This image has an empty alt attribute; its file name is necibe-xanim-ilkin.jpg

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

Nə vaxt gedirəmsə ata yurduma
Məni kədər qovur, qəm qucaqlayır.
Bir ata harayı, qardaş nisgili
Açır qollarını məni haqlayır.

Nə atam hay verir, çıxır qarşıma,
Nə də ki, qardaşım ötürür məni.
Ələnir dünyanın qarı başıma,
Zaman damla-damla əridir məni.

Atamın əkdiyi bar ağacları,
Ayrılıdan için-için qovrulur.
Quruyub gilənar, nar ağacları,
Elə bil həsərətən külü sovrulur.

Körpə ağacların körpə budağı,
Qardaş salamını yetirir mənə.
Qəfil dolu vurmuş solan yarpağı
Kövrəlib öpürəm mən dönə-dönə.

Beləcə, gəzirəm bağı-bağçanı,
Həsrətin dumanı çöküb hər şeyə,
Itib səliqəsi, itib səhmanı,
Atamın əlləri dəyməyir deyə.