Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

Çox nakəslər gördüm haqqın yolunda,
Haray çəkən dilə döndüm, nə fayda.
Taleyimin yoxuşunda, yalında,
Damla-damla gölə döndüm, nə fayda.

Qaranlıq zülmətdən elə nur sağdım,
Sahil tək köksümə dalğalar sıxdım,
Bir eşqin odunu sinəmə yaxdım,
Yanıb-yanıb külə döndüm, nə fayda.

Halına çox yandım ağlayan kəsin,
Həqiqət yolunda hayqırıb səsim,
Mərdəm, mərd insana bəs eylər pəsim,
Namərd üçün zilə döndüm, nə fayda.

Bir dünya dərdimi çəkmişəm xəlvət,
Heç bir dərd əymədi qəddimi əlbət,
Vətən tən bölündü, əyildim fəqət,
İnildəyən telə döndüm, nə fayda.

Nəcibəyəm, bir gündə dörd fəsillə,
Ürəyimi zaman oydu nə dillə,
Qalxıb zirvələri mən pillə-pillə,
Günə, aya, ilə döndüm, nə fayda.