Category: Azərbaycan ədəbiyyatı

  • Müzəffər MƏZAHİM.”Ay işığı ver”

    mm

    Könlümü dindirə bilməyən gecə,
    Həsrəti qəlbimdən silməyən gecə,
    Bircə ulduzuyla gülməyən gecə,
    Təşnəyəm, bir içim ay işığı ver.

    Yuxum zülmətinə qarışıb, itib,
    Bəxtimin ulduzu sayrışıb, itib,
    Bağrımın başında intizar bitib,
    Təşnəyəm, bir içim ay işığı ver.

    Pozulub fikrimin düzümü, neynim,
    Qəlbimi yandıran sözümü neynim,
    Yoxdur ürəyimin dözümü, neynim,
    Təşnəyəm, bir içim ay işığı ver.

    Könlüm pərvanədir, yarasa deyil,
    Yad ocaq, yad işıq sorası deyil,
    Məni qayğıların yorası deyil,
    Təşnəyəm, bir içim ay işığı ver.

    Aydınlıq sabaha ümid selidır,
    İlham pərisinin nəğmə dilidir,
    Bir yar soraqlıyam, könlüm dəlidir,
    Təşnəyəm, bir içim ay işığı ver.

    1984

  • Aysel NƏSİRZADƏ.”Qulpu qalmış çanta” (Hekayə)

    Qışın oğlan çağı idi. Bakıya ilk dəfə illərdən bəri yağmayan qar yağmış, şəhər ağ libasını geyinmişdi… O gün nə vaxtdan həsrətlə (ehtiyacım olduğu üçün) yolunu gözlədiyim təqaüdümü almışdım. Dərsdən həmişəki vaxtdan bir az gec çıxdıq və tələbə yoldaşlarımla bərabər metroya gəldik. Metroda o qədər adam var idi ki, üç qatarı yola salandan sonra növbəti gələn qatara minə bildik. Metrodan çıxanda hava tamam qaralmışdı. İlk dəfə tək başıma qaranlıqda evə gedirdim. İçimdə qorxu yox idi desəm, yalan olardı. Təqaüdd də aldığıma görə lap qorxurdum. Deyirdim birdən kimsə izləyər, bilər… nəysə… Metrodan çıxdıqdan sonra olmayan dayanacağa tərəf irəlilədim. Olmayan dayanacaq-adamlar harda çox yığılırlarsa, ora da “dayanacaq” olur.
    Bu naməlum dayanacaqda hər kəs kimi mən də bizim qəsəbəyə gedən avtobusu gözləyirdim.
    Qəsəbəyə gedən düz beş avtobus keçdi amma birinə də minə bilmədim. Minmək mümkün olmurdu. Avtobus dayanacağa yaxınlaşan kimi adamlar bir-birini ayaqlamaq bahasına olsa belə avtobusa minirdilər. Mən də kənarda soyuqdan donmuş vəziyyətdə, nə vaxt avtobus boş geləcək və mən də avtobusa minəcəyəm deyə düşünürdüm. Elə düşünə-düşünə, öz içimdə danışa-danışa bir addım irəli atırdım ki, ayağım çuxura düşdü və çəkməmin altı deşildi, su keçirməyə başladı. Ayaqlarımı demək olar ki, buz kəsirdi. Həm soyuqdan, həm də avtobusa minə bilmədiyim üçün məni ağlamaq tutmuşdu. Amma yenə öz-özümə ”Sən uşaq deyilsən artıq böyümüsən heç kimdən də qorxmamalısan, gələn avtobuslardan birinə mütləq minəcəksən”deyə təsəlli verirdim.
    Yarım saatdan çox gözləməyimə baxmayaraq, yenə də qəsəbəyə gedən heç bir avtobusda yer tapıb minə bilmirdim.
    Elə bu vaxt kimsə mənə tərəf yaxınlaşıb “ay bala, deyəsən ilk dəfə belə halla rastlaşırsan, niyə kənarda dayanmısan, bu gedişlə sən səhərə qədər avtobus gözləməli olacaqsan. Bir cəhd et keç irəli” söylədi.
    O, yaşlı, saçları ağarmış, beli bükülmüş bir kişi idi. Sonra öyrəndiyimə görə burda “dispecir”işləyir.
    Mənim də soyuqdan dişim dodağımı kəsirdi. Səsim titrəyə-titrəyə cavab verdim.
    Hə baba, ilk dəfədi ki, belə halla rastlaşıram, biri də boş gəlmir ki, minib gedəm. Burda soyuqdan dondum.
    Qoca baxıb gülümsədi, əlini avtobusa minmək üçün bir-birini itələyən caamata tərəf uzadıb dedi:- Eh, ay bala bu KƏNDLƏŞMİŞ ŞƏHƏRDƏN adam nə gözləsin axı? Hərə bir rayondan işləmək üçün şəhərə gəlir, şəhərin mədəniyyətin kəndə aparmaqdan kəndin “mədəniyyət”in şəhərə gətirirlər. Görmürsənmi necə avtobusa minmək üçün abırlarından-həyalarından keçiblər. Hələ o cavan oğlanların hərəkətinə fikir ver. Nə qadın bilirlər, nə qız bilirlər, nə də böyük kiçik yeri… Avtobus gələn kimi hamıdan birinci qaçıb minirlər. Əşşi onları da qınamalı deyil, onlar da evə getmək istəyirlər. Onların da narahat halda yollarını gözləyən var axı. Nə deyəsən, kimdən deyəsən günahı kimdə görəsən…?!
    Mən demək olar ki, ayaq dırnağımdan saçlarıma qədər buzlamış, buz heykəlinə dönmüşdüm. Ağzımı açıb fikrimi belə, bildirə bilmədim. Bildirsəydim deyərdim ki, babam dediyinə görə Sovetin heç nəyini bəyənməsə də bir nizam-intizamını bəyənərmiş. Bəlkə bu sözün heç yeri yox idi deməyə, amma nəysə də fikrimdən keçdi.
    Avtobus gəldi, qoca ciddi cəhdlə irəliləyib avtobusun sürücüsünə yaxınlaşdı. Nə danışdılar bilmirəm, əl edib məni yanına çağırdı. Sürücüyə dedi bu mənim nəvəmdi “N”qəsəbəsinə gedir. Sürücü də sağ olsun bir təhər yer edib məni avtobusa mindirdi. Dönüb qocaya sağ olun deyəcəkdim ki, bir də baxdım ayaqlarım yerdən kəsilib. Bir təhər ayaqüstə dayandım. O qədər adam minmişdi ki, avtobusda addım atmağa yer yox idi. Bu vaxt ”Telefonum kim oğurladı?”deyib ucadan qışqıran bir adam aləmi bir-birinə qatdı. Hamı soyuqdan donmuşdu kimin nəyinə lazım idi kimin telefonu itdi, kimə nə oldu?! Oğrular da qarışdı doğruların arasına səslərini çıxarmadı. Bir onu bildilər ki, adamı var gücləri ilə avtobusdan yerə saldılar “get yerdə axtar”deyə. Mən də fərasətli tərpənib tez mobil telefonumu qolumdan asdığım çantadan çıxarıb əlimdə saxladım ki, birdən mənim də telefonum oğurlayarlar.
    Artıq qəsəbəyə çatmışdıq. Adamlar bir-birlərini itələyə-itələyə avtobusdan düşürdülər. Mən də çantamın qulpundan bərk-bərk yapışıb gözləyirdim ki, bir az avtobusdan adam boşalsın çantamdan yol pulumu çıxarım, rahat düşüm, əsas o idi ki, qəsəbəyə çatmışdım. Elə əl atdım ki, çantadan pulu çıxarım, baxıb gördüm ki, çantamı kəsib götürüblər. Nə qədər hay-haray etdim nə xeyri var çanta getmişdi içində də nə vaxtdan bəri həsrətlə gözlədiyim təqaüdüm. Bir sözlə də olan olmuşdu. Sürücü də əlimdə çantanın qulpunu görüb heç yol pulu da istəmədi. Kor-peşman əlimdə çantanın qulpu evə yollandım.
    Haa, bu arada unutmadan deyim ki, nə yaxşı fərasətli çıxıb mobil telefonu əlimdə saxlamışdım yoxsa o da əldən gedəcəkdi.

  • Rafiq ODAY.”Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş şeirlər” silsiləsindən

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    BİRİMİZƏ ÇATMAYIR

    Nənə nağıl danışır,
    Göydən üç alma düşür.
    Nəvələrin günləri,
    Bax beləcə ötüşür.
    Almaların üstündə,
    Dalaşırdı nəvələr.
    Axı alma üç idi,
    Onlar isə dörd nəfər.
    Kiçik nəvə Dürdanə,
    Bir gün dedi:- Ay nənə,
    Bəs niyə almaların
    Sayı heç vaxt artmayır?
    Axı biz dörd nəfərik,
    Birimizə çatmayır.

    NƏ GÖZƏL, NƏ GÖZƏL

    Bahar gəldi əldə dəf,
    Nə gözəl, nə gözəl.
    Üzə güldü hər tərəf,
    Nə gözəl, nə gözəl.

    Xalı sərdi dağlara,
    Bağçalara, bağlara,
    Suya dönür, bax, qara,
    Nə gözəl, nə gözəl.

    Ağaclar çiçəklədi,
    Gün vurdu göyçəklədi.
    Budağı ləçəklədi,
    Nə gözəl, nə gözəl.

    Dilə gəldi dağ çayı,
    Düşdü elə harayı,
    Baharımın hər ayı,
    Nə gözəl, nə gözəl.
    (daha&helliip;)

  • Rahilə DÖVRAN.”Halva deməklə”

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Zaval yox şərəfə, namus, qeyrətə,
    Hər insan əməklə çatar şöhrətə.
    Oxucum, qapılma təccüb, heyrətə,
    Kişi baş saxlamaz müftə yeməklə-
    Ağız şirin olmaz, halva deməklə.

    Insanın ömrünün bəzəyi, zəri,
    Qabarlı əllərdir, həm alnın təri.
    Atalar sözü var, dillər azbəri:-
    “Daşdan da pul çıxar” polad biləklə-
    Ağız şirin olmaz, halva deməklə.

    Ürəyi təmiz ol, gözü, könlü tox,
    Inan Yaradana, qəzəbindən qorx.
    Yalanın, haramın, bil ki, sonu yox,
    Havayı gələn şey, gedər küləklə-
    Ağız şirin olmaz, halva deməklə.

    Hamı Rəbbdən dilər tale, qismətin,
    Qoruyar abırın, arın, ismətin.
    Razı qal bəxtindən, ol cəsur, mətin,
    Yaşanar hər ömür arzu, diləklə-
    Ağız şirin olmaz, halva deməklə.

    Inanma böhtana, şərə, yalana,
    Çevrilmə bəxtindən qisas alana.
    Gəl balta vurma sən, yerdə qalana,
    Qazanma ruzini hiylə, kələklə-
    Ağız şirin olmaz, halva deməklə.

    Yolunu açıq tut Haqqa, dərgaha,
    Tamah batırmasın səni günaha.
    Heç olma səbəbkar naləyə, aha,
    Istər yüz yaşda ol, istər iməklə-
    Ağız şirin olmaz, halva deməklə.

  • Rahilə DÖVRAN.”Sonu vardır”

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Sığmırdı boyuna hirsi, hikkəsi,
    Qulaq batırırdı hökümlü səsi.
    Görmürdü özünə, layiq heç kəsi,
    Bilmirdi mənəmlik, lovğalıq ardır-
    Həyatda hər şeyin bir sonu vardır.

    Çapıb lovğa-lovğa, təkəbbür atın,
    Haqqın tapdaları, qohumun, yadın.
    Faş edib aləmə, bəd, qırıq zatın,
    Sanırdı zorbadır, həm bəxtiyardır-
    Qanmırdı hər şeyin, bir sonu vardır.

    Rəbb duydu ehtiyac , ibrət dərsinə,
    Döndərdi zamanın çarxın tərsinə.
    Qafili basanda, qızmar ərsinə,
    Gördü ki, yay vaxtı, istəyi qardır-
    Anladı hər şeyin, bir sonu vardır.

