Sevgidən danışdım, eşqdən danışdım,
Bir dəfə dodağım, dilim olmadın,
Batdı tikanların barmaqlarıma,
Su verdim, böyüyüb gülüm olmadın…

Bəli, günahkaram, sevmişdim səni,
Qürurun sevgimdən böyükmüş yəni,
Saldın vətənimdən didərgin məni,
Nə obam, nə də ki elim olmadın…

Bütün dərdlərinə şərik, tən oldum,
Qar yağan dağına gələn çən oldum,
Məhəbbət odunda yanan mən oldum,
Sən mənim bir zərrəm, külüm olmadın…

Bilirəm, gecələr sən də yatmadın,
Lap deyək, sevgimi ucuz satmadın,
Nə mənim ömrümə ömür qatmadın,
Nə də qəfil gələn ölüm olmadın…