İyunun 7-də İçərişəhərdə yerləşən Arxeoloji parkda “İstedArt” mədəni-xeyriyyə layihəsinin 3-cü mövsümünün yekunu ilə bağlı sərgi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərgidə İçərişəhərə həsr olunmuş 36 iş təqdim edilib.

Sərgidə, həmçinin Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin musiqili çıxışı olub.

Layihənin bu mövsümündə İçərişəhərdə yerləşən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Bakı şəhərinin internat məktəblərindən, Daun sindromlu şəxslərin reabilitasiya mərkəzindən 34 uşaq 8 müəllimin rəhbərliyi altında rəssamlıq və qrafika üzrə dərs keçib.

Layihədə məqsəd valideyn himayəsindən məhrum olmuş, fiziki və əqli cəhətdən məhdudiyyətli uşaqların bacarığını üzə çıxarmaqdır. Ötən ildən start götürən layihədə ümumilikdə 100-dən çox uşaq iştirak edib. 2019-cu ilin payızından etibarən layihənin 4-cü mövsümünə start verilməsi nəzərdə tutulur.

Mənbə: azertag.az