    Indi səsi gəlir, çox-çox dərindən,
    Dərs alır zəhmətdən, alın tərindən.
    Halidir millətin dərdi-sərindən,
    Öyrənib insanı əmək ucaldır-
    Inanır hər şeyin, bir sonu vardır.

    Günlər, həftə, aylar yaradır ili,
    Kiçik bir qarışqa, devirər fili.
    Dövran islah etsin, hər bir qafili,
    Anlasın, “nadana, gen dünya dardır”-
    Həyatda hər şeyin, bir sonu vardir.

  • Abdulla MƏMMƏD.”Əllərim bulaşır göz yaşlarına”

    12647929_456084107917624_702711598_n

    Dəyişən bir sənsən,bir də ki zaman,
    Yer də həmən yerdir,göy də həmən göy.
    Sənin bu dünyayla işin olmasın,
    Yetər,deyindiyin arxasınca hey!

    Bir damla göz yaşın sonda ölən köz,
    Dilinlə gor eşmə ürəyim də sən.
    Dünən sevincimə şərik olan,qız,
    Bu gün kədərinlə ürəyimdəsən.

    Əllərim bulaşır göz yaşlarına,
    Alın yazısıdır-göz yaşı deyil.
    Qucub dizlərini hönkürmə belə,
    Dizlərin eşqinə baş daşı deyil.

  • Abdulla MƏMMƏD.”Dalğın baxışına baxa bilmirəm”

    12647929_456084107917624_702711598_n

    Dalğın baxışına baxa bilmirəm,
    Sənin ki, gözlərin dan işığıydı.
    Dünən gözlərində dinən sözlərin,
    Sevən ürəyinin danışığıydı.

    Daha düz oxumur özündə sözün,
    Sözündə məhəbbət dağım-dağımmış.
    Nifrətin gözündə peşiman qüssə,
    Dilinin riyası röya dağımmış.

    Sən demə susarmış gözündə sözün,
    Gözümün dünyası sözümün canı.
    Çətin kimsə sevə mənim tək səni,
    Salma qəribliyə sözümü, canım.

    Çılğın dəniz kimi coşqun dalğalı,
    Sevdalı qəlbimdə qədərim sənsən.
    Yapışıb yaddaşın yaş yaxasından
    Sızlayan sözümdə qəhərim sənsən.

    Sən demə bu sevda alın yazısı,
    Qüssəsi ölüncə bəs edər mənə.
    Ümidim üzülməz nazilsə belə
    Qədər toy tutsa da bəs qədər mənə.

    Gülüm, üz çevirib o gül üzündən
    Tale gül üzünü səndən, sən məndən.
    Bəlkə bağışlayım günəşi sənə,
    Barı uzaq olsun çisən,çən səndən.

    Dalğın baxışınla baxsam dünyaya,
    Başını itirər bu dünya belə.
    Səni sevəcəyəm son nəfəsəcən,
    İçimi göynədən nisgilin ilə!

    Bülbül yuvasıyam kövrək budaqda,
    Sevdalı ürəyim bübülə həsrət,
    Qənim kəsildiyin göz yaşlarınla
    Dərdim çiçəkləyir tər gülə həsrət…

    Dalğın baxışına baxa bilmirəm,
    Sənin ki gözlərin yar işığıydı.
    Dünən gözlərində dinən sözlərin
    Sevdalı qəlbimin yaraşığıydı.

    Azərbaycan.Quba.
    23.05.2016.

  • İsmayıllıda Respublika günü qeyd olunub

    mayın 31-də İsmayıllı Rayon Mədəniyyət Mərkəzində 28 may respublika gününə həsr olunmuş tən-tənəli bayram tədbiri baş tutub. Rayon məhkəməsinin hakimi Azad Əliyev Respublika Günü ilə əlaqədar-gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay davam edən Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə məruzə edib.
    İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı, professor Mirdaməd Sadıqov çıxış edərək bildirib ki, ADR-ın 1918-ci ildə qaldırdığı bayrağı ümummilli liderimiz Heydər Əliyev keşməkeşli uzun illərdən sonra yenidən Naxçıvanda ucaldıldı. Üçrəngli bayrağımızı dövlət bayrağı kimi qəbul etdi. Gərgin və dönməz fəaliyyəti ilə Azərbaycanın müstəqilliyinə əbədilik xarakteri verdi. Cənab Prezident İlham Əliyev bu müstəqilliyi və azadlığı iqtisadi, hərbi, siyasi, ideoloji, sosial və balanslaşdırılmış xarici siyasət baxımından daha da möhkəmləndirir, monolit zəmində davamlı edir.
    İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı sonda bir qurup ictimai fəala və Respublika Gününə həsr olunmuş müsabiqələrdə, yarışlarda qalib gələn gənclərə fəxri fərman, qiymətli hədiyyələr təqdim etdi.
    Bayram tədbirində “İstedadlar axtarırıq” müsabiqəsində qalib gələnlərin konserti olub.

    Elnarə GÜNƏŞ,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının xüsusi müxbiri,
    İsmayıllı rayonu

  • İsmayıllıda Şamaxı İncəsənət Təhsili Mərkəzi şagirdlərinin konserti keçirilib

    mayın 31-də İsmayıllı rayon Uşaq Yaradıcılıq Mərkəzində Şamaxı İncəsənət Təhsili Mərkəzinin şagirdləri konsert proqramı təşkil olunub.
    Şamaxı İncəsənət Təhsili Mərkəzinin şagirdləri konsert proqramına əsasən, xalq çalğı alətləri orkestrinin şagirləri rəngarəng musiqi nümunələri ilə çıxış etmişlər. Konsert proqramına xalq mahnıları, muğamlar, milli və Avropa rəqsləri, Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Əziz Əzizovun, Süleyman Ələsgərovun, Azər Dadaşovun əsərləri ilə yanaşı bir sıra Avropa və rus bəstəkarlarının da əsərləri daxil edilmişdir.
    Çıxış zamanı mərkəzin şagirdləri fortepiano, tar, qarmon alətlərində ifa etmiş, konsertdə Respublika müsabiqələri laureatları və diplomantları, həmçinin mərkəzin “Nağaraçalanlar ansamblı” iştirak etmişlər. Mərkəzin şagirdlərinin ifa etdiyi rəngarəng çıxışlar tamaşaçıların zövqünü oxşayıb.
    Sonda Şamaxı İncəsənət Təhsili Mərkəzinin direktoru Namiq Rzazadə çıxış edərək bütün iştirakçılara uğurlar arzulamış, kollektivi adından, göstərilən xüsusi qonaqpərvərliyə görə isə İsmayıllı rayon icra hakimiyyəti başçısı, professor Mirdaməd Sadıqova dərin minnətdarlıqlarını bildirmişdir.

    Elnarə GÜNƏŞ,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının xüsusi müxbiri,
    İsmayıllı rayonu

  • Esmira RƏHİMLİ.”Yarın yolunu gözləyirdik ki, əğyar bizə gəldi”

    esmira

    Yarın yolunu gözləyirdik ki, əğyar bizə gəldi,
    Büdrədik bir balaca, əzildik, bəla dizə gəldi.

    Bülbül bayqular ilə qol-qola gəzməz bu çəməndə,
    Əfsus ki, gül tikan ilə hər yerdə üz-üzə gəldi.

    Biz ağlar ikən kam alıb kef çəkdi ürəkdən,
    Biz gülüncə nakəslərin canına vic-vicə gəldi.

    Bir də baxdım ki, üzü yaman səpib, hər nə yeyibsə,
    Çox göyçək idi hüsnü-camalı, bir də gözə gəldi.

    Yağ olmayınca süddə, qatıqda qaymaq üzə gəlməz,
    Hər nə vardı içində qıcqırdı çıxdı, üzə gəldi.

    Əsməra, səninlə çətindir dolanmaq, unutma ki,
    Çox qürurlu dağlardan insanlar aşdı, düzə gəldi.

  • Esmira RƏHİMLİ.”Özünü məndən ağıllı bilən insan, yeri var!”

    esmira

    Özünü məndən ağıllı bilən insan, yeri var!
    Dəf atıb, tar götürüb, kamança tutsan yeri var.

    Bu dünya yaranandan zülm edib insan insana,
    Üz çevir cahillərdən, aqilə uysan yeri var.

    Bahalı hədiyyələr istəmirəm borclu qalım,
    Bir vəhşi çiçək dərib könlümü alsan yeri var.

    Deyirsən gah budur bu, gah odur bu, hansıdır bəs?
    Aparıb baş-beynimi hap-gopa bassan yeri var.

    Bildiyin burun eşmək, hərzə demək, bir də yemək,
    Bir də ki, basaratın bağlıdır, oysan yeri var.

    Oxudun “tarixi-Nadir” bəlkə kamallı olasan,
    “Hır ilə zır” arası xırdalayırsan yeri var?

    Nankorun, naşükürün gözümdə yox it dəyəri,
    Vəfalı bir köpəyin gözümdə insan yeri var.

    Su gələn arxa gələr bir də, Əsməra, yəqin,
    Bir quru səhrasan ki, üzündə leysan yeri var.

    2012

  • Mais TƏMKİN.”Tanıya-tanıya mən adamları”

    10646868_273655359498567_6620189188081019440_n

    (Hikməti sözündə axtar- kitab)

    Dərdimin üstündə təzə dərd bitir,
    Kədər ürəyimi oxlayıb didir.
    Ümidim azalır, inamım itir,
    Tanıya-tanıya mən adamları.

    Həzz aldım çoxunun şirin sözündən,
    Qəlbini duymadan öpdüm üzündən.
    İnciyib küsürəm özüm-özümdən,
    Tanıya-tanıya mən adamları.

    Doğru bildiyimi yalan görürəm,
    Arzu-istəyimi talan görürəm.
    Şirin dil altında ilan görürəm,
    Tanıya-tanıya mən adamları.

    Könlümü göynədən öz ahım oldu,
    Aldanmaq həyatda günahım oldu.
    Qohum yada döndü, yad qohum oldu,
    Tanıya-tanıya mən adamları.

    Səsləyənin harayına yetirəm,
    Mən səsləsəm, yoxdu bir əl yetirən.
    Qorxuram hamını sonda itirəm,
    Tanıya-tanıya mən adamları.

    19.12.2003

  • Mais TƏMKİN.”Qayıt dedi”

    10646868_273655359498567_6620189188081019440_n

    Sevdiyim gözəldən ayrılan* zaman,
    Boylandı arxamca göz, ,,qayıt” dedi.
    Baxdı məlul-məlul, halı pərişan,
    Yanaq ,,qayıt” dedi, üz ,,qayıt” dedi.

    Söylədi: ,,könlümün sənsən hakimi,
    Qəlbim səninlədir ölənə kimi.
    Sən gedib-qayıdıb gələnə kimi,
    Bədənim olacaq buz, qayıt”-dedi.

    Gördüm bənövşə tək boynunu bükür,
    Yanır için-için, qanlı yaş tökür.
    Ağlaya-ağlaya o, hönkür-hönkür,
    Sızladı, inlədi qız, qayıt, dedi.

    Soruşdum, bu səndə nə dərdi-sərdi?
    Söylədi, Leylidən halım betərdi.
    Dedim ki, səfərim uzun səfərdi,
    ,,Ləngimə, ay Mais, tez qayıt”-dedi.

  • Müzəffər MƏZAHİM.”Səni gözləyirəm”

    mm

    Əlçatmazsan…
    Qəlbimin ən müqəddəs
    Arzusu kimi.
    Qəddarsan…
    Alın yazısı kimi.
    Amma mən
    Səni sevməyimə
    Peşiman deyiləm.
    Olduğun kimi qal,
    Belə gözəlsən…
    Inanıram
    bir gün mənə dönəcəksən…
    Son dayanacağın
    sərnişini kimi,
    arxayın-arxayın
    gözləyirəm
    son qərarını…
    Peşiman eləmə məni.

    2012

  • Müzəffər MƏZAHİM.”Gecə nəğməsi”

    mm

    Bu gecə ağ qaldı qarşımda varaq,
    Ulduzlu göylərdə xəyalım azdı.
    Duyğumu, hissimi cilovlayaraq,
    Gecə nəğməzini könlümə yazdı.

    Bəyaz buludları sağıb ovcuna,
    Körpə çiçəklərə içirdi torpaq.
    Bütün insanları yığıb ovcuna,
    Sanki köynəyindən keçirdi torpaq.

