Xəyalə SEVİL.Yeni şeirlər

12111937_472520186252742_297742977754560256_n

Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Günəşi yaxın tutun

Uzaqdan görünür,
Hər şey uzaqdan.
Uzaqdan baxıram səadətlərə…
Əllərimin ayağı yox,
Ha uzadım çatan deyil.
Ürəyim ac uşaq kimi
Laylalara yatan deyil.
Ağ günümün kölgəsində
Qaralan həsrətim kimi,
Çoox yormuşam ümidimi.
Göz yaşımı ürəyimə gizli-gizli
Elə daşıyıram ki…
Günəşi yaxın tutun,
Elə üşüyürəm ki!

Və bir gün qarşına bir adam çıxa

Və bir gün qarşına bir adam çıxa,
Elə oyanasan yuxundan elə
Gördüyün yuxular yadından çıxa.

Və bir gün qarşına bir adam çıxa,
Əridəsən hisslərinin qarını.
Açasan qəlbini bir sərgi kimi,
Tək-tək göstərəsən duyğularini.

Və bir gün qarşına bir adam çıxa,
Bircə baxışından səsini duya.
Səni bu dünyada bəlkə, bəlkə də,
Atandan, anandan artıq taniya.

Və bir gün qarşına bir adam çıxa…
Gözlərimdə ürəyimin səsi var.
Boğazacan yığılmışam, ilahi,
Səbrimin tükənmək təhlükəsi var.