Xətai Sənət Mərkəzində təşkil olunan “ZƏFƏR – 44” Uşaq Rəsm Yaradıcılıq Turnirinin yekun sərgisi 7 saylı Bakı “ASAN xidmət” mərkəzində davam edəcək.
AZƏRTAC xəbər verir ki, “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət carçısı” proqramının təşkilatçılığı ilə reallaşacaq sərgi beş gün ərzində ziyarətçiləri qəbul edəcək.
Qeyd edək ki, uşaq rəsm yaradıcılıq turnirində 500-dən çox yeniyetmə və gənc iştirak etmişdi və təyin olunan seçim heyəti ərsəyə gələn əsərlərin arasından müəllifin yaşı nəzərə alınmaqla 44 günlük Zəfərin şərəfinə 44 əsər sərgilənmək üçün seçilmişdi.
Xatırladaq ki, turnir Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə təşkil olunub.
Özbəkistan Dövlət Akademik Böyük Teatrı Bakıya qastrol səfərinə gəlib.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində özbəkistanlı sənət ustaları bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaçılara özbək bəstəkarı Ənvər Erqaşevin “Humo” baletini, noyabrın 17-də isə italyan bəstəkarı Cüzeppe Verdinin “Riqoletto” operasını nümayiş etdirəcəklər.
Xatırladaq ki, “Humo” baletinin premyerası 2005-ci ildə Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrının səhnəsində gerçəkləşib. 2007-ci ildə tamaşaya yazdığı musiqiyə görə müəllif 1-ci dərəcəli Dövlət mükafatı laureatı adına layiq görülüb.
Qastrol səfərində Özbəkistanın Böyük Teatrının aparıcı solistləri, Xalq artistləri, vokalçıların və balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları iştirak edəcəklər. Qastrol qrupuna simfonik orkestr, solistlər, xor artistləri və balet truppası daxildir.
Noyabrın 19-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrı görkəmli rus yazıçısı Aleksey Tolstoyun 1936-cı ildə qələmə aldığı “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşası ilə balaca teatrsevərlərin görüşünə gələcək.
AZƏRTAC xəbər verir ki, yaradıcı gənclərə dəstək məqsədilə səhnəyə qoyulan tamaşanın bədii rəhbəri sənət ocağının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Dünyanın bir çox teatr məkanlarında tamaşaçılara müxtəlif versiyalarda göstərilən oduncaq adam – Buratino haqqında rəvayətlər bu dəfə Musiqili Teatrın gənc rejissoru Elməddin Dadaşovun quruluşunda fərqli şəkildə təqdim olunacaq. Eyni zamanda səhnə əsərinin quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.
Əməkdar artistlər Səmayə Musayeva, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Hüseyn Əlili, Səmədzadə Xasıyev, Zaur Əliyev, Mehriban Rəcəbova, Elnarə Nağdəliyeva, Gülçöhrə Abdullayeva, Nərmin Əliyeva, Eleanora Mehdiyeva, Rauf Babayev, Yuliya Heydərovanın ifa edəcəkləri maraqlı rollar balaca tamaşaçıları əsl möcüzələr aləminə aparacaq.
Qeyd edək ki, gözəl musiqilərlə müşayiət olunan, rəngarəng səhnə dekorasiyası ilə zövq oxşayan “Buratino”nun maraqlı süjet xətti var. Tənha qoca Karlo kiçik daxmasında oduncaqdan insan fiquru düzəldir, lakin həmin əşya canlıya çevrilir. Uzun burnu olan, şıltaq, inadkar bu qeyri-adi taxta oğlan Buratino atası hesab etdiyi Karlonu çox sevsə də, nəzakət qaydalarından çox uzaq, tənbəl, dərs oxumağı sevməyən biridir. Yaxşı cəhətləri isə, sadiq dost olmağı bacarmağı və macəra dolu təhlükəli anlarda meydana cəsur igid kimi atılmağıdır. Hətta Karlonun daxmasında yaşayan danışan cırcırama da Buratinoya məktəbə getməsi, savad alması, ağıllı olması barədə məsləhət verir. Lakin o, məsləhətdən imtina edir. Bir gün Karlo tənbəl oğlunu ruhlandırmaq üçün ona “Əlifba” kitabı alır ki, bəlkə onu məktəbə göndərə bilsin. Buratino isə yolda kukla teatrının aktyorlarını görüb, fikrini dəyişərək tamaşaya getmək qərarına gəlir. Karlo onun istəyini yerinə yetirir və teatra bilet alır. Beləliklə, Buratinonun həyatında yeni bir səhifə açılır, o, səyyar kukla teatrının tamaşaçısına çevrilir. Bəs daha sonra nələr olur? “Buratino” tamaşasına baxanlar bu sualın cavabını tapa biləcəklər.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev noyabrın 16-da Azərbaycan Respublikası Kino Agentliyinin nizamnaməsinin təsdiq olunması haqqında Fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, Fərmana əsasən, Agentlik Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək.
Azərbaycan Respublikasının Kino Agentliyi Azərbaycan Respublikasında kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası sahələrində fəaliyyət göstərən, Mədəniyyət Nazirliyinin tabeliyindəki kinematoqrafiya müəssisələrini idarə edən və onların fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.
Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və Baş direktordur. Şura sədr və onun iki müavini daxil olmaqla, 3 (üç) üzvdən ibarətdir. Şuranın üzvlərini mədəniyyət naziri vəzifəyə təyin və vəzifədən azad edir. Şura üzvlərinin səlahiyyət müddəti 4 ildir.
Azərbaycan Respublikası Kino Agentliyinin nizamnamə fondunun məbləği 100 000 (bir yüz min) manatdır.
Beynəlxalq Tolerantlıq Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual sərgi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edilib.
Bəyannamədə dözümlülük (tolerantlıq) dedikdə, dünya mədəniyyətlərinin zəngin müxtəlifliyi, bizim özünüifadə formaları və insan fərdiliyini ifadə etmək üsullarına hörmət, qəbul və doğru anlaşma nəzərdə tutulur. Bəyannamədə insanların öz təbiətinə görə xarici görünüşü, mövqeyi, danışığı, davranışı və dəyərləri baxımından fərqli olduqlarını, barışıq içində yaşamaq və fərdiliyini qorumaq hüquqlarına sahib olduqlarını elan edir.
Bəyannamədə insanlara qarşı dözümsüzlüyün yaratdığı təhdidlər araşdırılır, dözümsüzlüyə qarşı mübarizə metodları və proqramları təqdim olunur. Bu günün təsis edilməsində məqsəd qurumun da nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır.
Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır.
Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Azərbaycan Prezidenti bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.