Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

Bu sözü tək sənə deyirəm, dinlə
Çünki çətin anda oldun mənimlə,
Bu canım səninlə, ruhum səninlə,
Bir gün olmayacam… Ölsəm bağışla…
*
Soyuq bir üşütmə gəlibdir, yenə
Mən harda axtarım, de, qaçım sənə,
Hər zaman BİR DƏNƏM deyərdin mənə
Bir gün olmayacam… Ölsəm bağışla…
*
O gülən gözlərin bir gün dolarsa,
Uzanan əllərin bomboş qalarsa,
İzlərin hər yanda məni axtarsa,
Bir gün olmayacam…Ölsəm bağışla…
*
HƏR ANIN BİR HÖKMÜ VARDIR deyirlər,
O ana hökm olub nə vaxtsa gözlər
İndi mənədirsə bütün ümüdlər
Bir gün olmayacam…Ölsəm bağışla…
*
Sən mənə dar gündə çox gərək oldun
Sinəmdə çırpınan bir ürək oldun
Mən əyilən ağac, sən dirək oldun
Bir gün olmayacam… Ölsəm bağışla
*
Hər şeirim kimi… bu da ərmağan
Mən deyim, eşitsin bu bəşər, cahan
Sevgidir insana gərək hər zaman
Mən göydən baxaram bəyaz buluddan
Son anda gələrəm yağan yağışla
Bir gün olmayacam… Ölsəm bağışla…