    Elə bil, bu gecə doğuldu dünya,
    Alın yazısına düşdü heyrətim.
    Min sirli-sehirli nağıldır dünya,
    Dinləmək qorxulu, anlamaq çətin.

    Yağdı gözlərimə ulduz yağışı,
    Axdı heyrətimə heyrət içində.
    Dəli bir şimşəyin qəfil çaxışı,
    Qəhqəhəmi çəkdi zülmət içində?

    Ayı öz bəxtindən doğdu qaranlıq,
    Həyat işığında göründü aləm.
    Gizli görüşənlər çaşdı bir anlıq,
    Bir dünya sevgiyə büründü aləm.

    Bu gecə ağ qaldı qarşımda varaq,
    Ulduzlu göylərdə xəyalım azdı.
    Duyğumu, hissimi cilovlayaraq,
    Gecə nəğməzini könlümə yazdı.

    1985 “Ata ocağı” kitabımdan

  • Şair-publisist Rafiq Odayın şeirləri Türkiyə türkcəsinə tərcümə olunub

    rafiqoday

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, respublikanın Əməkdar jurnalisti, şair-publisist, cənab Rafiq Odayın “Sən ulu öndərisən bu xalqın, bu millətin” və “Ali Baş Komandan!” şeirləri Türkiyə türkcəsinə tərcümə olunub.
    Qeyd edək ki, “Sən ulu öndərisən bu xalqın, bu millətin” şeiri Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ictimai-siyasi xadim Heydər Əlirza oğlu Əliyevə, “Ali Baş Komandan!” şeiri isə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə həsr olunub.

    Gülnarə ŞÖHRƏDDƏİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə yeni layihə həyata keçirilir

    profil

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinə dəstək” layihəsi çərçivəsində respublikanın müxtəlif bölgələrində yaşayıb, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin yaradıcılıq nümunələrinin respublikanın hüdudlarından kənarda da tanınması yönündə təsdiq edilmiş tədbirlər planının hazırlanıb.Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı gerçəkləşdirilməsi nəzərdə tutalan layihənin həyata keçirilməsini tam təmin məqsədilə gücləndirilmiş iş rejiminə keçib.Layihənin rəhbəri və müəllifi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, respublikanın Əməkdar jurnalisti, şair-publisist, cənab Rafiq Odaydır.
    Layihə çərçivəsində 10 gənc yazarın bədii yaradıcılıq nümunələri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat və Kahramanmaraş şəhərlərində fəaliyyət göstərən “Kümbet”, “Usare”, “Güzlek” dərgilərində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılacaq.
    Qeyd edək ki, bundan öncə adı çəkilən layihə çərçivəsində 3 gənc yazarın bədii yaradıcılıq nümunələri “Usare” dərgisinin 6-cı sayında Türkiyə türkcəsində çap olunaraq, ədəbiyyatsevərlərin istifadəsinə verilib.

    Gülnarə ŞÖHRƏDDƏİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Vüsal YURDOĞLU.”Bu da nağılın biri…”

    vy

    Dalğaların olaydım,
    ya da sənin sahilin…
    Mənlə birgə güləydi
    günəşli gündüzlərin,
    Mənlə birgə gələydi
    ulduzlu gecələrin…

    Yaxud, mavi səmada
    bir qağayı olaydım,
    Küləklərlə dostlaşıb
    suların üzərində
    süzəydim qanadımla…
    Həsrətimiz uzaqda,
    ruhumuz yaxın ola…

    Ya da susuz qalanda
    ölməyə məhkum olan,
    qızıl balıq olaydım…,
    düşməyəydım heç tora…
    Deyəydim, üç arzunun
    üçün də sən arzula!…

    “Birinci, – istəyirəm,
    Vüsal olsun yanımda!
    İkincisi, – ötməsin
    onsuz bircə anım da!
    Üçüncüsü, dünyanı
    aydın etsin sevgimiz!”

    Bu da nağılın biri, –
    – yaşandı xəyalımda…

  • Vüsal YURDOĞLU.”Ruhumun əkizi”

    vy

    Hər kəs ayrı-ayrı sevir dənizi,
    Sevir dalğaları, sevir sahili.
    Kiminin ruhuna düşməyir izi,
    Kiminin ruhunun əkizi, bəlli…

    Hamı dalğalara vurula bilmir,
    Küləklə rəqs edən qağayı olmur.
    Dəniz də hamıyla görüşə gəlmir,
    Gecələr ruhunun qonağı olmur…

    Sevirəm dənizi, sevirəm…, mənim,
    Gözümdə ən əziz dost da dənizdir.
    Ay Allah, üzülməz ümiddən əlim,
    Sevgim sular kimi safdır, təmizdir!

  • Vüsal YURDOĞLU.”Günahsız günah”

    vy

    Dəniz məni sevsə, gecəyə məhkum
    Ruhumun xilası hələ mümkündür.
    Yolumuzu kəsən qaranlıqların
    İşığa çıxması hələ mümkündür…

    Dəniz məni sevsə, yaz axşamları
    Gülər üzümüzə ay da, günəş də…
    Könlümüz diləyən al səhərləri
    Ümidlə gözlərik toran gecədə…

    Dəniz məni sevsə, səhər o başdan,
    Düşər bəxtimizə işıqlı sabah.
    Ay Allah, keç bizim günahımızdan,
    Bizim bu eşqimiz günahsız günah!

  • Vüsal YURDOĞLU.”Dəniz sevgisi”

    vy

    Mən dənizi sevim, mavi dalğalar
    Alsın ağuşuna sevən qəlbimi!
    Gülsün gözlərində nurlu sabahlar,
    Dolsun həyatıma axşama kimi…

    Mən dənizi sevim, bir axşam çağı,
    Gəlim bu sahilə, yenə görüşək.
    Külək yaxın etsin bizə uzağı,
    Gecə yetişməmiş qovuşaq gərək…

    Mən dənizi sevim, gecə düşəndə,
    Hava soyuyanda üşüməyim heç…
    Ay Allah, gecənin hökmü başqadır,
    Dənizli Vüsalın günahından keç!

  • “Kitabevim.az” mağazasında “Gül” kitabının imza törəni keçirildi

    gulnarxanim

    29 may 2016-cı il tarixində saat 14:00-da paytaxtın Nəsimi rayonunda yerləşən AK Centerin ikinci mərtəbəsində “Kitabevim.az” mağazasında Azərbaycan Yazıçılar Birliyi tərəfindən həyata keçirilən “aybkitab” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitunun doktorantı, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc xanım yazar Gülnar Səmanın “Gül” kitabının təqdimat mərasimi keçirilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə müəllifin qələm yoldaşları və yaxın dostları da iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, ədəbiyyatşünas müəllif Gülnar Səma ilk növbədə, tədbir iştirakçılarını salamlayaraq, dəvəti qəbul edib, tədbirdə iştirak etdikləri üçün hər kəsə təşəkkür edib, “aybkitab” layihəsi çərçivəsində işıq üzü görən yeni kitabı haqqında ətraflı məlumat verib bildirdi ki, layihə Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gənclər Şurasının sədr müavini, şair-publisist Xəyal Rza tərəfindən həyata keçirilir. Layihə çərçivəsində bu günə qədər onlarla gənc nəslin nümayəndələrinin yeni kitabı nəfis tərtibatla çap olunaraq, ədəbiyyatsevərlərin ixtiyarına verilib. Kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə xüsusi təşəkkürünü bildirdi. Kitabın redaktoru şair İbrahim İlyaslı Gülnar Səmanı yeni kitabının təqdimat mərasimində çıxış edən tədbir iştirakçılarına məlumat verərək qeyd edib ki, kitabda yer alan şeirlər müxtəlif illərdə qələmə alınıb və müəllifin son yaradıcılıq fəaliyyəti ilə bağlıdır. Yetişməkdə olan yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin bədii yaradıcılıq fəaliyyətinin təkmilləşdirilməsi və genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.
    Bədii yaradıcılıq nümunələrinin hər biri səmimiyyət və dolğunluqla qələmə alınıb. Müəllifə yeni yaradıcılıq uğurları və fəaliyyəti dilədi. Sonra tədbir iştirakçıları müəllifin yeni işıq üzü görmüş kitabı və şeirləri haqqında öz duyğu və düşüncələrini, təəssüratlarını bölüşüb, xatirələrini yada saldılar, keşməkeşli həyat yolunda yeni yaradıcılıq uğurları dilədilər. Təcrübəli qələm sahiblərindən Ehtiram İlham, Faiq Balabəyli, Əli Əmirov, Nəcibə İlkin və.s Gülnara uğurlar dilədilər. Gənc qələm dostlarından Faiq Hüseynbəyli, Cavidan, Vasif Zöhraboğlu, Hafiz Hacxalıl, Şahinə Könül, Tural Turan, Vüsal Yurdoğlu, İsa Həsənoğlu, Nicat Ülfətoğlu, Fuad Biləsuvarlı, Qılman İman, Sevinc Yunuslu, Savalan Talıblı, Manaf, Günel Fərhadqızı, Ramin Cilovdarlı, Furqani, Vüsalə Asif, Ramil Mərzili, Gültən Qədirli, Şəhanə Müşviq, Amil Ağayev və.s müəllifə xoş arzularını çatdıraraq kitablarını imzalatdılar. Tovuzun istedadlı aşıqlarından Şəhriyar Kərimov və Elməddin Məmmədli, Tovuzun digər ziyalıları Vüsalə Dadaşova, Zakir Mirzəyev, Mehman Əhməd və.s da öz həmyerlilərinə uğurlar dilədilər. Gənclərə dəstək olanlardan Betreddin Güreş və Xuraman Camalqızı da ürək sözlərini çatdıraraq kitablarını imzalatdılar.
    Müəllif tədbirin yüksək səviyyədə təşkil olunduğuna görə, zəhməti keçən hər kəsə və “Kitabevim.az” kollektivinə sonsuz təşəkkürünü bildirib, yeni işıq üzü görmüş kitabında yer alan şeirlərindən tədbir iştirakçıları üçün səsləndirdi. Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirildi.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Esmira RƏHİMLİ.”Dost var ki, xoş gününə xoş gündə havada gələr”

    Esmira

    Dost var ki, xoş gününə xoş gündə havada gələr,
    Dost da var dara düşsən dadına tufanda gələr.

    O kəs ki, ədəb gözləyər, tanıyar öz yerini,
    Öpər ustad əlini, başına irfan da gələr.

    Bayquşun banlamasıyla açarmı sübhi-səba?
    Səsi xarabada, ya çöllü-biyabanda gələr.

    Odur ki, ta binadan izni yoxdur gülzara,
    Bülbül istərsə bağa hər dəmdə, hər anda gələr.

    Ey əhdi, əqli zamin, ey əziz əhli-kamal,
    Min səhra anlamaz dağı, başı dumanda gələr.

    Əsməra, el dərdinə dəva tapıb çarə edər,
    Nə bəla gəlsə sənin canına dərmanda gələr.

    O5-V-2014

  • Esmira RƏHİMLİ.”Mən nadanlar əlindən dadi-bidad çəkərəm”

    Esmira

    Mən nadanlar əlindən dadi-bidad çəkərəm,
    Anlayar bu dərdimi bilər aqillər bilsə!

    Baş dolu ağıl ilə qalarmı biixtiyar,
    İstifadə qaydasını əgər cahillər bilsə?

    Saxlarmı xəznələri, gizlərmi pul-paranı,
    Dünyanın qiymətini məgər tacirlər bilsə?

    Qanımı dərdinə dəva bilir ellər mənim,
    Var dövlət toplamağa gələr qatillər bilsə.

    Möhkəm dayan, Əsməra, sən ki, haqq aşiqisən,
    Kafirlər iman bilər, haqqı batillər bilsə!

    08-VI-2014

  • Mais TƏMKİN.”Dünya”

    10646868_273655359498567_6620189188081019440_n

    Səni indiyədək eşitməyibsə,
    Çətin bundan sonra eşidə dünya.
    O qədər soyuqdur, yay vaxtı belə,
    Hey istər qəlbini üşüdə dünya.

