Noyabrın 12-də Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün “Əlibaba və qırx quldur” tamaşası növbəti dəfə nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, ərəb xalq nağıllarının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə Ağasəlim Feyzullayevdir.

Səhnə əsərində dostluğun, sədaqətin, cəsarətli və qorxmaz olmağın dünya malına tamah salmaqdan daha üstün olmasından bəhs edilir. Tamaşa zamanı aktyorlar tamaşaçı zalına da enərək, uşaqlarla interaktiv ünsiyyət yaradır, bəzi hallarda səhnəyə dəvət etməklə uşaqları birbaşa hadisələrin iştirakçısına çevirirlər. Tamaşada həmçinin rəngarəng musiqi nömrələrindən və əyləncəli rəqslərdən istifadə edilib.

Mənbə: https://azertag.az