Hər şey fərqlidir,
Bilirsənmi?!
İndi Günəş belə
Əvvəlki deyil.
Arzularımızın işığı tükənib məsələn.
Ümidlərimiz belə çağırmır sabaha.
Əslində
Heç nə
Əvvəlki deyil.
Nə yaşımız üstünə yığılan yaşlar,
Nə də başımıza dəyən daşlar
Eynidir…

Əllərimizi uzatdığımız əllər qırışıb,
Öpdüyümüz saçların da dəyişib rəngi…
Hətta qapılar var ki, açılmır daha.
Daha nə deyim sənə?!
Hər gün bir az daha solur,
Sənə 10 il öncə yazılan məktub.
Köhnə şəkillərin üzü qat kəsir,
Toz tutub sonuncu şeirimi də…

İndi kəndimizdə evlər dəyişib,
Nağıllar dəyişib, divlər dəyişib.
Heç nə əvvəlki deyil,
Bilirsənmi?!
Keçmişdən xatirə göz yaşlarımız
Hətta kədərimizin tonu başqadı.

Daha nə deyim sənə?!
Nə əvvəlki şıltaq halım var,
Nə də cingildəyən şux gülüşlərim…
Bir az təbəssümüm qalıb,
Bir az ürəyim.
Ürəyim, nə deyim axı sənə,
Nə deyim?!
Axı heç nə əvvəlki deyil…

16.11.2016