    Bir məzlum könlünü ala bilməyir,
    Qolunu boynuna sala bilməyir…
    Əzəldən bir donda qala bilməyir,
    Düşdükcə çeşiddən-çeşidə- dünya.

    Haqsızlar dördnala çapır atıyla,
    Bürüyüb dünyanı alov, oduyla.
    Kəsir boğazını “islam” adıyla,
    Meydanı veribdi “işid”ə- dünya!!

  • Mais TƏMKİN.”Ağ adamları”

    10646868_273655359498567_6620189188081019440_n

    Hərəsi əlinə alıb bir silah,
    Yıxıb uçururlar, Ağa*, damları.
    Nə vaxt qurtararıq dərd-qəm əlindən,
    Bu Şuşa, Kəlbəcər, bu Ağdamları?

    Küncə sıxışdırıb əyrilər düzü,
    Təpələr bəyənmir nə dağ, nə düzü.
    Hər şeyin həyatda qaçıbdır duzu,
    Daha şit görünür, Ağa*, tamları.

    …Rəvamı, qorxağa qıyam- mətini*?
    Yaxşılar itirə öz qiymətini?
    Allah tez yetirib qiyamətini,
    Yığaydı bir yerə , axx, adamları.

    Hey qara çoxalır, ağ arta bilmir,
    Yer etsin özünə ağ, harda- bilmir.
    Dünyanın üzünü ağarda bilmir,
    Bu qara dünyanın ağ adamları.

  • Müzəffər MƏZAHİM.”Dünya duyğudur”

    mm

    Hərdən için-için göynər, sızıldar,
    Dolu sünbül kimi tətrəyər könül.
    Hər gecə bir həzin nəğmə pıçıldar,
    Kövrək duyğularım açılar dil-dil.

    Qərib durnaların son nəğməsi tək,
    Qəlbimdə son şerin yükü var hələ.
    Haçan hönkürəcək bu hissi ürək,
    Haçan üzüləcək bu son zingilə?

    Ömrümü yolların təşnəsi bilib,
    Görümlə düyümun körpüsü oldum.
    Qəlbimi məhəbbət çeşməsi bilib,
    Axıb damla-damla gözümə doldum.

    Gəzdim qarış-qarış aranı, dağı,
    Dünya başdan-başa yolmuş, iz imiş.
    Əyildim içməyə yandı dodağım,
    Bulaqlar yaralı maral gözüymiş.

    Dünyanı dərk edən ağılmı hissmi?
    Göz nədir, ürəklə görürmüş insan.
    Bir ömür yaşadım, yaxşımı, pismi?
    Yarısı həqiqət, yarısı gümün.

    Ətəkdə baharam, zirvədə qaram,
    Ucalıq dağların təkində imiş.
    Fikir yolçusuyam, söz zəvvarıyam,
    Kövrəklik könlümün kökündə imiş.

    Nəyə gücüm çatar ürəkdən özgə?
    Onu ovundurmaq asandır hələ.
    Mənə ümid olan el yanındasa,
    Əlim ətəyimdən uzundur hələ.

    Bir ovuc torpaqdır, bir içim sudur,
    Sinəmdə arzular bitirən ürək.
    Dünya düşüncəmə hopan duyğudur,
    Təbiət məni də dərk edə gərək.

  • Müzəffər MƏZAHİM.”Adam var ki…”

    mm

    Zəmanənin aşağıdan yuxarı,
    Qarışıbdır halal gəlir-çıxarı,
    Bu dünyanın tərsə düşüb axarı,
    Qurd qoyunun sayasına şellənir.

    Adam var ki, halalına güvənir,
    Adam var ki, kamalına güvənir,
    Adam da var cəlalına güvənir,
    Haram tutmuş mayasına şellənir.

    Çoxu istər ehkamları qıra bir,
    Alçalsa da, təki olsun sıra bir,
    Xəbəri yox, əldən gedib ar-abır,
    İtirdiyi hayasına şellənir.

  • Şəfaqət CAVANŞİRZADƏ.”Sevginin gözləri” romanının XXXVI hissəsi

    12985435_986875234742846_1048039984923505815_n

    Camal telefonu söndürüb, otağın küncündə oğlunu qucaqlayıb qısılan Fidana yaxınlaşdı.

    – Elə bilirdin, sənə birdə əlim çatmaz? Görürsən elə də böyük şəhərdə yaşamırıq.

    Qaçırılanda qorxusundan ağlayan Yaşar hər şeydən xəbərsiz anasının qucağında bəlkə də ağlı-qaralı yuxu görürdü. Camal uşaq oyanmaması üçün asta danışırdı. Fidanın da ağlamaqdan gözləri qızarmışdı.
    Camal əliylə qurbanının üzünə toxunmaq istəyəndə Fidan sol əliylə onu itələdi. Camal otaqda ondan tapşırıq gözləyən təxminən özü yaşda olan kişiyə üzünü çevirdi:

    – Mən gələnəcən otağın qapısını açmayın. Heç su da verməyin. Tox günlərə necə öyrəşibsə əsir olduğu yadından çıxır. Əsir olduğunu biraz hiss eləsin.

    Kişi başını aşağı salmışdı. Nə Camala baxırdı, nə də Fidana. Camal otaqdan çıxanda o da çıxdı, otağın qapısını açarla bağladı.
    Balaca mətbəxin qapısı ağzında cavan qadın dayanmışdı. Camal qadına baxıb otaqda dediklərini yenə təkrarladı.

    – Allahın suyunu da vermirsiz. Mən gələnəcən bu qapı açılmayacaq. Pulunuz artıqlamasıyla veriləcək. O da mən deyənləri eləsəz.
    Kişi Camala qadına baxa-baxa arxayınlıqla dedi. – Arxayın ol.

    Qadın ərinin də, Camalın da gözləmədiyi sualı verdi.
    – Birdən polis gəlib eləsə, necə olacaq?

    Camal qadına cavab vermək istədi, dayandı. Kişiyə tərs-tərs baxdı, evdən çıxdı. Kişi də qadına tərs-tərs baxdı, Camalın arxasınca baxdı.

    Lamiyə Cəmiləni anasıyla evinə gətirdi. Cəmilə göz yaşlarını saxlaya bilmirdi. Heç vaxt ağlına gəlməzdi neçə il bir yastığa baş qoyan kişi onu belə alçaldardı.
    Oğlu da onu analıqdan silmişdi. Cəmiləyə ən çox təsir edən gəlini və qudası yanında bu vəziyyətə düşməsi idi. Lamiyə evdə işləyən köməkçiyə su gətirməsini tapşırdı.

    Lamiyə – Nəyə baxırsan? Su gətir.
    Köməkçi Cəmiləyə stəkanda su gətirdi. Cəmilə suyu içəndən sonra sakitləşdi. Üzünü Lamiyəyə tutub acıqla dedi:
    – Hər şeyin günahkarı sənsən. Hər şey sənin ucbatından oldu.

    Lamiyə ayağa qalxıb Cəmilənin qarşısında dayandı. Təəccüblə qaynanasına baxdı. Qızının yerinə Aynur sual verdi:

    – Başa düşmədim, siz yola getmirsiz, qızım nə etsin ona?
    Lamiyə anasına cavab verdi;

    – Ümumiyyətlə bunların evini də su da bassa məndən biləcəklər. Hər şeyin günahkarı sənsən Cəmilə xanım. Özündən başqa günahkar axtarma. Başımıza nə gəlibsə sənsən səbəbkar.

    Cəmilə dərindən nəfəs aldı, astaca ağlaya-ağlaya dedi: – Səfər hər şeyi bildi. Lamiyə – Nəyi bildi?
    Cəmilə – Təhminəylə Fidanı qaçırtmağımı

    Lamiyənin canına üşütmı gəldi, qorxmağa başladı.
    – Boynuna aldın?

    – Neyləməliydim? Narahat olma, sən də o evdə çox qalmayacaqsan.

    Aynur təəccüblə qızına baxdı; – Bu nə danışır?

    Lamiyə – Fikir vermə, ağlı qaçıb. Mən niyə o evdə qalmamalıyam? Mən ki, heç kimi qaçırtmamışam. Ola bilsin yaddaşınız zəifdir, mən xatırladım.Ərinizin məşuqəsiylə Fidanın qaçırılmağında günahım yoxdu. Sadəcə bilib susmuşam. Deyərəm məni hədələmisiz. İndiki vəziyyəti nəzərə alsaq, hamı mənə inanar.

    – Onsuzda oğlum səni saxlamayacaq – Lamiyə inadkarlıqla Cəmilənin sözünü kəsdi.

    – Onu sizdən başqa heç kim demir. Səfərin məni boşaması üçün səbəb yoxdu. Sizin eqonuz, insanlara yuxarıdan aşağı baxmağınız sizi bax belə tək qoydu. Hələ görəcəyiniz günləriniz qabaqdadır. Bunu sizə mən deyirəm.

    Ev telefonuna zəng gəlir. Hamı telefona baxır. Köməkçi qadın mətbəxdən çıxanda Lamiyə əliylə işarə elədi.

    – Özüm baxaram. Yəqin Səfərdi.
    Lamiyə telefona cavab verdi. – Allo
    Telefonun o biri tərəfindən tanış qadının səsi gəldi. – Salam.

    – Salam.
    – Cəmilə xanımı olar?
    – Kim idi soruşan?
    – Lətafət həkim

    Lamiyə udqundu, özünü itirmədi.

    – Evdə yoxdu. Nömrənizi verin gələndə deyim yığsın.

    – Özüm yığacam. Sağ olun.
    Lətafət dəstəyi yerinə qoydu. Şübhəylə telefona baxdı.
    Cəmilə ayağa qalxıb Lamiyəyə yaxınlaşdı.

    – Kim idi?

    Lamiyə diqqətlə qaynanasına, sonra telefona baxdı. Nə olur olsun bir yol tapmalıydı. Lətafət yenə zəng edəcək, bilirdi. Lamiyə diqqətlə anasına baxdı, həyəcanlıydı, ixtiyarsız gözləri doldu.

    – Zəng edən Fidan idi. Səfəri soruşurdu. Deməli Səfər Fidanla münasibətləri yenə davam etdirir? Siz Fidanla danışırsız?

    Cəmilə – Gic-gic danışma. Yəqin nəysə vacib işi var zəng edib.

    – Vacib işi? Deməli vacib işi var. Bəlkə də siz də danışırsız Fidanla. Ona görə Səfərdən boşanmağımı istəyirsiz. Bunu görməyəcəksiz. Heç kim bunu görməyəcək

    Lamiyə səsini yüksəltdi, ev telefonunu yerə çırpdı.

    Lamiyə – Niyə aləmi bir-birinə qatırsız?

    Cəmilə də, Aynur da qorxdular.

    Cəmilə bir addım geri çəkildi. Telefon iki yerə bölünmüşdü.

    Cəmilə – Neylədin ay qız? Sənin başın xarab olub?

    Lamiyə – Xarab eləmisiz. Əliniz nəyə dəyir məhv olur. Əl çəkin məndən.

    Cəmilə Lamiyənin üstünə gedəndə Aynur qolundan tutdu;

    – Dayan. Qızımı döymək istəyirsən?
    Cəmilə – Allah qızını öldürsün.

    Aynur – Elə səni öldürsün ki, aləmi qatırsan bir-birinə

    Evin köçəkçisi Cəmilənin yanına gəldi.

    Cəmilə- Rədd olun evimdən. Birdə sizi bu evdə görməyim. Bunlara bax. Vəziyyətimdən istifadə edirlər.

    Aynur – Günah sənə yaxşılıq edəndədir . Gərək səni elə o vəziyyətdə də qoyardıq.

    İkinci mərtəbədə otaqlardan birinin qapısı açıldı, orta yaşlı, dolu qadın otaqdan çıxdı. Aybənizin qızının dayəsi idi.
    Qadın qaşqabaqlı dedi: – Xanımlar, bir az sakit. Uşaq yatıb axı!

    Lamiyə anasına – Gedək ana. Bu qadından nə qədər uzaq dursaq o qədər yaxşıdır.

    Cəmilə – Pozğun.
    Aynur – Qızındır.Hər halda qızım qarnında uşaq gəlin köçməyib. Bəyaqda boşatmaq istədiyin əriylə tutduq. Restoranda!…

    Lamiyəylə anası evdən çıxdılar. Aynur həyətdən çıxa-çıxa deyinir.

