asm

Vətən açmır içimi-
Ona yerdən,səmadan,ya hardan baxıramsa.
Mənim deyil o dəniz-
Əgər ona hörülmüş hasardan baxıramsa.

Ha yellənsin o bayraq göylərə baş çəkərək,
Kəlbəcər alınmamış ürəyimi sökərək…
Yetim-yetim durmuşam burda boyun bükərək,
Şamaxıdan,Bakıdan,Qusardan baxıramsa.

Gəlir,gedir insanlar qulaqlarda qulaqcıq,
Geyimlər son dəblədir,düşüncə çamur,palçıq…
Orda bir qız əyləşib sinə,qarın,bel açıq,
Dünya belə görünür,kəsərdən baxıramsa.

Gedir məmur döyüşü,gedir para savaşı,
Sanki bir millət deyil,küçə,ara savaşı!
Daha qalan ömrünə ya yekun ver,ya daşı-
Mənim üçün nə fərqi,məzardan baxıramsa.

26.11.2015-BAYRAQ MEYDANI

* * *

Gah səmum yelitək əsir üstümə,
Şimşək sürətiylə bəzən yox olur.
Qəfil gəlişiylə diksindirəndə,
Əzabı sevincdən daha çox olur.

Sevgili dilbərin ətri bu qızda,
Dünyanın bəzəyi,sehri bu qızda…
Əlində qalmışam bu dəli qızın,
O göyərçin qızın,o zəli qızın…