Sumqayıt şəhərindəki Əli Kərim adına Poeziya evində Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli şair Baba Vəziroğlunun “Qalanı xatirədir” kitabının təqdimatı və imza günü keçirilib.

AZƏRTAC xəbər verir ki, Poeziya evinin rəhbəri İbrahim İlyaslı şairin yaradıcılığı, onun nəsr və şeirlərinin başlıca hərəkətverici qüvvəsi barədə məlumat verib.

Sonra kitabın redaktoru və tədbirin təşkilatçısı, şəhərdəki 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Təranə Hüseynlinin moderatorluğu ilə davam edən tədbir məktəbin müəllim və şagird kollektivinin çıxışı, şairin şeirlərindən ibarət musiqi nömrələri ilə davam edib.

Baba Vəziroğlu çıxışında yaradıcılığına verilən dəyərə görə təşkilatçılara təşəkkürünü bildirib.

Sonda Baba Vəziroğlu iştirakçıların aldıqları “Qalanı xatirədir” kitablarını imzalayıb.

Mənbə: https://azertag.az/