1003027_487323341361850_129299921_n

YAXŞILIQ QALACAQ

Yaxşılıq eyləyib gətirsən dilə,
Ölərək qiyməti dönəcək külə.

Bəndə qarşısında olsan da mələk,
Haqsızlar dözməyib quracaq kələk.

Atanın, ananın çalış, bil qədrin,
Uyma hər söhbətə, cilovla səbrin.

Qardaşın, bacının zəhmətini bil,
Başın uca olar varsa şirin dil.

Sağ əlin verdiyin sol ələ demə,
Çalış haramları tərk eylə, yemə.

Oxu kəlamları dərk eylə, öyrən,
Qanunsuz işlərə göz yumma, söylən.

Çətinlik görəndə atıl, çat dada,
Yaxşılıq qalacaq qoca dünyada.

Yapışma dünyəvi şöhrətdən, addan,
Sənə qardaş olar, istəsən yaddan.

Yaşa öz dövrünü namus, qeyrətlə,
Qibtə etsin sənə hamı heyrətlə.

ALLAH BUYRUĞU.

Buyurdu Allahım: – “Çox istə məni,
Özünə dost eylə haqqı biləni.
Qaldırsan adımı yüksəkliklərə,
Həyatın qərq olar gözəlliklərə.

Sən qardaş-bacını sev, özünküdür,
Hər biri mərcandır, dürrdür, incidir.
Adım çəkiləndə büzsələr dodaq,
Yaxınlıq eyləyib çağırma qonaq.

Əgər yad dərdinə olarsa şərik,
Deməli yadla mən- səninlə birik.
Əl-ələ yapışıb sevinclə birgə,
Tutarıq həyatda yeni bir cərgə.

Canıntək çox istə ata, ananı,
Halına onlardır candan yanan,
Əgər məni bilsən canından əziz,
Qalibsən həyatda mübarizəsiz.

Bu gözəl sözlərə eyləsən əməl,
Gördüyün hər bir iş görünər gözəl.
Düzgünlük, doğruluq əsasdır bilin,
Məni sevənləri bir daha sevin”.