10335726_630733263662185_1590584312_n

 

Tələsmə

Baxıb sola, baxıb sağa
Tər qoxulu bağça-bağa
-Vaxtıdır!-deyə açılmağa
Tələsmə, ay gül, tələsmə!

Çən-çiskin versə də ara
Azmı tutulmuşuq qara
Bel bağlayıb ilk bahara
Tələsmə, bülbül, tələsmə.

Çat haraya, yet köməyə,
Qoyma namərd mərdi əyə.
Bir sözlə dostdan dönməyə
Tələsmə, könül, tələsmə.

Oldu

Xəyal zirvələrə səslədi məni,
Torpaqda əzilən dizlərim oldu.
Alanda üstümü dağların çəni,
Donub buz bağlayan izlərim oldu.

Bilmirəm həyatda kimə neylədim,
Ağlıma gələni aşkar söylədim.
Yaxını özümdən uzaq eylədim,
Günahkar günahsız sözlərim oldu.

Hüseyn Arifəm, saçlarımda dən,
Bir tərəfim bulud, bir tərəfim çən.
İçim qan ağladı gördüklərimdən,
Könlümün düşməni gözlərim oldu.

Daş üzəngi

Dağlara getmişdim,
ulu dağlara.
Buludlar başımın üstündən aşdı.
Qayalar qoynunda elə bu ara
Bir daş üzəngiyə gözüm sataşdı.

Qədim daş üzəngi…
Seyr et bir anlıq-
Onda qoç Koroğlu, Babək zəhmi var.
Bir canlı tarixdi hər qəhrəmanlıq
Əsrdən-əsrə qalır yadigar.

Xəyal haralara apardı məni,
Yadlar yurdumuza çox bostan əkib.
Köhlənlər belində ərlər çəkəni,
Üzəngilər çəkib, yəhərlər çəkib.

Ürək daşa dönər, demişlər bunu
Müsibət ucundan, möhnət üzündən.
Dəmirin dəyişib daş olduğunu
İlk dəfə görürəm gözlərimlə mən.

Çoxdur möcüzəsi dövrün, həyatın
Nə qəribə hikmət, nə qəribə sirr.
O bəlkə Qır atın, bəlkə Dür atın
Bəlkə Ərəb atın nişanəsidir…

Suallar, sorğular beynimdə min-min,
Aşıq da qarşımda keçir “Cəngi”yə.
Nə deyim, bəlkə də Ərəbzənginin
Ayaqları dəyib bu üzəngiyə.

Nəsillər alovdan, alovdan keçiblər,
Bir ordu məhv olub bir çathaçatda.
Bəlkə də Babəki boğanda qəhər
Dəmir daşa dönüb ayağı altda.

Daşın daş dözümü, daşın daş ömrü,
Nə qədər köksünü irəli gərmiş.
Yüz dağa, düyünə dözməkdən ötrü
Dəmir də bərkiyib başa dönərmiş.

Üzümüz nə vaxtdan nə vaxta çatır
Şimşək nərəsi var haqqın səsində.
Hələ cilid-cilid kitablar yatır
Dağlar muzeyinin xəzinəsində.