    – Hardan ilişdik bunlara biz? O Fidanın da tapıb payını verəcəm.

    Lamiyə təəccüblə – Fidanla işin yoxdu. Zəng edən o deyildi.
    Aynur təəccübləndi. – Axı…

    – Yolda başa salacam

    Səfər həvəssiz atasıyla özünə mətbəxdə çay süzdü

    Kərimin gözləri qızarmışdı, siması əsəbdən elə bil dəyişmişdi. Səfərin gözündən atasının üzünün rənginin dəyişməsi qaçmadı.

    Səfər – Üzünün rəngi qaralıb elə bil. Gedək həkimə. Sənə görə narahatam ata.

    Kərim – İstəmirəm. Qoy ölüm, birdəfəlik canım qurtarsın.Ananın üzünü birdə görməyim.

    Səfər – Mənim anam yoxdu. Onu bu qapıya həsrət qoyacam.

    Kərim – Uduzmuşam. Neçə il yaşadığım qadın həyatda ən böyük əxlaqsızlığı elədi.

    Səfər – O vaxt nahaq Fidana inanmadım. Yazıq qızı pis vəziyyətdə yarıyolda qoydum. Elə mən də uduzdum ata. Çox heyf uduzdum. Cəmilə içində anam içində şeytanla yaşayırmış.

    Kərim Səfərin üzünə baxır.

    Səfər – O qadına birdə ana deməyəcəm. Ana belə olmur. Oğlunu,qızını bədbəxt eləmir. Aybənizin də əli var bu işdə?

    Kərim ah çəkdi – Bilmirəm. Təki olmasın. Boşanandan sonra çalışacam buralardan çıxıb gedim.Sabahdan hər yerdə yazacaqlar ki, Kərim Kərimov könüllü istefa verib. Jurnalistlərin əlinə əsl material keçdi.
    Səfər – Hara gedəcəksən?
    Kərim – Bilmirəm. Yəqin əminin yanına Sant-Peterburqa gedəcəm.

    Kərimin gözləri doldu. Səfər də kövrəldi. Ayağa qalxdı, atasının boynunu qucaqlayıb, başından öpdü.

    Eldar çarəsiz otaqda o başa-bu başa var-gəl edirdi.

    Qadir – Madam ki, Camalın ailəni sağ qoymayacağına belə əminsən, polisə zəng elə.
    Eldar – Polisə tutaq ki,zəng elədim. Buracan tapan adam polisi bilməz? Gec-tez zəng edəcək. Başa düşə bilmirəmdə, bu alçaq buranı necə tapıb.
    Qadir – Bəlkə izlətdirir?
    Eldar – Pulu hardan tapır. Onun gərək cibində siçanlar oynasın. O gün bir oğlanla gəlmişdin bizə. Adı nəydi onun?
    – Sərdarı deyirsən?
    – Hə. Belə etibarlı oğlandır? – Sərdar mərd oğlandı. Ondan arxayın ol.

    Eldar –İndiki vəziyyətdə heç kimə inana bilmirəm. Məndən asılı deyil.

    Eldarın telefonuna zəng gələn kimi Qadir tələsik dilləndi.
    – Zəng edirlər.
    Telefonun ekranında “Rəşad” yazılmışdı.
    – Rəşaddır.
    Eldar telefona cavab Verdi:
    – Alo. Yaxşıyam. Fidan? Yaxşıdır yəqin. Camal Fidanla uşağı qaçırıb. Hələ Təhminəyə heç nə demə. Siz nə vaxt qayıdırsız? Aeroportdasız? Elə bilirdim…Gözləyin, gəlirik.
    Eldar Qadirə – Gedək.

    Lamiyə ilə anası evə yaxınlaşanda Lamiyə dayandı.
    – Qorxuram evə girməyə. Bəlkə Cəmilə nəysə deyib?

    – Qorxma, ata-balanın indi onu görməyə gözləri yoxdur. Səsini eşitsələrdə telefonu adboy verəcəklər. Sən anana inan. İşdir,görürsən üstünə gəlir, Fidanı at ortalığa.

    Lamiyə üzünü buruşdurdu – Sonra qızışıb Fidanı axtarmağa getsin?
    Aynur – Gedə bilməz. Fidanın əri var. Narahat olma. Allah bilir, Fidanın əri çoxdan evlərini satıb.
    Lamiyə təəccübləndi: – Başa düşmədim, evini niyə satır?
    – Demirsən özündən böyükdür?
    – Hə
    – Qorxusundan. Qısqanclıqdan!

    Lamiyə dərindən nəfəs alıb evinə tərəf getdi.
    Aynur – Narahat olma, yanındayam. Özünü də ələ al.

    Aynur qapını açıb içəri girəndə Səfər mətbəxdən qapının səsini eşitdi, ayağa qalxdı.
    Səfər – Lamiyəgil də gəldi.

    Kərim – Anasının yanında heç nə demə. Aynur araya girib, fikirlərini qarışdırar.

    Səfərlə atası mətbəxdən çıxdı. Lamiyə qorxusundan həyəcan keçirirdi.

    Lamiyə – Cəmilə xalanı anamla evə apardıq. Ona görə gecikdik.
    Aynur mətbəxdən çıxan Kərimi görüb ürəkləndi.

    – Kərim qardaş, nə olub axı? Cəmilə də heç nə demədi. Özünü çox pis hiss edirdi. Həkim çağırmaq istədik, razı olmadı.
    Səfər Lamiyənin gözlərinin içinə baxır.
    – Anam sizə heç nə demədi?
    Lamiyə – Əksinə, ancaq ağlayırdı.
    Səfər – Çıxaq yuxarı. Sənə sözüm var.
    Kərim Aynura – Gəlin biz də mətbəxdə çay içək. Buyurun.

    Lamiyə ilə Aynur bir-birilərinə baxdılar. Lamiyə pilləkənləri astaca qalxdı. Səfər də onun ardınca. Otaqlarına girənəcən Aynur onlara baxırdı.
    Səfər qapını bağlayanda Lamiyə çoxdan yataqda oturmuşdu.

    Səfər – Lamiyə, anama niyə demisən ki, atam Təhminəyə zəng edib?
    Lamiyə – Kim? Mən?
    Səfər – Səbrimi yoxlamaq üçün yalan danışma. Bu söhbəti atam, mən, bir də sən bilirdin?
    Lamiyə udqundu, özünü itirmədi. – Onu mən yox, Fidan deyib anana.
    Səfər təəccübləndi.
    – Ay qız Fidanın nə dəxli var məsələyə?
    Lamiyə ağladı, göz yaşları üz-gözünü islatdı.
    – Çox dəxli var. Fidanla anan danışır. Bugün də orda olanda zəng eləmişdi. Telefona özüm cavab verdim. Səni soruşurdu. Utanmır, ailəli qadındı, ailə dağıdır.

    Səfər təəcüblənir, Lamiyənin dediklərinə şübhəylə yanaşır.

    – Sən nə danışırsan? Pis vəziyyətdə qalıb şər atırsan?

    Lamiyə – Anandan soruşarsan. Fidan səni soruşurdu Səfər. O evli qadındır, səninlə, ananla niyə danışmalıdır?
    – Gic-gic danışma. Onun mənimlə heç bir söhbəti yoxdur.
    Lamiyə – Səni soruşurdu Səfər. Dedim yoxdur. Arvadın olduğumu başa düşən kimi telefonu üzümə adboy verdi.
    Səfər – Danışdıqlarının heç birinə inanmıram.
    Lamiyə – Anandan soruşarsan.
    Səfər ” Mənim elə anam yoxdur ” demək istədi, dayandı.
    Lamiyə – Guya hər şeyə sıfırdan başladıq. Guya xoşbəxt olacaqdıq. Sən hələ də keçmişində ilişib qalmısan.
    Səfər – Yadından çıxartma, Fidanı sevdiyimi bilə-bilə evlənmisən mənimlə. Tələyə salmısan
    Lamiyə – Nə yaxşı səni sevməkdən başqa günahım olmayıb yanınızda.Çoxdan qapının ağzındaydım
    Səfər – Danışığına fikir ver. Az səhvlər eləməmisən.

    Lamiyə – Mənim başqa nə səhvim olub Səfər? De bilim. İçkili vəziyyətdə sən yaxın gəlmişdin mənə. Nə sən, nə də mən bir-birimizi zorla yatağa salmamışdıq.

    Səfər – İyrənc-iyrənc sözləri dilinə gətirib, məni əvvəlki Səfər eləmə. Fidan inanmıram anamla danışsın. On ən böyük pisliyi elə anam edib.

    Lamiyə – Görünür bağışlayıb. Anam da yanımdaydı. Zəng edən Fidan idi.

    Lamiyə üzünü ovcunda gizlədib hönkürtüylə ağlayanda Səfər qapını açdı, otaqdan çıxdı. Səfər mətbəxə gəlib qaynanasının qarşısında əyləşdi.

    Səfər – Aynur xala, bugün Fidan bizə zəng eləmişdi?
    Aynur – Hə,eləmişdi. Telefona Lamiyə cavab verdi. İkiniz də evlisiniz. Düzü,səndən gözləməzdim.

    Kərim təəcüblə oğluna baxdı:
    Kərim – Sən Fidanla yenə danışırsan?
    Səfər – Mən yox. Görünür anam danışır. Hərçənd inanmıram anamla da danışsın. Yəqin nəysə olub, zəng edib. Hər halda öyrənəcəm.

    Aynur – Fidanla danışacaqsan?
    Kərim – Fidanla lazım deyil. Başına iş açarsan. Əri başqa cür başa düşər.
    Səfər Aynurun da dediklərinə inanmır. Şübhəylə qaynanasının gözlərinin içinə baxır.Səfərin baxışlarından sıxılan Aynur gözlərini ondan yayındırmaq çalışırdı.

    Yaşar Fidanın qucağında ağlayırdı. Fidan uşağını sakitləşdirməyə çalışsa da xeyri yox idi. Yaşarı sakitləşdirmək olmurdu. Həmişə yuxudan oyanan kimi uşağa şirin çay verirdi. Yaşar sussuzdan ağlayırdı. Fidan ayağa qalxdı, Yaşarı qucağında yellədə-yellədə qapını döydü.

    – Kimsə var evdə? Xahiş edirəm, kimsə varsa, cavab versin. Oğluma şirin çay lazımdır. Hələ uşaqdır, yalvarıram, heç olmasa su verin. Şirin çay olmasa da olar.

    Fidana cavab verən yox idi. Qadın mətbəxdə kartof soyurdu. Fidanın yalvarışlarına pis olurdu, lakin Caamalın qorxusundan qapıya yaxın dura bilmirdi. Yaşarın çığırtısından Fidan ağlayırdı.
    – Uşağın çığırtısını eşidirsiz? Özümə görə heç nə istəmirəm. Yuxudan oyanıb. Acdır, sussayıb. Heç olmasa termosunu verim, ilıq su verin. Yalvarıram, insafa gəlin.

    Fidan hönkürtüylə ağladı.Daha oğlunu sakitləşdirmirdi. Çarəsiq qalıb qapıdan uzaqlaşdı,kürəyini divara söykəyib yerə oturdu. Fidanın özünün də gözləmədiyi bir şey oldu. Qapı açıldı, orta yaşlı bir qadın əlində su dolu qrafinlə otağa girdi.

    Qadın – Termos hanı?

    Fidan ayağa qalxdı, uşaq çantasının içindən termosu çıxardıb qadına uzatdı. Qadın termosun ağzını açıb qrafindəki suyu içinə tökdü.
    Fidan – Çox sağ ol. Yaxşılığını heç vaxt unutmaram.

    Qadın soyuqqanlıqla – Bu barədə heç kimə heç nə demə, olsun ən böyük yaxşılıq.

    Fidan – Narahat olma, aramızda qalacaq.

    Qadın otaqdan çıxıb, qapını arxadan bağladı.

    Yolda Təhminə eşitdiyi xəbərdən göz yaşlarını saxlaya bilmirdi. Rəşad onu sakitləşdirməyə çalışdıqca daha çox ağlayırdı.

