Nə gördüm…?

Dayım Məzahirə.

Dağlar da boynunu bükübdü sənsiz
Həyatda nə gördüm nisgildən başqa?
Tülək tərlanlar da uçmaq istəmir,
Həyatda nə gördüm nisgildən başqa?

Sənsiz qırılıbdı qolum-qanadım,
Yadımdan çıxıbdı inan ki, adım,
Könlümü göynətdi ahım-fəryadım,
Həyatda nə gördüm nisgildən başqa?

Qanadı qırılmış quş kimiyəm mən,
Quruyub yaddaşım huş kimiyəm mən,
Qübar içində naxoş kimiyəm mən,
Həyatda nə gördüm nisgildən başqa?

Oldum

Svetlana Rəhimovanın (Əsədova)
əziz xatirəsinə.

Sən varıb dünyadan gedəndən bəri,
Tanrının nə yazıq bəndəsi oldum!
Bükəndə boynumu mən yazıq-yazıq,
Dərdlərə ən azı dözəsi oldum.

Çəkilmək bilmədi nə çən, nə duman,
Yandırdı bu həsrət məni də yaman.
Düzü, qalmayandan bu ömrə güman,
Ağrının içində gəzəsi oldum.

Əzablı günləri salmazdım yada,
Mən ki danışmadım dərdi dünyada.
Gələndən ruhuma, canıma qada,
Kədərli şairin təzəsi oldum.
Xəmirin ən kiçik kündəsi oldum!