Kənan AYDINOĞLU.Yeni şeirlər

1902788_614529541965133_896121757_n

Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

NƏRİMAN HƏSƏNZADƏYƏ

“Yenə gözlərindən həsrət tökülür,
bu səhər sübh çağı işıq yerinə”.
Müəllif

Yenə də yol çəkir gözlərin, şair,
Duyub yaşadıqca ömrün gününü.
Bəzən də bir insan tapa bilməyir,
Sevib-sevilməyin əsl yönünü.

Amma bu işdə də təcrübən çoxdu,
Çünki sən bir ömrü girov qoymusan.
Qadınsız bir ömrün hər bir anını,
Qadınsız yaşayıb birgə duymusan.

Dərd-səri saydıqca sətirbəsətir,
Mətləbdə gəlmədin de, hara qədər?!
Bəlkə də sevmirdi Fərhad Şirini,
Həsrətin çəkdiyin bir Sara qədər.

YENƏ DƏ GÖZLƏRİM
BU GÜN YOL ÇƏKİR

“Sən məni bu qədər gözlətməmişdin,
belə qoymamışdın gözümü yolda”.
Nəriman Həsənzadə

Özgəsi sənədə bu gün qol çəkir,
Doğrunun yerini əyri sananda.
Yenə də gözlərim bu gün yol çəkir,
Səni düşünəndə, səni ananda.

Sənlə keçən gündən xatirələr var,
Bir də ki hamısı eyni deyil ki.
Könlümün ən həssas duyğuları da,
Sanki pıçıldayıb mənə deyir ki,-

Haradsan sən qayıt dünyama mənim,
Hissimi, duyğumu oyat yenidən.
Sən orda, mən burdaayrı düşsək də,
Qoy gülsün üzünə həyat yenidən.