Rahilə DÖVRAN.Xocalı soyqırımı ilə bağlı şeirlər

rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

QAN YADDAŞI

Xocalı qətliyamına

Heç nə yadına gəlmir,
Onda varmış bir yaşı.
Nələr yaşayıb, bilmir,
Qan ağlayır yaddaşı.

Öyrənibdi sonradan,
Xocalıda doğulmuş.
Yaddaş ölüm, qada, qan,
Fərəh, sevinç, məhv olmuş.

Cəsədlər toplananda,
Çöldən, meşədən, dağdan.
Səs duyublar son anda,
Götürüblər qucaqdan.

Ananın don cəcədi,
Körpəsini qorumuş.
Sanki bir əfsanədi,
Arif üç gün uyumuş.

Ata döyüşdə ölmüş.
Qardaşından xəbər yox.
Evləri qanlı gölmüş,
Ailədən bir əsər yox.

Körpə, ahıl, qocalı,
Qan gölündə qərq olmuş.
Həmin gecə Xocalı,
Özü boyda, dərd olmuş.

Neçə il ayırsa da,
Arifi o gecədən.
Ruhundakı qan – qada,
Silinmir düşüncədən…

ŞANDI XOCALI

Zalimlər göz dikdi qonşü malına,
Acıyan olmadı məzlum halına.
Gəldi bir gecənin bəd zavalına,
Talandı, odlandı, yandı Xocalı.

Qarlı qış gecəsi, şaxta, qar, ayaz,
Fələk insan biçdi, əlində dəryaz.
Qar üstə lalələr, sanki gəlib yaz,
Üfüqü boyayan, qandı Xocalı.

Əcəl döymədiyi qapı qalmadı,
Içdi xəlvər- xəlvər, qandan doymadı.
Nəşlər tikə – parça, qıyma – qıymadı,
Zamanın donduğu, andı Xocalı.

Yağı ac qurd kimi qana uladı,
Şimal ayısının qıçın yaladı.
Özgə süngüsüylə, meydan suladı,
Məhşər, qiyamətdi – sandı Xocalı.

Dünya ucaltmadı etiraz səsin,
Təklədi gavurlar Odlar ölkəsin.
Kəsdi ulu yurddan sakin nəfəsin,
Tək- tənha, sozalan, Dandı Xocalı.

Keçmişdə qalıbdır, o vaxt, o zaman,
Vardır Milli Ordum, cəsur, qəhrəman.
Duysun yağı düşmən, – söyləyir Dövran:-
Görəcək, həm şöhrət, şandı Xocalı.