Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının informasiya dəstəyi ilə  Atatürk Mərkəzində M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızının yaradıcılıq gecəsi keçirildi.

Tədbiri Atatürk Mərkəzinin baş redaktoru Dəyanət Osmanlı açaraq yazıçının yeni romanı “Sevgi yelkəni”nin ərsəyə gəlməsi haqqında məlumat verdi və kitabın hazırlanmasında iştirak edən hər kəsə təşəkkürünü bildirdi.

Yazıçı Sevinc Ağa Xəlilqızı çıxış edərək tədbir iştirakçılarını salamladı və “Sevgi yelkəni” kitabını atasının 90 illik yubileyinə ithaf etdiyini bildirdi. O, kitablarının ərsəyə gəlməsində böyük əməyi olan Yasamal rayon MKS-in kollektivinə təşəkkürünü bildirdi. O, səkkiz kitabın müəllifi olduğunu və kitabsevərlərin marağı sayəsində bu fəaliyyətinin daha da zənginləşdirdiyini qeyd etdi. Müəllif vurğuladı ki, onun məqsədi səkkiz kitabının qəhrəmanlarını bir araya gətirmək, onları bir-biri ilə görüşdürmək idi. Yazıçı “Anamın gülüstanı”, “Qarabağ əfsanələri”, “Məryəm”, “Cinayətin izi ilə”, “Əlvida söyləmədən”, “Könül səhifəm”, kitabxana layihəsi əsasında yazdığı “Bu dünyanın fidanları” kitabları və digər qələmə aldığı əsərləri haqqında tədbir iştirakçılarına məlumat verdi. O, 2021-ci ildə M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri Fərmanı və 2022-ci ildə “Türk Dünyası İnfo” İctimai Birliyinin “Ədəbiyyatda Türk Dünyasına verdiyi töhfələrə görə” Diplomu ilə təltif olduğunu fəxr hissi söylədi. Tədbirdə Sevinc Ağa Xəlilqızı atasına həsr etdiyi “Ata “ adlı şeirini qürurla səsləndirdi. Sevinc Ağa Xəlilqızı Sədi Şirazinin 830 illiyinə yazdığı publisist əsərindən, Cəfər Cabbarlı və Şah İsmayıl Xətaiyə həsr etdiyi əsərlərindən danışdı. Yazıçı yaradıcılığında Hacı Zeynalabdin Tağıyevin əziz xatirəsinə yazdığı 400 misradan ibarət poemasının ərsəyə gəlməsində yaşadığı duyğularını açıqladı. Tədbirdə Sevinc Ağa Xəlilqızı kitablarından şeirlər də səsləndirdi.

Tədbirdə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova çıxış edərək Sevinc Ağa Xəlilqızını yeni uğuru ilə təbrik etdi. L.Məmmədova çıxışında qeyd etdi ki, Sevinc Ağa Xəlilqızının yazdığı səkkiz kitabdan altısını və “Uşaqlar Tanrının səltənətidir” adlı elektron antologiyasını məhz M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın layihələri əsasında hazırlanıb. O, bu kitabların MDB ölkələri arasında və elektron variantda yayılmasından danışdı. L.Məmmədova beş il müddətində kitabxanada həyata keçirilən layihələrdə yazıçı Sevinc Ağa Xəlilqızının ən fəal yazıçılardan biri olduğunu,  məhsuldar yazılarına görə fərqləndiyini söylədi. Lətifə Məmmədova Sevinc Ağa Xəlilqızını ən məhsuldar yazıçı kimi və kitabxananın layihələrində fəal iştirakına görə Fəxri fərmanla təltif etdi.

Yaradıcılıq gecəsində Sevinc Ağa Xəlilqızının bacısı, Samir Hacıyev adına 5 nömrəli tam orta məktəbin dil və ədəbiyyat müəllimi İradə Hacıyeva yaşadığı sevincdən qürurla danışdı və qeyd etdi ki, Sevinc xanım gənc yaşlarından kiçik əsərlər yazmağa başlamışdır. Onun yazdığı “Məryəm” romanını İlyas Əfəndiyevin əsərlərinə bənzətdiyini dedi.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, 4-cü Ordu Korpusunun Artilleriya rəisi, Birinci Qarabağ müharibəsinin veteranı və qazisi, Vətən müharibəsi şəhidi Xeyrulla İbrahimovun anası Xalidə Zeynalova çıxış edərək Sevinc Ağa Xəlilqızına şəhidlər haqqında yazdığı əsərlərə görə dərin təşəkkürünü bildirdi. O, onun oğluna həsr etdiyi “Şəhid anası” şeirindən necə təsirləndiyini söylədi.

Yazıçı Lətafət Ağayeva (Mələk Yazar) Sevinc Ağa Xəlilqızının şəhid Xeyrulla İbrahimova həsr etdiyi “Şəhid anası” və  Osman Mirzəyevin xanımına həsr etdiyi “Necə xoşbəxt idik” şeirlərini səsləndirdi.

Şair, nasir Ramiz Oğuz Həsənov hər bir övladın valideyninin əsəri olduğunu, Ağa Xəlilin də Sevinc Ağa Xəlilqızı kimi gözəl bir əsər qoyub getdiyini vurğuladı. O qeyd etdi ki, S.A.Xəlilqızı bir çox əsərlərini atasının əziz xatirəsinə həsr etmişdir. Bu qız övladının ataya olan sevgisinin tərənnümüdür. Ramiz Oğuz Həsənov söylədi: “Sevinc Ağa Xəlilqızının istedadı hərtərəflidir. Şeirdə, poeziyada insana bənzəyir. Sevincin şeirlərindəki səmimiyyət onun xarakterinin göstəricisidir”.

Yasamal rayon MKS-nin 3 nömrəli kitabxana filialının müdiri Arzu Xudayarova yazıçıya yaradıcılıq uğurları arzu etdi və yazıçının “Əzəmətli Şuşa” şeirini səsləndirdi.

Tədbirdə şair Qadir Hüseynov Sevinc Ağa Xəlilqızına həsr etdiyi “Alqış” şeirini səsləndirdi, filoloq Fəridə Bayramzadə isə özünün yazdığı “Ata” şeirini səsləndirdi və Sevinc Ağa Xəlilqızının yaradıcılığının çoxşaxəli olduğunu vurğuladı.

Yaradıcılıq gecəsində şəhid-jurnalist Osman Mirzəyevin qızı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin şöbə müdiri, AJB-nin üzvü Lalə Hacıyeva, şəhid olan Azərbaycanın ilk Dövlət katibi T.İsmayılovun qızı, Azərbaycan Milli Aerokosmik Agentliyinin T.İsmayılov adına Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun muzeyinin direktoru Səbinə İsmayılova, yazıçının oğlu Hafiz Cəfərzadə və b. yazıçının əsərlərindən, onun uğurlarından danışdılar, yazdığı yeni romanı haqqında fikirlərini bölüşdülər. Tədbir iştirakçıları müəllifə yeni yaradıcılıq uğurları arzuladılar.

Yaradıcılıq gecəsində M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın əməkdaşları və çoxlu sayda kitabsevərlər iştirak etdilər.

Tədbirdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti və aparıcısı Günay Məmmədova “Şükriyyə”, “Sənə də qalmaz” mahnılarını ifa etdi.