan dövlətinin səfirinin iştirakı ilə Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatının keçirilməsini yüksək qiymətləndirib. Akademik kitaba “Pakistanın mütəfəkkir şairi və azadlıq carçısı” adlı ön söz yazdığını vurğulayaraq Məhəmməd İqbalın yaradıcılığının özəlliyindən danışıb. Həmçinin instituta aid nəşrlərdən səfirə hədiyyə edib.
Sonra Pakistanın Azərbaycandakı səfiri Bilal Haye çıxış edərək bildirib ki, mənimçün şərəfdir, sizinlə İnstitutda görüşürəm. Bizim qardaşlıq əlaqələrimiz 1992-ci ildən bəri daha da genişlənib. Nizami Gəncəvi və Məhəmməd İqbal hər iki xalqı bir-birinə yaxınlaşdıran böyük dahilərdir. Elmər akademiyasının bu kitabla bağlı tədbiri məni çox təsirləndiridi. Mən bilirəm ki, bu il “Nizami Gəncəvi ili” elan olunub, biz Nizami Gəncəvini Pakistanda tanıtdırmaq üçün işlər görmüşük. Mən Azərbaycanın İslamabaddakı səfirliyi ilə əlaqə quracağam və tədbirlər keçirməklə bağlı danışıqlar aparacağam. Məhəmməd İqbalın da mesajı tək bir xalqa yönəlik deyildi, bütün xalqlara yönəlik idi. Mən bilirəm ki, həm Pakistan, həm də Azərbaycan Milli Elmlər Akademiyasının qanunları çox ciddidir və biz də səfirlik olaraq hər zaman sizin yanınızdayıq. Sizə və əməkdaşlarınıza bizə ayırdığınız diqqət üçün dərin təşəkkürümü bildirirəm.
Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli “Məhəmməd İqbal – milli istiqlal mücahidi” mövzusunda məruzəsində qeyd edib ki, “bu gün Pakistan xalqının böyük siyasət və fikir adamı, istiqlal mücahidi Məhəmməd İqbalın (1877-1938) kitabının işığına toplaşmışıq. Onun yaradıcılığı ilk dəfə deyil ki, Azərbaycanda araşdırılır və nəşr edilir. İlk dəfədir M.İqbalın “Seçilmiş əsərləri” (Bakı, Elm və təhsil, 2021, 250 s.) işıq üzü görür. Bu böyük hadisə üç qardaş-Azərbaycan-Türkiyə-Pakistanın gücüylə qazanılan Qarabağ zəfəri fonunda baş verir; Pakistan xalqının mənəvi ruhu, ortaq dəyərləri ilə Azərbaycan xalqının ruhu birləşir. Azərbaycanı Türkiyədən sonra tanıyan ikinci ölkə Pakistan həm də Ermənistanı bir dövlət kimi tanımayan ölkə kimi də Azərbaycanın hər zaman yanında olmuşdur. Bu kontekstdən baxdıqda Pakistanın təkcə varlığı və duruşu Azərbaycana dayaq, düşmənə göz dağıdır. Pakistan yalnız hərbi gücü ilə deyil, mənəvi ruhu, bədii düşüncəsi, dövlətçilik və islamçılıq fəlsəfəsi ilə də hər zaman Azərbaycanın yanındadır. Azərbaycanın Pakistan sevgisi Türkiyə bayraqları ilə yanaşı, Bakı küçələrində dalğalanan Pakistan bayraqlarında da özünü bir daha göstərdi.
Bu gün isə Azərbaycanın Pakistana sevgi estafetinin gerçək ünvanı Pakistan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd İqbaldır. Onun “Seçilmiş əsərləri”nin nəşr edilməsi bu mənəvi güclərin birləşməsinin gələcəyə ünvanlanmış maddi sübutudur. Bu hadisə Azərbaycan-Pakistan ədəbi əlaqələrində yeni bir səhifədir, keçmişdən bu günə və gələcəyə uzanan şərəfli bir yoldur. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi və Mahmud Kaşğarlı adına Beynəlxalq Fond bizi Məhəmməd İqbal irsi ilə tanış edir. Burada şairin əsərlərini ilk dəfə dilimizə çevirən və Azərbaycan oxucularını fenomenal səciyyəli bu irslə tanış edən Elxan Zal Qaraxanlının əziyyət və məsuliyyətini, eyni zamanda kitabı nəşr edən və ona “Pakistanın mütəfəkkir şairi və azadlıq carçısı” adlı ön söz yazaraq bu görkəmli fikir adamının obrazını yaradan akademik İsa Həbibbəylinin bu layihəni reallaşdırmasını xüsusi qeyd etmək istəyirəm. Yeri gəlmişkən, onu da qeyd etmək istəyirəm ki, akademik İsa Həbibbəyli Pakistan bədii düşüncəsinin dilimizə çevrilməsi və araşdırılması yönündə “Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində yaratdığı “Pakistan ədəbiyyatı mərkəzi”ni Azərbaycan-Pakistan ədəbi əlaqələrində yeni bir mərhələnin başlanğıcı hesab etmək olar.
Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatının Qarabağ zəfərinin ildönümündə qeyd edilməsi təsadüfi deyil. Həmişə Pakistanı düşünəndə Məhəmməd İqbal yada düşür. Bu zəfərdə qardaş Pakistan xalqının da payı vardır. Bununla vaxtilə qardaş Türkiyənin Çanaqqala savaşı zamanı yardım və dualarını göndərən Məhəmməd İqbalın həmvətənləri bu gün Qarabağ üçün də eyni şeyi etdi. Bu cəhətdən Azərbaycanın qardaş Pakistanın fikir və dövlət adamının yaradıcılığına müraciət etməsi kimi təbii nə ola bilər?! Məhəmməd İqbalın fəaliyyətində yeni bir Pakistanın-bu gün dünyada insanlığın, islamın və Azərbaycanın yanında duran bir ölkənin təməli qoyulmuşdur. İlk dəfə Pakistan ideyası və Pakistan dövlətinin yaranması fikrinin müəllifi də Məhəmməd İqbaldır. Dünyada elə insanlar vardır ki, o xalqının tarixində öz əməli ilə əbədi yaşamaq haqqına sahib olur. Məhəmməd İqbal xalqının tarixində onun qədərini dəyişən insanlardandır. O, yalnız bir şair, filosof deyil, həm də bir dövlət və siyasət adamı kimi Pakistan tarixində həmişəlik yaşayacaq.
Azərbaycan-Pakistan ədəbi, mədəni əlaqələri tarixən də, bu gün də qarşılıqlı şəkildə davam edir. Bu gün Məhəmməd İqbalın “Seçilmş əsərləri”nin nəşri bu yolda atılmış ilk addımlardandır”.
Tarix elmləri doktoru Eynulla Mədətli çıxış edərək vurğulayıb ki, Məhəmməd İqbalın bütün yaradıcılığını əhatə etmək vaxt aparan məsələdir. Buna görə onu bir siyasətçi kimi təqdim etmək istəyirəm. İqbal Pakistanın mənəvi atası sayılır. 1940-cı ildə Lahor şəhərində mart ayının 23-də keçirilən konfransda Pakistanın gələcəkdə qurulması üçün layihə qəbul olundu. “Lahor bəyannaməsi” ilə Hindistanda iki dövlət qurulması məsələsi qərara alındı. Artıq İqbal vəfat etmişdi, iki il ondan öncə bu ideya həyata keçirildi. On il sonra tam onun istədiyi şəkildə Pakistan quruldu. Bu böyük siyasətçini Qərbdə modernist islamçı kimi tanıyırdılar. O deyirdi ki, Əfqanıstan Asiyanın ürəyidir, əgər Əfqanısanın ürəyi ağrıyırsa, bütün Asiya ağrıyacaq”.
Sonra kitabın tərcümə edəni və şərhlərin müəllifi Mahmud Kaşğari adına Beynəlxalq Fondun rəhbəri, Elxan Zal Qaraxanlı çıxış edib. O, daha çox Məhəmməd İqbalın ruhani aspektindən danışıb. Kitabda Məhəmməd İqbalın urdu və fars dillərində yazılmış şeirlərinin tərcüməsinin yer aldığını diqqətə çatdırıb. “Kurtuba camesi”, “Bəndəginmanə” – qulluq kitabı, “Yeni Gülşəni-raz” əsərləri haqqında məlumat verib.
Sonda filologiya elmləri doktoru, professor İmamverdi Həmidov çıxış edərək Məhəmməd İqbalın Azərbaycanla bağlılığından bəhs edib.
“Mücrü” nəşriyyatı yeni layihə çərçivəsində gənc yazarların nəsr əsərlərini bir kitabda çap edəcək.
Nəşriyyatdan Kulis.az-a verilən məlumata görə, layihəyə hər bir müəllif yalnız bir əsər təqdim edə bilər. Əsərlər Word formatında, 12 ölçülü “New times roman” şrifti ilə göndərilməlidir.
Yazarlar hekayələrini ruzbeh-1991@mail.ru və nihatpiri@gmail.com e-mail adresslərinə göndərə bilərlər.
Hekayələrin qəbulu üçün son tarix dekabr ayının 31-i nəzərdə tutulub.
“Mücrü” nəşriyyatının elan etdiyi “Qarabağ Zəfəri” adlı qısa hekayə müsabiqəsinin Təşkil Komitəsi müəllliflərin istəyini nəzərə alaraq şərtlərdə dəyişiklik edib. Belə ki, layihənin “müsabiqə” statusu ləğv edilib. Qəbul edilən əsərlər “44 GÜN” adlı ədəbi-bədii topluda nəşr ediləcək. Topluda həmçinin “Səngər” poeziya almanaxı üçün göndərilmiş şeirlər yer alacaq.
Layihə rəhbəri Müşfiq XAN layihələrin birləşdirilməsi ilə bağlı açıqlamasında bildirib: “Bir halda ki xalq olaraq şanlı zəfər tariximizin – Zəfər Gününün bir illiyini qəbul etməyə hazırlaşırıq, o zaman nəzərdə tutduğumuz müsabiqəni ayrı dönəmlərdə keçirməyi məqsədəuyğun hesab edirik. Bu hamımızın, bütün Azərbaycanın zəfəridir. Müsabiqəni də buna görə ləğv edirik, hamının əsəri yayımlanacaq, hamı qalibdir!”
Xatırladaq ki, “44 GÜN” ədəbi-bədii toplusunda dərc olunmaq istəyən müəlliflər öz əsərlərini (şeirlərini yaxud 44 sözdən ibarət qısa hekayələrini) info@mucrunesriyyati.az ünvanına adları, ədəbi təxəllüsləri və telefon nömrələri qeyd olunmaqla 8 noyabr tarixinə qədər göndərməlidirlər.
Əsərlər yalnız Azərbaycan dilində qəbul edilir və yaş məhdudiyyəti yoxdur. Hər müəllifdən yalnız bir əsər qəbul edilir.
“Mücrü” nəşriyyatı bütün müəlliflərə yaradıcılıq uğurları arzu edir.