    Təhminə – Başa düşmürsüz. Mən Camalı çox yaxşı tanıyıram. Onu mənim qədər heç kim tanıya bilməz. Onun məqsədi qisas almaqdır.

    Maşını Qadır sürürdü.
    Qadir – əgər o adam pul istəmirsə, bunu dilimə gətirmək istəmirəm, məqsədi qisasdırsa, Fidanı da, uşağı da öldürə bilər. Yaxşısı budur, polisə zəng edək.

    Rəşad – Məncədə polisə xəbər etmək məsləhətdir.
    Eldar – Bilmirəm. Bu əclaf Fidanı tək başına qaçıra bilməzdi. Ona kimsə kömək edir. Düşmənimiz kimdirsə, Camaldan da təhlükəlidir. Bizi camalın əliylə vurur. Qadir, sənin dediyin o cin Həsən kimdir?

    Rəşad təəccüblə – Cin Həsəni tanıyırsan?

    Eldar Rəşada baxdı: – Sən tanıyırsan ki?
    Rəşad – Onu mənim kimi heç kim tanıya bilməz. Zalımın oğlu, işi görəndədə təmiz görür. İynəni yerin dibində də olsa tapıb çıxardır.

    Eldar – Hardan tanıyırsan?
    Rəşad – Maşınımı vurmuşdu. O vaxtdan münasibətlərimiz var. Sonra bir-iki işə görə onu bəzi adamlara calamışdım. Çox pul istəyəndir, amma dəyər. Nömrəsi var məndə.
    Təhminə – Neynirsiz edin, bircə Fidanı tez qurtarın.

    Eldar telefonunu Rəşada uzadır.
    Eldar – Al telefonu, zəng elə Həsənə. Nə qədər lazımdırsa verəcəm. Əclafın yerini yerini iyirmi dörd saata öyrənsin.

    Rəşad telefonu Eldardan alır. Cibindən öz telefonunu çıxardır.

    Axşam çağıdır. Lamiyə ilə anası şam yeməyini hazırlayırlar. Kərim otağında uzanmışdı. Evin qapısı döyüldü. Səfər qapını açdı, gələn Aybəniz idi.
    Aybəniz – Salam. Necəsiz?
    Səfər – Yaxşı gəldin. Mən də sənə zəng edəcəkdim.
    Aybəniz – Xeyirdimi? Nə olub?

    Aybəniz əslində valideyinləri üçün yox, özü üçün gəlmişdi.

    Səfər – Xəbərin varda, atamız istefa verib?
    Aybəniz eşitdiyi xəbərə çox pis oldu: – Ola bilməz. Heç yeriydi?
    Səfər – Anandan da boşanır.
    Aybəniz – Elə danışırsan ki, elə bil ana ayrı, ata birik. Anandan nədi daha?
    Səfər – Mənim o adda anam yoxdur. Silmişəm o qadını analıqdan.

    Aybənizin lap hövsələsi darıxır.

    Aybəniz – Nə olub axı? Niyə belə danışırsan?

    Bu zaman Lamiyəylə mətbəxdən çıxıb qonaq otağına gəldi.

    Səfər – Sən ananın Fidanla Təhminəni oğurlatdırdığını bilirdin?

    Aybəniz eşitdiklərinə inana bilmir.

    Aybəniz – Necə?

    Aynurda qonaq otağına gəldi.

    Aynur – Aybəniz, qızım, yoldaşın niyə gəlmədi?

    Səfər də, bacısı da Aynura baxdı.

    Səfər maraqla; – Yoldaşı bura niyə gəlməlidir?

    Lamiyə – Günorta restoranda gördük. Düşündük ki, barışıblar.

    Səfərin hirsindən az qala gözləri qanla dola. Hirslə bacısına baxdı. Aybəniz qorxusundan udqundu.

    Fidan uşaq butulkasında oğluna su verdiyi üçün Yaşar sakitləşmişdi. Fidan yumru qabın ağzını açdı. Oğlunun yeməyini hazırlamalıydı.
    Bu zaman Camalın yanında gördüyü kişiylə qadının səsini eşitdi. Yaşar yerdə oturmuşdu, Butulkasıyla oynayırdı. Fidan qapıya yaxınlaşdı, qulağını qapıya yaxınlaşdırdı ki, nə isə eşidə bilsin.

    Mətbəxlə Fidanın bağlı qaldığı otağın məsafəsi yaxın olduğundan danışdıqlarını eşitmək çətin deyildi. Kişi qadını danlayırdı.
    Kişi – Sənin başın qaçıb? Niyə su verdin? Camal bilsə, bizim üçün yaxşı olmayacaq. Nə tapşırmışdı?
    Qadın – Sən deməsən,mən deməsəm hardan biləcək? Uşağın çığırtısını eşitsəydin, sən də verərdin.
    Kişi – Verməzdim. Axırıncı dəfə olsun. Gedirəm, su qabını götürəcəm. Heç kimin balası mənim balamdan artıq deyil.

    Kişi mətbəxdən çıxanda Camalı qarşısında gördü. Camal ər-arvadı diqqətlə süzdükdən sonra dedi:
    – Deyəsən arvadına sözün keçmir.

    Kişinin rəngi qaçdı.
    – Anadır, uşağın almağına ürəyi dözməyib. Bu dəqiqə su qabını götürərəm.

    Kişi Fidan olan qapıya yaxınlaşdı. Fidan termosu yerdən götürdü. Yaşarı da ucağına alıb divara qısıldı. Kişi qapını açdı. Camal da, kişi də otağa girdilər.
    Kişi Fidana yaxınlaşanda Fidan üstünə acıqlandı.
    – Yaxınlaşma. Sənə yaxın durma deyirəm.

    Kişi termosa əl atanda Fidan qışqırdı.
    – Toxunma. Oğlumun suyudur, toxunma.

    Anasının səsindən və həyəcanından Yaşar da qorxdu və ağlayaraq çığırdı.
    Fidan kişinin əlini dişlədi.Kişi əlini çəkdi. Camal Fidana yaxınlaşıb termosu əlindən aldı.
    Fidan Camala qarğış elədi – Səni görüm bir damla suya həsrət öləsən Camal. Ay əclaf, uşağın günahı nədi?

    Camal – Mən deyəni edənəcən belə olacaq?

    Camal kişiyə çıxması üçün işarə edir. Kişi otaqdan çıxır və qapını örtür.

    Camal – Nə vaxt ki, özünü könüllü mənə verəcəksən, onda su da olacaq, yemək də.

    Fidan – Oğraş, tələsmə, Eldar gec-tez payını verəcək. Bu dəfə sənə yazığı gəlməyəcək.
    Camal – Mən şərtimi dedim. Yoxsa oğlunun meyidini göndərəcəm ona.

    Camal ağır addımlarla otaqdan çıxdı. Fidan çığıran oğluna baxır, onu sakitləşdirməyə çalışırdı…

    Ardı var…

  • Esmira RƏHİMLİ.”Sevgiyə cavab ver!” (Hekayə)

    Esmira

    Sentyabr ayı idi. Anamın heç cür bağdan ayrıla bilməməsi ucbatından düz on bir gün dərsdən qalmışdım. Ürəyim darıxırdı, şəhərə getmək istəyirdim. Səkkizinci sinifə keçmişdim. Yox, dərs ilinin başlanmasına sevinmirdim. Müəllim danlayacaqdı, ona görə.
    Söhbətdən belə başa düşürdüm ki, getməyimizə az qalıb, artıq maşın danışıblar. Bağda olduğumuz üç ay ərzində bir ərik, beş nar ağacına və üzüm tənəklərinə şəxsən özüm qulluq eləmişdim. Avqust ayının sonuncu gününə kimi onları budamış, suvarmışdım. Daha payız gəlirdi. Quluğa ehtiyacları yox idi. İndi onları təbiət özü suvaracaqdı.
    Növbə kəsilməsi lazım olan quru ağaca çatmışdı. Nə vaxtdan quruduğunu xatırlamırdım. Onu həmişə belə görmüşdüm. Təxminən bir metr yarım boyu olardı. Gövdəsi çox qalın olmasa da mişarlamağa gücüm çatmayacağını anladım. Atama: – Gəl bu ağacı kəs – dedim. Mənə, – Sonra! – deyib başından elədi.
    Əlimi uzadıb budaqlarından birini qırmaq istədim. Qırılmadı, əyildi. Hələ də elastik idi. “Deməli bu agac qurumayıb?”– deyə düşündüm. Onu sığalladım. Bütün gövdəsini mamır örtmüşdü. Züm-zümə eləyə-eləyə mamırları dırnaqlarımla qaşıyıb tökdüm. Dibini belləyib yumşaltdım. Gün batana yaxın onu suvardım. Təxminən on gün olardı ki, onun hamarlaşıb gözəlləşmiş gövdəsini sığallayıb başqaları yox, təkcə o eşitsin deyə lap yaxından ona mahnı oxuyurdum. Yavaş-yavaş dirçəlirdi. Budaqlarında xırda, yaşıl tumurcuqlar görmüşdüm.
    Artıq həsrətlə gözlədiyim maşın gəlib çıxdı. Atam şəhərə aparacağımız çantalarımızı maşına qoymaq üçün götürdü. Anam evin qapısını bağlayıb mənə yaxınlaşdı: – Bu gavalı ağacı imiş. Çiçəklərindən tanıdım – dedi. Təəccüblə: – Məgər burda gavalı ağacı var? – deyə soruşdum. Əli ilə göstərib: – Arxaya dön bax, sənin ağacın! – dedi. Dönüb baxdım. “Mənim ağacımın” budaqlarında təxminən beş-altı ədəd alma ağacının çiçəkləri boyda, tünd çəhrayı rəngdə çiçəklər var idi. Əvvəlcə gözlərimə inana bilmədim. Axı payızda ağac çiçəkləməz! Sonra anladım ki, onun mənə qoşulub “sevirəm yar, səni mən yar” deyə mahnı oxumaq üçün dili yoxdur. Lakin o, mənim sevgimə cavab vermişdi. Çiçəkləri ilə!

  • Esmira RƏHİMLİ.”Qaşları can alan xəncər, gözləri qövğadır, dedi”

    Esmira

    Qaşları can alan xəncər, gözləri qövğadır, dedi.
    Soruşdum bu nə cövlan? İnsafsız davadır, dedi.

    Bax ki, viran can evim, rəhm eylə, aman dilədim,
    Söylədi, nə viranə, qəsri Züleyxadır, dedi.

    Bu zülmü-cövr ilə dar qəfəsdə ağlar ürəyim,
    Hər kəs heyranı olan bülbülü-şeydadır, dedi.

    Busə ver, köz-köz olan bağrıma məlhəm eləyim,
    Güldü, bu nə xam xəyal, bu nə xam sevdadır, dedi.

    Ey dildar, həmdəmim ol, səhraya sərin su ələ,
    Sənin ki tək sirdaşımn xaliqi-mövladır, dedi.

    Dedim bir gəl bu bağa, bağban ol, bağın olaram,
    Gəlmədi, bu nə fitmə, nə qanlı fətfadır, dedi.

    Əsməra, söylə necə dərdimə dərman eləyim?
    Sənin o dərd bildiyin dünyaya zibadır, dedi.

    20-08-2015

  • Mais TƏMKİN.”Nəzmə çəkib yazam, Qadın!!”

    10646868_273655359498567_6620189188081019440_n

    Canındakı ağrılardan,
    Cana doyub bezən qadın.
    Can verməyə Əzrayılı
    Gecə-gündüz gəzən qadın.

    Gözündəki nə yağışdı?
    Bu nə çöhrə, nə baxışdı?
    Duan özünə qarğışdı.
    Ay könlümü üzən, Qadın!

    Bir görmədim üzün gülə,
    Ağı qondu dodaq, dilə.
    Ağrılara ildən-ilə
    Tab gətirib, dözən qadın!

    Zalım ağrı bütün günü,
    Kəsib doğrayır ömrünü.
    Əlim gəlməz ki, ölmünü,
    Nəzmə çəkib yazam, Qadın!!

  • Mais TƏMKİN.”Sən də havalısan, mən də havalı”

    10646868_273655359498567_6620189188081019440_n

    Hər dərdə, möhnətə dözürük elə,
    Eşqin dəryasında üzürük elə.
    Mən sənsiz, sən mənsiz-gəzirik elə,
    Dolaşır səsimiz bəmdə havalı,
    Sən də havalısan, mən də havalı.

