Sumqayıtda SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi və Respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə ənənəvi keçirilən “Mərhəmətli olmağa tələsin!” adlı növbəti xeyriyyə aksiyasına start verilib.
Bu münasibətlə “Azərikimya” İstehsalat Birliyinin akt zalında keçirilən tədbirdə çıxış edənlər bildiriblər ki, qış mövsümü ərəfəsində 8 ildən bəri davam edən və artıq ənənə halını alan aksiyanın məqsədi Sumqayıt şəhərində ümumtəhsil müəssisələrində təhsil alan, sağlamlıq və maddi imkanları məhdud olan uşaqları isti geyimlərlə təmin etməkdir.
Respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova AZƏRTAC–a bildirib ki, ötən illərdən fərqli olaraq, bu il yardım veriləcək insanların bir neçə kateqoriyaya bölünməsi nəzərdə tutulur. Belə ki, bu aksiyadan hər iki valideynini itirmiş uşaqlar, əlil arabasına ehtiyacı olan insanlar və əlillər təşkilatının digər ehtiyaclı üzvləri, aztəminatlı ailələrin üzvləri, tənha və kimsəsizlər, baxıma, dəstəyə və yardıma ehtiyacı olan digər insanlar da yararlana biləcəklər. Noyabrın 25-dək davam edəcək aksiyada əldə olunan paltarlar, əlil arabaları və gündəlik tələbat vasitələri Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsində toplanacaq, aksiyaya qoşulanların bilavasitə iştirakı ilə yekun tədbirdə insanlara paylanacaq.
Tədbirin sonunda xeyirxah təşəbbüsə qoşulanlara, o cümlədən idarə, müəssisə və təşkilat rəhbərlərinə, fərdi sahibkarlara minnətdarlıq ifadə olunub.
Mənbə: http://www.azertag.az