Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında XX əsr Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, “Sağlığında qiymət verin insanlara” sətirləri dillər əzbəri olan Xalq şairi Cabir Novruzun anadan olmasının 90 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Xalq şairinin həyatı, ictimai və ədəbi fəaliyyəti haqqında geniş məlumat verilib. Burada Cabir Novruzun uzun illər müxtəlif aparıcı mətbuat orqanlarında redaktor, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi vəzifəsində çalışması, 1995-ci ildə Azərbaycanın Milli Məclisinə deputatı seçilməsi haqqında məlumat verilib. Şairin ədəbi yaradıcılığına geniş yer verilən virtual sərgidə onun şeirlərindən nümunələr, sözlərinə bəstələnən musiqi əsərləri yer alıb. Materialda, həmçinin görkəmli şəxslərin şair haqqında söylədikləri dəyərli fikirlər, Cabir Novruzun təltif olunduğu mükafatlar haqqında da məlumatlar əks olunub. Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində Cabir Novruzun həyat və yaradıcılığından bəhs edən və müəllifi olduğu “Vətən əbədi qoruqdur”, “Bir dünyam var”, “Mənim muğamatım”, “Özünü qoru xalqım”, “Seçilmiş əsərləri” və digər kitabların biblioqrafik təsviri verilib. Xalq şairi Cabir Novruzun foto və videogörüntülərinin yer aldığı materialda şairin “Sağlığında qiymət verin insanlara” şeiri öz ifasında təqdim edilib.

Mənbə: https://azertag.az/