Şəfa EYVAZ.”Mənim həsrətimin yordamı yoxdu!”

Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

Mənim həsrətimin yordamı yoxdu,
Nə yol bilir, nə iz tanır binəva.
Ağlayıram məlul baxır üzümə,
Nə dil bilir, nə söz qanır binəva.

Ovuclayıb göz yaşımı içir hey,
Məndən ötüb ürəyimə keçir hey,
Məni tanıyır, elə məni seçir hey,
Nə sirr bilir, nə də danır binəva.

Seçim ola, ömrü bir də seçəsən,
Bu həsrətdi, su deyil ki, içəsən.
Yolmu qalır, bu həsrətdən keçəsən,
Nə sol bilir, nə sağ sanır binəva.

Bu ömür də gəlib keçir beləcə…
Həsrət qoxur yan-yörəmiz bax necə?
Korun-korun tüstüləyir eləcə,
Nə kül bilir, nə də yanır binəva.

09.12.2019