Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və “Cultural Network House” (“Mədəniyyət Şəbəkələr Evi”) İctimai Birliyinin birgə təşkilatçılığı ilə dünyaşöhrətli pianoçu Şahin Növrəslinin “Ustad dərsləri” layihəsinə start verilib.

“Ustad dərsləri” layihə 3 mərhələdən ibarətdir. İlkin mərhələdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlər arasında seçim turu keçirilib. Daha sonra Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində “Ustad dərsləri”nə başlanılıb. Həmçinin ustad dərsləri keçən şagirdlərin Şahin Növrəslinin rəhbərliyi ilə konsert proqramı və onlara sertifikatların təqdim edilməsi nəzərdə tutulur.

Layihənin məqsədi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlərin klassik repertuarına daxil olan proqramlardan əlavə, ifaçılıq bacarığının ahəngdar inkişaf yollarını özündə cəmləşdirən kamil və universal musiqiçi hazırlamaqdır. Həmçinin caz musiqisinin uşaqlar arasında geniş təbliğini gerçəkləşdirməklə onların bədii estetik zövqünü yüksəltmək, istedadlı şagirdləri üzə çıxarmaq və onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir. Eyni zamanda, şagirdlərin hərtərəfli şəxsiyyət kimi formalaşmasına dəstək olmaq, eləcə də musiqi təhsilində Avropa standartlarını tətbiq edib ustad dərsləri vasitəsilə onlara daha bir yeni ustad töhfəsi verməkdən ibarətdir.

Layihə dekabrın 3-dək (həftədə bir dəfə olmaqla) davam edəcək.

Qeyd edək ki, “Cultural Network House” İctimai Birliyinin təşkil etdiyi mədəniyyət və incəsənət layihələri ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda Azərbaycan mədəniyyətinin təmsili və təbliğinə xidmət edir.

Mənbə: https://culture.gov.az/