“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”
Heydər Əliyev, Ümummilli lider
Xocalı soyqırımı Azərbaycan tarixinə XX əsrin ən dəhşətli və ən faciəli səhifələrindən biri kimi daxil olmuşdur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xalqımızın yaddaşına bir soyqırımı aktı kimi əbədi olaraq yazıldı. Müstəqilliyini yenicə qazanan Azərbaycan ərazi itkiləri ilə yanaşı, ən dəhşətli faciəsini yaşadı.
Hər il 26 fevral ölkəmizdə Xocalı soyqırımı günü kimi qeyd olunur. Respublikamızın hər yerində soyqırımı qurbanlarının xatirəsinin anım tədbirləri keçirilir. Belə silsilə tədbirlər mənim çalışdığım Sumqayıt şəhər Humanitar, təbiət və riyayiyyat təmayüllü “İstedad” liseyində, o cümlədən liseyin bütün siniflərində keçirilmişdir. Rəhbəri olduğum 2 a sinfinin hazırladığı tədbirdə liseyin direktoru Adilə Süleymanova, direktor müavinləri Qətibə Ömərova və İlhami Hüseynov, məktəbin ibtidai sinif və fənn müəllimləri iştirak etdilər. Şagirlərin özlərinəməxsus bacarıqla hazırladıqları tədbirdə öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Çıxış edənlər qeyd etdilər ki, şagirdlərlərə vətənpərvərlik hisslərini aşılamaq, onlarda hələ kiçik yaşlarından milli ruhu yaratmaq və formalaşdırmaq hər bir müəllimin işinin əsasını təşkil etməlidir. Xocalı soyqırımı haqqında qan yaddaşımızı vərəqləmək çətin olsa da, şagirdlərə mütəmadi olaraq bu soyqımla bağlı məlumatlar vermək, onların yaddaşını davamlı olaraq təzələmək hər birimizin, o cümlədən də biz müəllimlərin müqəddəs borcudur. Şagirdlər bilməlidilər ki, Xocalı faciəsi son 100 ildən artıq bir dövrdə qatı və şovinist erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və etnik təmizləmə siyasətinin yeni bir səhifəsidir. Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların havadarlarının hərəkətləri insan haqlarının kobud şəkildə pozulması ilə bərabər, beynəlxalq hüquqi aktlara belə məhəl qoyulmaması deməkdir.
1 mart 1994-cü ildə ulu öndər Heydər Əliyev Xocalı soyqırımı ilə əlaqədar xüsusi Fərman imzalamışdır. Azzərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral “Xocalı soyqırımı günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Vurğulanmışdır ki, Xocalı soyqırımı damarlarımızda qanımızı dondurdu, mənfur düşmənin vəhşiliklə əhaliyə tutduğu amansız divan hər birimizi dərindən sarsıtdı. Xüsusi qəddarlıqla qətlə yetirilmiş, diri-diri yandırılmış, başları kəsilmiş, dərisi soyulmuş, gözləri şıxarılmış insanların, körpə uşaqların, qocaların, süngü ilə qarınları yarılmış hamilə qadınların, əsir götürülən insanların hər biri vətən eşqi ilə dünyasını dəyişdilər və ölümsüzlük zirvəsinə yüksəldilər. Bu soyqırımı törədilmə üsulunun xüsusi amansızlığına və qəddarlığına görə dünyada baş vermiş digər faciələrdən kəskin şəkildə fərqlənir. Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vursa da, düşmən Azərbaycan xalqının iradəsini qırmağa müvəffəq olmadı. Amansız soyqırım günündə igidliklə vuruşan sakinlər son damla qanlarınadək öz torpaqlarını müdafiə etdilər, cəsədləriylə belə torpağa bərk-bərk sarıldılar, şaxtalı qış günündə tarixə öz qanlarıyla qəhrəmanlıq salnaməsini yazdılar.
Tədbirdə şagirdlər vətənə, topağa, Xocalıya həsr olunmuş müxtəlif şeirləri bədii qiraət etdilər. Təqdim etdikləri “Biz Xocaliyıq” adlı ədəbi-bədii kompazisiyada Xocalının ağrı-acısı, onun sakinlərinin naləsi, göz yaşları, vəhşicəsinə öldürülmüş uşaqların, qocaların, qadınların, əsir götürülmüş oğulların, qız-gəlinlərin taleyi öz əksini tapmışdı.
Şagirdlərin kövrək səslərində, yaşlı gözlərində qisas hissini duymaq və görmək ağır olsa da, vətənimizin ərazi bütövlüyünü qorumağa, işğal edilmiş torpaqlarımızı azad edilməsinə köklənmiş hayqırtılarını hiss etmək qürurverici idi.
Sona Məmmədova,
Sumqayıt şəhər Humanitar, təbiət və riyayiyyat təmayüllü
“İstedad” liseyinin ibtidai sinif müəllimi