em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

* * *

Gur tonqallar çatılardı obada,
Dəmlənirdi dolma, plov sobada.
Yumurtalar boyanardı tavada,
Geyinərdi hamı bayram paltarın,
Səsləyərdi sevinc ilə yar-yarın.

Süfrələri bəzəyərdi səməni,
Hamı evə gətirərdi çəməni.
Mahnıya bax, yazda göyərt sən məni,
Göyərərdi çöl-çəməndə bərəkət,
Novruz elə səadətdi, səadət.

Qapılara necə torba atardıq,
Yolda, izdə şehə, suya batardıq.
Hər arzuya, hər istəyə çatardıq,
Gün batanda toplaşardıq bir yerə,
Səsə-küyə bürünərdi dağ-dərə.

O gün hamı torbaya pay qoyardı,
Balacalar yumurtanı sayardı.
Kasıblar da yeyib-içib doyardı,
Yaddan çıxmaz o zamanlar, o çağlar,
El-obanı bəzəyərdi uşaqlar.

Süfrələrdə tapılardı nə desən,
Hər qapını sən döyərdin istəsən.
Tapılmazdı nə inciyən, nə küsən,
Uşaq, böyük olardılar mehriban,
Bir-birinə söyləyərdi hamı “can”.

Kosa, keçəl hər qapını döyərdi,
Zarafatla qız-gəlini öyərdi.
Tərifləyib hamı “əhsən” deyərdi,
Gülməliydi hər bir oyun, tamaşa,
Səs düşərdi hər qayaya, hər daşa.

Xalça-palaz yuyulardı tər-təmiz,
Gül-çiçəyə bürünərdi dərə-düz.
Kimə baxsan xoş camallı, gülər üz,
Nəğmə idi, sevgi idi ömür, gün,
Nağıl idi, ötən çağlar büsbütün.

Bağ-bağçaya təzə izlər salardıq,
“Qapı pusub”, xəyallara dalardıq.
Hər qapıdan payımızı alardıq,
Deyib-gülüb sevinərdik ürəkdən,
Arzumuzu diləyərdik fələkdən.

Tonqal üstən tullanardıq sübhətək,
Bu sevgidən gül açardı hər ürək.
Qızlar bizə paylayardı gül-çiçək,
Qada-bala bizdən uzaq olardı,
Ürəyimiz məhəbbətlə dolardı.

Hər torbada xurma, kişmiş, qoz, badam,
Qovurğadan heç doyarmı heç adam.
Şəkərbura çox olardı o axşam,
Xoş olardı paxlavanın ləzzəti,
Qurtarmırdı aşıqların söhbəti.

Zəmzəm suyu gətirərdik bulaqdan,
Yelləncəklər asılardı ağacdan.
Hamı qalıb ayrılardı yarışdan,
Təmizlənib durulardı qəlbimiz,
Sevinərdik, şadlanardıq onda biz.

BƏNÖVŞƏ

Arı uçub gülə gəlir,
Quşlar gülə-gülə gəlir,
Şeyda bülbül dülə gəlir,
Bənövşələr açılanda.

Ellər salamlayır yazı,
Aşıqlar kökləyir sazı,
Başlayır güllərin nazı,
Bənövşələr açılanda.

Xınalanır dağlar, daşlar,
Bəzəyir çölü naxışlar,
Nəğmə deyir qaranquşlar,
Bənövşələr açılanda.

Üz-gözlərdən nur tökülür,
Zülmətin bağrı sökülür,
Günəş məhəbbətlə gülür,
Bənövşələr açılanda.

Sinəyə sığmayır ürək,
Ətir yayır əsən külək,
Çiçəkləyir sevgi, istək,
Bənövşələr acılanda.