    Çəməni adlayıb, bağı aşıram,
    Solu ötürürəm, sağı aşıram.
    Dərəni keçirəm, dağı aşıram,
    Gəzirəm dumanda, çəndə havalı.
    Sən də havalısan, mən də havalı.

    Baxma ki uzaqdır gözüm gözündən,
    Əlim tellərindən, üzüm üzündən,
    Ruhum səndə qalır, canım özümdə,
    Gəlirəm pərişan kəndə- havalı,
    Sən də havalısan, mən də havalı.

    Göylərə od qalxır könül ahımdan,
    Yandırdım hər yanı, keç günahımdan.
    Yaradan Tanrının haqq dərgahında,
    Varmı, bizim kimi bəndə- havalı?
    Sən də havalısan, mən də havalı.

  • Müzəffər MƏZAHİM.”Nilgil haçan soyuyubdur?..”

    mm

    Şəhidlərimizə

    Al qanınız bu torpağa qarışdı,
    Qismətiniz bəxtinizlə barışdı,
    Sizi gələn hər əsgərdən soruşdu,
    Təkcə ana inanmadı, aman, hey…

    İllər, yaman vəfasızsız, ay illər,
    Dünən axı, qönçə idi bu güllər,
    Nisgil haçan soyuyubdur, ay ellər,
    Ömrü boyu yanacaqdır yanan, hey…

    Haray salmaz, ürək dərddən kiriyər,
    Tüstülənməz, yanar, yanar, əriyər,
    Daş-divarlar ayaq açıb yeriyər,
    Bir anaya dar gələndə cahan, hey…

    Ana çəkər dağdan ağır bu dərdi,
    Dağ dərdini dağ çətin ki, çəkərdi,
    Yetim görüb bürüyərdi, bükərdi,
    Bu nisgili zaman adlı duman, hey…

    Xəzan keçər, qar ələnər yollara,
    Qəm sığışmaz qucaq-qucaq qollara,
    Bahar gələr yamaclara, yallara,
    Mürgüləyər zirvədə bir güman, hey…

  • Müzəffər MƏZAHİM.”Sevinc də qəmdən yorulub”

    mm

    Şair Fərqanə Mehdiyevanın “Daş yonanla söhbət”
    şerini oxuyarkən.

    Ümid toxu sözlərimdən,
    Kədərli, qəmli şerinə.
    Nəm qarışır gözlərimdən,
    Bu kövrək, nəmli şerinə.

    Sevinci yuxutək yozma,
    Qəlb möhtacdır təsəlliyə.
    Dərdi belə gözəl yazma,
    Dərd öyrəşər gözəlliyə.

    Bu gərdiş belə qurulub,-
    Qalarmı heç daş yonan ac?
    Sevinc də qəmdən yorulub,
    Hərdən ona qəlbini aç.

    Sevinc ürkək, qəm ərklidir,-
    Vəsf edirsən acı-acı.
    Onsuz da dərdin şəklidir,
    Gördüyümüz dünya, bacım.

  • Göyçayda vətənpərvərlik mövzusunda sərgi keçirilib

    [url=http:// edebiyyat-az.com/]Ədəbiyyat-Az.Com[/url] xəbər verir ki, mayın 26-da Göyçay Gənclər Mərkəzinin qarşısında Vətənpərvərlik mövzusunda yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgi keçirilib.
    Sərgidə Göyçayın təhsil müəssisələrində təhsil alan gənclərin maraqlı əl işləri nümayiş olunub. Həmçinin sərgidə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev də iştirak edib və əl işləri ilə tanış olub. Gənclərin bacarıqlarını dəstəklədiyini bildirib.

    Elnarə GÜNƏŞ,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının xüsusi müxbiri,
    Göyçay rayonu

  • “Səni tərənnüm edirəm, doğma Azərbaycanım!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

    [url=http:// edebiyyat-az.com/]Ədəbiyyat-Az.Com[/url] xəbər verir ki, mayın 26-da İsmayıllı rayon Gənclər və İdman İdarəsi və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 28 May – Respublika günü münasibətilə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Səni tərənnüm edirəm, doğma Azərbaycanım!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
    Heydər Əliyev Mərkəzində keçirilən müsabiqədə 13 məktəbdən 25 şagird iştirak edib. Müsabiqəyə böyük həvəslə qoşulan iştirakçılara bir saat vaxt verilib. Hər bir şagird öz bilik və istedadı ilə özünəməxsus tərzdə Azərbaycanımızı tərənnüm etməyə çalışıb.
    Yaradılan xüsusi komissiya təqdim olunan inşa yazı müsabiqələri ilə əlaqədar yekun qərar qəbul edəcək. Qərar mayın 28-də bayram günü elan olunacaq. Qalib gələn ilk üç yerin sahibi İsmayıllı rayon Gənclər və İdman İdarəsinin diplomları və qiymətli hədiyyələri ilə təltif ediləcək.

    Elnarə GÜNƏŞ,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının xüsusi müxbiri,
    İsmayıllı rayonu

  • “Gül” kitabının imza günü keçiriləcək

    yenikitab

    [url=http:// edebiyyat-az.com/]Ədəbiyyat-Az.Com[/url] xəbər verir ki, mayın 29-da saat 14:00-da “Kitabevim.az”da Gülnar Səmanın “Gül” kitabının imza günü olacaq. Gülnar Səma AMEA-nın Ədəbiyyat İnstitutunun doktorantı, AYB və DGTYB-nin üzvü, Prezidentin təqaüd fondunun təqaüdçüsü, Gənclər və İdman Nazirliyinin mükafatçısı, “Hədəf” hazırlıq kurslarının müəllimidir. Kitab Azərbaycan Yazıçılar Birliyinin “aybKitab” layihəsində nəşr edilmişdir.
    “AybKitab” layihəsinin rəhbəri AYB-nin mətbuat katibi Xəyal Rzadır. Kitaba ön sözü müəllifin elmi rəhbəri filologiya üzrə elmlər doktoru Vaqif Yusifli yazmışdır. Kitabın redaktoru AYB-nin üzvü İbrahim İlyaslı, rəssamı isə Nəvai Metindir. Lirik şeirlər toplusu olan kitab “Dəli sevda” və “Bir dünya” fəsillərinə bölünür. Kitaba müəllifin daha çox son dövrlərdə yazdığı əsərlər daxil edilmişdir.
    Qeyd edək ki, “Gül” kitabının mayın 3-də AYB-də təqdimatı keçirilmişdir.Maraqlanan hər kəs kitabın imza gününə dəvətlidir.

    Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küç 32 a, AK Center II mərtəbə

  • Esmira RƏHİMLİ.”Nəğmələr, şərqilər”

    Esmira

    Nəğmələr, şərqilər
    Səs-səda kimi,
    Bu şəhər, bu yollar
    Son vida kmi.
    Küləklər səslənsə
    Əlvida kimi,
    Sən çalış unutma,
    Unutma məni.

    Qəlbim daş saxladı,
    Gözüm yaşını,
    Buludlar söylədi
    Öz təlaşını.
    Hansısa ağaca
    Cızıb adımı,
    Sən çalış unutma,
    Unutma məni.

    Gedibdir gəncliyim,
    Sönübdür odum,
    Ömrümü içdikcə
    Mən udum-udum.
    Həmişə çalışdım
    Səni unudum,
    Sən çalış unutma,
    Unutma məni.

  • Esmira RƏHİMLİ.”Haqqın bir dünyası var, aydındır nurdan gecələr”

    Esmira

    Haqqın bir dünyası var, aydındır nurdan gecələr!
    O bizik gözləyirik açılsın nur, dan gecələr!

    Qəlbimin həmdəmi yox bu gözlərimdən savayı,
    Kipriyimdən süzülər yaş ilə al qan gecələr!

    Məni kafir anlamaz! Zahid, anlamaq istəsən,
    Çək gözündən yuxunu, zikr ilə odlan gecələr!

    Haqsız tənə eyləyən min dili-qafil yığıla,
    Ziyanı söndürə bilməz, ola düşman gecələr!

    Rəbbinin lütf etdiyi nemətlərə şükr elə ki,
    Münafiq əskik olar həmdü-sənadan gecələr!

    Gündüzlər əqidəsiz insanlardan, Əsməra, qaç,
    Qoruyar Rəbbin səni hər cür bəladan gecələr!

    27-09-2015

  • Mais TƏMKİN.”Göndər”

    10646868_273655359498567_6620189188081019440_n

    Deyirəm, o qızın gözəl rəsmini,
    İlahi, təzədən çək mənə göndər.
    Bir kimsə görməsin o nur çöhrəni,
    Gizlət insanlardan, tək mənə göndər.

    Ol başım üstündə bir sayə kimi,
    Sevgini bəxşiş ver, sərmayə kimi.
    Sevgi məktubunu bir ayə kimi,
    Bir parça kağıza bük, mənə göndər.

    Yenə də əllərim açılıb göyə,
    Ürəyim hey istər qapını döyə.
    O qızla bir yerdə islanım deyə-
    Mərhəmət yağışın tök, mənə göndər.

    Təmkini məmnun et, bu xoş diləkdən,
    Qoyma nisgil qala sevən ürəkdə.
    O cənnət bağında güldən, çiçəkdən,
    O qıza verməkçün ək, mənə göndər.
    Deyirəm, o qızın gözəl rəsmini,
    İlahi, təzədən çək mənə göndər.

  • Mais TƏMKİN.”Hər gün bu qız gözlərimə”

    10646868_273655359498567_6620189188081019440_n

    Hər gün bu qız gözlərimə,
    Dəyir qırmızı-qırmızı.
    Ürəyimin qapısını,
    Döyür qırmızı-qırmızı.

    Oxur bahar nəğməsini,
    Dinləyirəm xoş səsini.
    Güllər açan kəlməsini,
    Deyir qırmızı-qırmızı.

    Vurğunuyam xoş sözünün,
    Heyranıyam qaş-gözünün.
    Nazlanıban hey özünü,
    Öyür qırmızı-qırmızı.

    Baharın göyçək gəlini,
    Gül-çiçək qoxur əyini.
    Təbiət tək köynəyini,
    Geyir qırmızı-qırmızı.

  • Müzəffər MƏZAHİM.”Yollar məni səsləyir”

    mm

    Arzu yelkənlərin, inam yellərin,
    Səmtinə baş alıb gedən gəmiyəm.
    Gələcək adlanan liman illərin,
    Üstünə qonacaq səhər kimiyəm.

    Gümüşü dalğalar əzizlər məni,
    Sanaram anamın ağ saçlarıdır.
    Duyar dost ürəkli təmizlər məni,-
    Onlar ki, xan çinar ağaclarıdır.

    Gedirəm, çiynimdə səfər çantası,
    Köksümdə həsrətdən döyünən ürək.
    Taledən aldığım arzu butası,
    Çəkir arxasınca məni kölgətək.

    Səfərlər kiməsə həsrətin sonu,
    Kiməsə həsrətin başlanğıcıdır.
    Ümidim quş olub yollara qonub,
    Qismətim o quşun qızıl tacıdır.

    Qəlbimdən başlanan ümid yolları,
    Uzanar anamın arzusu qədər.
    İnam,-gələcəyin açıq qolları,
    Taleyə güvənmək hədərdən hədər.

    Bircə istəyimə çatana kimi,
    Dəmir çarıqlarım döyənək olub,
    Dözüb həqiqətdən gümana kimi,
    Səbrim dayaq olub, dəyənək olub.

    Köksüm günəş dolu nurlu piyalə,
    İçdikcə ayıldır məni günbə-gün.
    Üzü dan yerinə gedirəm hələ,
    Mən öz ürəyimi duyduğum üçün.

    Ümidlər, gümanlar buludluğunda,
    Kövrəlib, kövrəlib uşaqlaşıram.
    Durna xəyalların azadlığında,
    Məchul gələcəyə uzaqlaşıram.

    Arzu yelkənlərin, inam yellərin,
    Səmtinə baş alıb gedən gəmiyəm.
    Gələcək adlanan liman illərin,
    Üstünə qonacaq səhər kimiyəm.

