
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı ilə 5–11 dekabr tarixlərində keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftəsi – 2025” özündə İslam dünyasının mədəni müxtəlifliyini, yaradıcılıq potensialını və rəqəmsal incəsənətlə inteqrasiya olunmuş çağdaş təşəbbüsləri bir araya gətirib.
Festival çərçivəsində təqdim olunan və böyük maraq doğuran tədbirlərdən biri “Torpağın Səsi” (Sound of Land) platformasının hazırladığı audiovizual performans olub. “Zaman dairəsindən çıx, sevgi dairəsinə daxil ol” adlı bu rəqəmsal şou izləyiciləri musiqi, animasiya və vizual sənətin vəhdətində mənəvi bir səyahətə aparıb.
Performansın vizual əsası Heydər Əliyev Fondunun vitse-prezidenti, rəssam və şair Leyla Əliyevanın rəsmlərinə əsaslanıb. Onun əsərləri sevgini, təbiətlə vəhdəti və daxili işığı simvolizə edirdi. Ruminin fəlsəfəsindən ilhamlanan bu kompozisiyanın vizual konsepsiyası Azərbaycanın Əməkdar rəssamı, “Atəş Hub”un təsisçisi Səbinə Şıxlinskaya tərəfindən hazırlanıb. Musiqi və səs konsepsiyasının müəllifi DJ Orxan Ağayev (DJ Pancho), səs dizaynı üzrə Teymur Qasımov, animasiya və hərəkətli qrafika üzrə isə Nigassandra və Renan Asədov çıxış ediblər.
“Torpağın Səsi” platforması türk dünyasının etnik musiqi motivlərini elektron janrlarla sintez edərək yeni yaradıcılıq imkanları yaradır. Layihə 2023-cü ildə “Yaradıcı Azərbaycan” təşəbbüsünün dəstəyi ilə yaradılıb və qısa müddətdə beynəlxalq səviyyədə tanınıb. 2025-ci ildə isə platforma “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftəsi – 2025” çərçivəsindəki təqdimatı ilə daha geniş auditoriyaya çıxış edib.
Festival çərçivəsində reallaşan bu audiovizual performans rəqəmsal incəsənətin və musiqinin vəhdətini nümayiş etdirərək, gənc yaradıcılar üçün yeni ifadə imkanları təqdim edib və “Bakı Yaradıcı Həftəsi – 2025”in yadda qalan anlarından birinə çevrilib.
Mənbə: https://culture.gov.az/