Tacikistanın paytaxtı Düşənbədə “Mədəniyyət sahəsində əməkdaşlıq” ictimai təşkilatının təşkil etdiyi “Tacik xalqının xəttatlıq sənəti və Şərqin yazılı irsi” mövzusunda beynəlxalq forum keçirilib.

“Azərbaycan xalçaçıları” İctimai Birliyində AZƏRTAC-a bildiriblər ki, forumun keçirilməsindən əsas məqsəd Tacikistanın və Şərq xalqlarının xəttatlıq sənətinin və dünyanın muzey, kitabxana və elm müəssisələrində saxlanılan şedevrlərin təbliği olub.

Forum çərçivəsində dəyirmi masa arxasında diskussiyalar aparılıb, xəttatlıq sənəti nümunələrinin sərgisi təşkil olunub. Sərgidə Tacikistan, Azərbaycan, Əfqanıstan, Çin, Yaponiya, Koreya Respublikası və İrandan olan müasir xəttatların əl işləri nümayiş etdirilib.

Dəyirmi masa iştirakçıları, həmçinin tədbirə onlayn formatda qoşulan Azərbaycan, Rusiya, Fransa, Böyük Britaniya və Qazaxıstan alimləri xəttatlıq sənətinin tarixindən və bugünündən bəhs ediblər.

Forumda Azərbaycanı tanınmış xəttat, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Azərbaycan Rəssamlar İttifaqının və “Azərbaycan xalçaçıları” İctimai Birliyinin üzvü, beynəlxalq müsabiqələrin laureatı, Bakı Dövlət Universitetinin müəllimi Yavər Əsədov təmsil edib. O, “İslam dininin xəttatlıq sənətinin inkişafında rolu” adlı məruzə oxuyub.

Dəyirmi masanın materialları və diskussiyaların nəticələri forumun təşkilatçılarının culcooperation-tj.com. saytında yerləşdiriləcək.

Mənbə: https://azertag.az