217829_516458328381268_61900860_n

Məşğulam.

Ay İbrahim, sən sevməklə məşğul ol,
Mənsə dərd-qəm çəkmək ilə məşğulam.
Gecə-gündüz dayanmadan göz yaşın,
İldır-ildır tökmək ilə məşğulam.

Arif olan hər mətləbi incələr,
Ruh göylərə pərvazlanıb dincələr,
Ay çıxanda tək oturub gecələr
Öz içimi sökmək ilə məşğulam.

Hav götürən yaralarım simləyib,
Dərdlərimi alaq basıb çimləyib,
Pərən düşən xoş günləri cəmləyib,
Yamaq edib tikmək ilə məşğulam.

Sağollaşan necə-necə illəri,
Yelə verdim şəvə kimi telləri,
Söz bağından pöhrələnmiş gülləri
Bu könlümdə əkmək ilə məşğulam.

Arzularım zaman ilə daşlaşıb,
Duyğularım daşa dönüb daşlaşıb,
Ədalətəm ömür qalam yaşlaşıb
Yavaş-yavaş çökmək ilə məşğulam.

KÖÇÜM GƏLİM

Bənzərsən yaz gəlişinə,
Tamarzıyam gülüşünə,
Gülüm sənin görüşünə
Hansı yolu seçim gəlim?

Səbrim çatmır daha canan,
Mənəm eşq oduna yanan,
Qapınızdan qoymur anan,
Pəncərədən keçim gəlim.

Ömrü ələyinlə ələ,
Məni öz sevginlə bələ,
Ədalətə bir yer elə
Ürəyinə köçüm gəlim.