Azərbaycanlı şairə Xatirə FƏRƏCLİ.Yeni şeirlər (I hissə)

Yel apardı dünyamı

İstəklər ümmanında
Çırpınardım, yanardım.
Mən dünyanı nə boyda,
Necə geniş sanardım.

Ümidlərim elə çox,
İnamım lap çox idi.
Yel apardı dünyamı,
Yoxsa divlərmi yedi?!

Heç bir ilğım, heç bir rəng
Qamaşdırmır gözümü.
Bu adam yığınına
Yad görürəm özümü.

Bir nəfəsəm bəlirgin,
Tükənmişəm, sönmüşəm.
Məkanım göylər idi,
Artıq yerə enmişəm.

Dünya bir rəngdədir ağrılarımla.

İtsəm də itkilər dağıntısında,
Gəzsəm də kəndbəkənd, ölkəbəölkə,
Dünya bir rəngdədir ağrılarımla
Mən elə dünyayla yaşıdam bəlkə.

Ölüm də, unutmaq, unudulmaq da,
Fanidə əvvəlki qaydadır elə.
Ağrının da rəngi, məxsusluğu var
Yaşanar eləcə, gəlməz ki, dilə.

Zamanı, məkanı, taxtı, gərdişi,
Kim gəlib, kim gedib, hesabımı var?!
Sorma bu dünyanı saran süstlüyü
İnsan bapbalaca, dünya dardan dar.