Arifə MUXTAROVA.Yeni şeirlər

1003027_487323341361850_129299921_n

KİMLƏRLƏ BÖLÜŞDÜRÜM ÜRƏYİMDƏN KEÇƏNLƏRİ.

Hərdənbir qarışır fikirdən mənim bu bəlalı başım,
Cavan ikən qocalıb, yüzdən artıq olub yaşım.
Boylanıb görməyəndə dərdə şərik insanları,
Yaşarır qonur gözüm və çatılır qələm qaşım.

Kimlərlə bölüşdürüm ürəyimdən keçənləri,
Dərdləşib sakit olum söyləyib nələr…nələri.
Sirdaş və dost bilirəm bu dünyadan köçənləri,
Zeynalabdinləri, Həsən bəy Zərdabiləri.

Dirilər ölüyə tay, ölülərsə sirdaş olur,
Fələyin çərxi dönüb ağarmış saçları yolur.
İkiüzlü, hiyləgər mənafeyin güdən kəslər,
Biləni, ağıllını hərdən avam yerinə qoyur.

Olacaqdır axırı belə çirkin oyunların,
Özünü alim bilib, naxıra gedən qoyunların.
Vaxt yetib, zamanıdır ki sobaya atılmağa,
Yaş deyil, qalaqlanıb qalmış quru odunların.

Qardaşını sevməyən Allahı sevə bilməz,
Yalanlar danışarkən kor olar, görə bilməz.
Gördüyü qardaşını sevə bilməyən insan,
Görmədiyi Allahı hardan sevəcək asan?

HAQQ EVİ, NAHAQQ EVİ

Bir girişdə 2 qonşu yaşayırlar.
Bir qonşunun qapısını döyəni çox,
O birinin qapısında bir kimsə yox.
Axı necə həyatdır bu?
Qonşuların birisi haqq, biri nahaqq.
Haqq qalmış tək.
Qəlbidənsə məhəbbəti qucaq-qucaq,
Ətək-ətək.
Bu nahaqqın tanışı çox, bilişi çox,
Axı necə həyatdır bu?
Bu tək haqqın tanışı yox –
yeri-göyü yaradanı, Allahı var,
Qəlb oxşayan kəlamı var.
Hər birimiz haqq evinin qapısını
Döyə bilək,
Haqqın qəlbin sevindirək.