Zirvədə qar gümüş kimi,
əridib,su ovur dağlar,
canı bir az isindimi-
yuxusunu qovur dağlar,

Döşündə yellər ləhləyir,
dumanları iməkləyir,
güllərlə birlikdə gülür,
birlikdə də solur dağlar,

Qışı-pambıq,yazı-ipək,
səmalara dayaq,dirək,
“Qızılcalı” adamlartək
çopur-çopur olur dağlar,

Köç yolları atıb-tutsa,
çaşma–qəzəbini udsa!
yaylağı doluya tutsa,
deməli-yorulur dağlar,

Yar deyil-könlünü alam,
toy eləmir-nəmər salam,
sirrin verə-cavan qalam,
ürəyim qovrulur,dağlar,

Vahid ƏZİZ,gör,nə deyir–
çox yazmışam sənə dair,
qoynunda zühr edən şair
sənə tən doğulur,dağlar…