Şəfa EYVAZ.Yeni şeirlər

Yorulmuşam

Yorulmuşam, həyat,
Yorulmuşam…
İki nəfərlik yükləri
Tək çiyində daşımaq da çətindi
Məni qınama.
Yorulmuşam, həyat,
Bütün qəmli hekayələrə
Xoşbəxt sonluq uydurmaq,
Düşüncəmə hücum çəkib
Yaxşılıqlar qondarmaq da
Çətindi…
Məni sınama!
Yorulmuşam, həyat,
Üzlərdə gizlənən üzlərə
Gülümsəmək, üzülmək,
Ağlamaq, gülmək
Taleyinə səssiz qalıb
Üzdə 5 üz gəzdirmək də çətindi…
Yorulmuşam!
Yorulmuşam,
Bütün olub bitənlərdən,
Qalanlardan, gedənlərdən sonra
Mənə qalan özümə dözmək…
Çətindi, həyat, çətindi
Məni qınama.

12.11.2016

* * *

Üzü gülmür son günlər
Telefon dəftərçəmin,
Gözündən yaş süzülür
Sahibsiz nömrələrin…
Yaşın üstə yaş gələr
Ömürdən il azalar,
Sahibsiz nömrələrin
Bəxti hara yozular?
Əlim gəlmir silməyə,
Sahibsiz nömrələri.
İçimdə bir ümid var..
Nə vaxtsa zəng edərəm
Eşidərəm səsini.
Hər sahibsiz nömrədə,
Sahibindən bir iz var.
Hər qaranlıq gecədə,
Ümid dolu gündüz var.
Silmirəm nömrələri
O sahibsiz nömrələr,
Sahibindən yadigar…
Hərdən uzanır əlim,
Yığıram nömrələri,
İstəyirəm bildirim,
Həsrət qəlbimə yatmır.
Sahibsiz nömrələrə
Cavab verən biri var…
“Bu nömrəyə zəng çatmır”…
19.02.2014