* * *

Məhəbbət aşiyanımdır, ona sadiq qalar könlüm,
Dəniz tək çağlayar, hərdən bulud tək dolar könlüm.

Düşər tufanlara bəzən, əyilməz əssə də yellər,
Çinar tək yollar üstündə durub sayə salar könlüm.

Sənin sənsizliyin canan məni biixtiyar etdi,
Sınır bir ney, qırıq bir saz tutub daim çalar könlüm.

Uçar qartal kimi, dağlar başında yurd salar hərdən,
Dəmadəm intizar gözlər kimi, fikrə dalar könlüm.

Mənə min-min gözəllər də gəlib baş əysələr, billah,
Yenə pak eşqinə, bir də sənə heyran olar könlüm.

Deyirlər Gülgün and içmiş, yenə sadiqdir andına,
Bu odlar yurduna fəxrim deyib, ilham alar könlüm.

KİM DEYİR

Kim deyir bitməmiş qalacaq nəğməm,
Kim deyir sınacaq könül tarım da.
Elə alovludur, odludur sinəm
Qalmaz arzularım, qalmaz yarıda.

Kim deyir bu günüm olacaq röya,
Sabah unudulub gedəsiyəm mən?
Qarışıb nə qədər şirin arzuya
Yenə də, yenə də ötəsiyəm mən

Kim deyir… inanma hər deyilənə,
Mən böyük dənizin bir damlasıyam.
Yazmağı öz xalqım öyrətdi mənə,
Mən onun danışan, dinən sazıyam.

Kim deyir bu gün var, sabah yoxuq biz,
Hər deyilən sözə inanmayın ha.
Həyat bir dalğalı, haraylı dəniz,
Dalğalar gah enər, gah qalxar şaha.

Ləpələr bir insan ömrünə bənzər,
Ləpələr bitməmiş, ləpələr gələr.
Sahil qumlarına səpildikcə zər
Suların qoynundan nəğmə yüksələr.

Bu səhər dünyaya ilkin göz açan
Gör neçə oğul var, gör neçə qız var.
Kim deyir qonaqdır dünyada insan
Bizim sabahımız, sabahımız var.

Həyatda daş üstə daş qoyan kəsin
Ömrü qara daşa dönərmi deyin.
Bu insan nəfəsli torpağın, ərzin,
Odu, hərarəti sönərmi deyin.

Kim deyir bitməmiş qalacaq nəğməm,
İnanma, inanma hər deyilənə.
Beşikdə qımışıb, ağlayan körpə
Sanki şirin mahnı oxuyur mənə.

Kim deyir bu günüm olacaq röya,
Sabah unudulub gedəsiyəm mən.
Qarışıb nə qədər şirin arzuya
Yenə də, yenə də ötəsiyəm mən…

CAVANLIQ

Bir zaman başımın tacı olmuşdun,
Ay məni tərk edib gedən cavanlıq.
Əlimin, qolumun gücü olmuşdun,
İndi tamaşa et, gendən, cavanlıq.

Sən qanad üstündən qanadmı taxdın,
Ya kükrəyən seltək məcradan çıxdın.
Bəlkə taleyimdən bezib, darıxdın,
Bir vida demədin nədən, cavanlıq?

Getdin, gözlərimin nuru azaldı.
Ömrümə bir xəzan fəsli yazıldı
Əlim əllərindən yaman üzüldü,
Könlümü halbahal edən cavanlıq.

Sənə vəfasızmı deyim, nə deyim.
Könül qıran sözmü deyim, nə deyim.
Nə deyim, nə deyim, gəlmir ürəyim.
Sən atlı, piyada mənəm, cavanlıq.

1987

OLMADI

Gəl təzə bir şəkil dedin, çəkdirək,
Qayğılar əlindən macal olmadı.
Sonra yaşa dolduq, yoruldu ürək,
O həvəs olmadı, o hal olmadı.

Ömrümüz uzunu vaxt aradıq biz,
Vaxtın karvanında keçdi ömrümüz.
İndi kül altında sönməkdədir köz,
Arzuya çatmağa vüsal olmadı.

Göz işıqdan düşdü, ayaq taqətdən,
Biz qaça bilmədik bu həqiqətdən.
Bir körpü salındı bizə, həsrətdən,
Bu həqiqət oldu, xəyal olmadı.

Qocalıq bir yandan, həsrət bir yandan
Bizi öldürmədi, elədi candan.
Kədər könlümüzə qapı açandan
Niskilimiz əmri-mahal olmadı.

Taleyin yoluna yağış, qar düşdü,
Nə rahatlıq düşdü, nə bahar düşdü.
Başımıza göydən dolular düşdü,
Bu qovqalı başa sığal olmadı.

Elə bir-birinə təsəlli verdik,
Bu boş təsəllidə nə əlac gördük?
Ayları, illəri belə itirdik,
O sahilə gedən bir yol olmadı

Daha təsəlliyə ehtiyac da yox,
Qocalıq dərdinə bir əlac da yox.
Candan qüvvət də yox, qolda güc də yox,
Bu yazı olmadı, iqbal olmadı.

Gəl bir təzə şəkil dedin, çəkdirək,
Bir körpə quş ötdü hey kövrək-kövrək.
Heyif yaşa dolduq, yoruldu ürək,
Nə həvəs olmadı, nə hal olmadı,
O sahilə gedən bir yol olmadı.

1989