Ağdərə cəbhəsində bir əsgər şairə məktub
vermişdir ki, anasına çatdırsın.

Sənə yalan deyə bilmədiyimdən,
Səndən gizli gəldim cəbhəyə. Ana.
Bağışla bir yol da günahımı sən,
Öpüb baş əydiyin böyük QURANA.

Bilirdim, ağlayıb yalvaracaqdın
“Mənə rəhmin gəlsin, gözlə özünü!”
Mənimlə cəbhədə olur nə vaxdır
Ana tapşırığın, ata dözümün.

Bəlkə də Allaha çatıbdır duan,
Məni güllə tutmur heç bir hücumda.
Sənin göz yaşını görürəm, ana
Bir də ağ saçını vətən borcumda.

Yüz gəldik, sayımız azalıb yüzdən,
Ancaq qoruyuruq ana torpağı.
Sənə baş əyirik biz üçümüz də
Bir tankın içində hücum qabağı.

Bayrağım üstündə ay-ulduzum sən
Bayrağım, vətənim, hər sözüm –ana.
Qayıdıb zəfərlə öpər əlindən
Ya qanlı köynəyim, ya özüm, ana.

Düşmənin amanı kəsilib bütün,
Bu gecə üç kəndi almalıyıq biz.
Əgər qismət olsa sabah, biri gün
Şəhid zirvəsində olmalıyıq biz.

Şair məktubu anaya çatdıranda artıq ana oğlunun ölüm xəbərini almışdır. Şəhid əsgərimiz məktubu şairə verən gün şəhid zirvəsinə ucalmışdır.