Mayın 4 də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı Məmməd Orucun xalq şairi Fikrət Qoca haqqında yazdığı “Naməlum Fikrət Qoca” adlı kitabının təqdimat mərasimi keçirildi. Tədbirin aparıcısı Seyran Səxavət dəyərli qələm ustası haqqında yazılan kitabın işığına yığışanları salamladı və sözü AYB -nin sədri, xalq yazıçısı Anara verdi. Anar mərhum şairlə dostluğundan, onun nəcib xüsusiyyətlərindən söz açaraq xatirəsini ehtiramla yad etdi və kitab üçün Məmməd Oruca təşəkkürünü bildirdi. Daha sonra Vaqif Əlixanlı, Qəşəm Nəcəfzadə, Elçin Hüseynbəyli, Maarif Soltan, Təranə Vahid və digər qələm adamları Fikrət Qoca və kitabın müəllifi haqqında ürək sözlərini bölüşdülər, illərin yaddaşından süzülüb gələn xatirələri çözələndi. Şairi yaxından tanıyanlar onun çoxuna məlum olmayan balıq tutmaq kimi məşğuliyyət və hobbisi barədə maraqlı xatirələri dilə gətirdilər. Qeyd edək ki, “Naməlum Fikrət Qoca” Xalq şairi Fikrət Qocanın geniş oxucu kütləsinə bəlli olmayan bir sıra xüsusiyyətləri haqqında yığcam xatirələr toplusudur. Tədbirin sonunda Məmməd Orucun qızı Aysel xanım, Fikrət Qocanın qardaşı oğlu Babək Qoca ailələri adından tədbirə yığışanlara minnətdarlıqlarını bildirdilər. Məmməd Oruc deyilən xoş sözlər, yada salınan xatirələrə görə hamıya təşəkkür etdi və sonda xatirə şəkilləri çəkildi. Kəmalə Müslümqızı