    1988

  • Müzəffər MƏZAHİM.”Bu qərib yollarda”

    mm

    Həsrəti tapdayıb keçən,
    Yolam bu qərib yollarda.
    Naşı deyiləm ümidi,
    Salam bu qərib yollarda.

    Günlərim göyə sovrulur,
    Heyrətdən qanım qovrulur,
    Sükutla canım yoğrulur,
    Lalam bu qərib yollarda.

    Arzular boyat deyil ki,
    Mənzil başı yad deyil ki,
    Ömür yorğun at deyil ki,
    Qalam bu qərib yollarda.

  • Vüsal YURDOĞLU.”Bir dəli şeytan deyir”

    vy

    Bir dəli şeytan deyir, götürüb daşı yerdən,
    Daşqalaq eləyəsən haqqını yeyənləri.
    Bircə-bircə yıxasan, tapılmaya dikəldən,
    Belini qıranları, qəddini əyənləri…

    Qəlbimizdə yatan ruh hara yol alıb gedər?!
    Düşən ömrü yaşadıq, bizimki də bu qədər.
    Biz sevincə qonağıq, bizə qonaqdır kədər,
    Şad etdik xətrimizə bilərək dəyənləri…

    Yolun sonunda işıq, işıq yolun sonunda…
    Ümid çırağı yanır sinəmizin solunda.
    Yazan kimdi, pozan kim, kimdir Allah rolunda?!
    Nədənsə doğrunu da bir dəli şeytan deyir…

    *****

    Şeytanın əməlindən qorunduq hər an, fəqət,
    Başımız yandı daim insanın əməlindən.
    Bizim inancımız da avamlıqdan ibarət,
    Qorxsaq da qorunmadıq Allahın qəzəbindən.

    Gözümü kor etdik, qulağımız kar oldu,
    Uzaq qaça bilmədik pulun şirinliyindən.
    Şeytanı dəli saydıq, bu bir ixtiyar oldu,
    Bizə bəla göndərdi yerin dərinliyindən…

    Necə də isti idi arzuların qucağı,
    Məsum uşaqlar idik, tanımırdıq günahı.
    Böyüdü bizlə birgə insan nəfsi, tamahı,
    “Gəl, unudaq Allahı”,-bir dəli şeytan deyir…

    *****

    Ay Allah, bu nə dərddir, bu axı nə əzabdır?
    Mübtəla olduğumuz bəlalar yetmədimi?
    Deyirlər, alnınıza yazan belə yazıbdır,
    Yaşayıb gördüyümüz səncə də çox deyilmi?

    Günahın çoxu məndə, azı digər bəndədə,
    Həyatımız büsbütün şeytan uğursuzluğu.
    Nigaran öləsiyik, bu dərddən öləndə də,
    Ağladacaqdır bizi ədalətin yoxluğu…

    Gömülsün özümüzlə etdiyimiz günahlar,
    Doğulandan ölənə hamımızda günah var.
    Qoy, tutulsun göy üzü, açılmasın sabahlar,
    Yuyulsun günahımız, bir dəli şeytan deyir…

  • Vüsal YURDOĞLU.”Ay Allah, bu nə dərddir, bu axı nə əzabdır?”

    vy

    Ay Allah, bu nə dərddir, bu axı nə əzabdır?
    Mübtəla olduğumuz bəlalar yetmədimi?
    Deyirlər, alnınıza yazan belə yazıbdır,
    Yaşayıb gördüyümüz səncə də çox deyilmi?

    Günahın çoxu məndə, azı digər bəndədə,
    Həyatımız büsbütün şeytan uğursuzluğu.
    Nigaran öləsiyik, bu dərddən öləndə də,
    Ağladacaqdır bizi ədalətin yoxluğu…

    Gömülsün özümüzlə etdiyimiz günahlar,
    Doğulandan ölənə hamımızda günah var.
    Qoy, tutulsun göy üzü, açılmasın sabahlar,
    Yuyulsun günahımız, bir dəli şeytan deyir…

  • Vüsal YURDOĞLU.”Şeytanın əməlindən qorunduq hər an, fəqət”

    vy

    Şeytanın əməlindən qorunduq hər an, fəqət,
    Başımız yandı daim insanın əməlindən.
    Bizim inancımız da avamlıqdan ibarət,
    Qorxsaq da qorunmadıq Allahın qəzəbindən.

    Gözümü kor etdik, qulağımız kar oldu,
    Uzaq qaça bilmədik pulun şirinliyindən.
    Şeytanı dəli saydıq, bu bir ixtiyar oldu,
    Bizə bəla göndərdi yerin dərinliyindən…

    Necə də isti idi arzuların qucağı,
    Məsum uşaqlar idik, tanımırdıq günahı.
    Böyüdü bizlə birgə insan nəfsi, tamahı,
    “Gəl, unudaq Allahı”,-bir dəli şeytan deyir…

  • Vüsal YURDOĞLU.”Bir dəli şeytan deyir, götürüb daşı yerdən”

    vy

    Bir dəli şeytan deyir, götürüb daşı yerdən,
    Daşqalaq eləyəsən haqqını yeyənləri.
    Bircə-bircə yıxasan, tapılmaya dikəldən,
    Belini qıranları, qəddini əyənləri…

    Qəlbimizdə yatan ruh hara yol alıb gedər?!
    Düşən ömrü yaşadıq, bizimki də bu qədər.
    Biz sevincə qonağıq, bizə qonaqdır kədər,
    Şad etdik xətrimizə bilərək dəyənləri…

    Yolun sonunda işıq, işıq yolun sonunda…
    Ümid çırağı yanır sinəmizin solunda.
    Yazan kimdi, pozan kim, kimdir Allah rolunda?!
    Nədənsə doğrunu da bir dəli şeytan deyir…

  • Esmira RƏHİMLİ.”Qaşları can alan kaman, gəlmədin”

    esmira

    Qaşları can alan kaman, gəlmədin,
    Gözlədim yolunu hər an, gəlmədin.

    Qərar özünündür, özün bilərsən,
    Sultanlar verərlər fərman, gəlmədin.

    Qanadı yaralı quşlar kimiyəm,
    Dərdimə-sərimə dərman, gəlmədin.

    Gördüm ayrılıq var çəkildim geri,
    Eşqimə eylədin peşman, gəlmədin.

    Qurdum çadırımı, açdım süfrəmi,
    Çayları da düzdüm, mehman, gəlmədin.

    Qırıldı qəlbimin teli, mizrabı,
    Darıxdım səninçün yaman, gəlmədin.

    Əsməra ölməzdi bəlkə gəlsəydin,
    Mərd ölər, diləməz aman, gəlmədin.

  • Esmira RƏHİMLİ.”Yenə qan eyləmisən!”

    esmira

    Nə olub yenə, ey gül, dövrə tikan eyləmisən,
    Çıxmısan dağ başına orda məkan eyləmisən.
    Yenə qan eyləmisən!

    Həsrətli aşiqinin ki, ahını almaz göylər,
    Sən ona busə verib tərki cahan eyləmisən.
    Yenə qan eyləmisən!

    Etmədən naleyi-ney, vermədən badeyi-mey,
    Sən onun könlünü sərxoş nə zaman eyləmisən?
    Yenə qan eyləmisən!

    Büzmüsən qönçə dodağı, göstərib lalə yanağı,
    Bülbülün bağrını oxla yenə qan eyləmisən,
    Yenə qan eyləmisən!

    Göylərdən gizli tutarmı, Əsməra, könül dağını,
    Gözünün yaşını sanma yerdə nihan eyləmisən.
    Yenə qan eyləmisən!

  • Mais TƏMKİN.”Ağrı”

    10646868_273655359498567_6620189188081019440_n

    Ağrısız bir ağrı məni yaxalar,
    Bütün ağrılarım onda yox olar.
    Qismətim əbədi şirin yuxular,
    Mənə qəfil gələn ağrıdan doğar.

    …Nə ürək, nə də ki baş ağrısıdı,
    Nə məni ağrıdan daş ağrısıdı,
    Ömrün ,,Ölüm” adlı qasırğasıdı,
    Mənə qəfil gələn ağrıdan doğar.

    Bu ağrının dodağında gülüşün,
    Min sehri var, min sirri var, bir düşün.
    Bu dünyadan o dünyaya gedişim,
    Mənə qəfil gələn ağrıdan doğar.

    Ağrım ağrılara çal-çağır imiş,
    Gedən yox, qalançün çox ağır imiş.
    Ölüm – ən ağrısız bir ağrı imiş,
    Mənə qəfil gələn ağrıdan doğar!!

  • Mais TƏMKİN.”Niyə yoxsan?”

    10646868_273655359498567_6620189188081019440_n

    Çox sözdə qaşını, gözünü tapdın,
    Öz nurlu çöhrəni- üzünü tapdın,
    Hamının şeirində özünü tapdın,
    Bəs mənim şeirmdə sən niyə yoxsan?

    Gündüz günəş kimi, gecə ay kimi,
    Sanıram özümə səni pay kimi.
    Axırsan qanımda… coşan çay kimi,
    Bəs mənim şeirimdə sən niyə yoxsan?

    Yenə kim haqqında xəyal qurmusan?
    Belə məlul, boynubükük durmusan?
    Mənim ürəyimdə yuva qurmusan,
    Bəs mənim şeirimdə sən niyə yoxsan?

    Ağlar gözlərimin şehində varsan,
    Çəkdiyim ağrıda, ahımda varsan,
    Əlçatmaz xəyalım, ruhumda varsan,
    Bəs mənim şeirimdə sən niyə yoxsan?

    Mənəm, hər dərdini daşıyan , gözəl,
    Bəlkə, bu sevgidə naşıyam, gözəl.
    Ay mənim könlümdə yaşayan gözəl,
    Söylə bir, şeirimdə bəs niyə yoxsan?!

  • Müzəffər MƏZAHİM.”Ruhunu”

    mm

    Bir gün səsləyəcək, Vətən: – Qalx! – deyə,
    O böyük gün üçün bəslə ruhunu.
    Daim oyaq saxla, ayaqda saxla,
    Tarixin dibindən səslə ruhunu.

    Bu yurddur tükənməz dövlətin-varın,
    Kişilik simvolun, namusun, arın,
    Hər cür sünilikdən, çirkabdan arın,
    Köklə nəcabətə, əslə ruhunu.

    Sarıl, qol-boyun ol məmləkətinlə,
    Öyün bu yenilməz əmanətinlə,
    Daim cilalansın qoy qeyrətinlə,
    Saf ötür gələcək nəslə ruhunu.

  • Müzəffər MƏZAHİM.”Şah İsmayıl Xətai”

    mm

    Azərbaycana tacdır,
    Şah İsmayıl Xətai.
    Mənəvi ehyiyacdır,
    Şah İsmayıl Xətai.

    Millətin qürurudur,
    Ulu yurdu qorudu,
    Ürəklərin nurudur,
    Şah İsmayıl Xətai.

    Əlində qılınc, qələm,
    Başının üstdə ələm,
    Yenilməz şahım, lələm,
    Şah İsmayıl Xətai.

    İlk milli qəhrəmandır,
    Şair, ədib, ürfandır,
    Vahid Azərbaycandır,
    Şah İsmayıl Xətai.

  • İsmayıllıda Kitabi-Dədə Qorqudun müxtəlif dillərdə tərcüməsinin təqdimatı keçirilib

    İsmayıllı Rayon Mərkəzi Kitabxana Sisteminin Uşaq şöbəsində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və kitabxana işçiləri iştirakı ilə tədbir keçirilib. Tədbirdə Jurnalist, yazıçı, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbərinin müavini-sektor müdiri Hacı Nərimanoğlu “Kitabi-Dədə Qorqud” bizim mənəvi sərvətimizdir” mövzusunda çıxış edib. O, bildirib ki, Kitabi-Dədə Qorqud 25 dildə tərcümə olunub və həmin kitablar bu gün təqdim olunur. Tədbirin sonunda müxtəlif dillərə tərcümə olunmuş kitablar İsmayıllı Rayon Mərkəzi Kitabxanasına hədiyyə olunub.

    Elnarə GÜNƏŞ,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İsmayıllı üzrə xüsusi müxbiri

  • “Azərbaycanın 85 illik mirvarisi”

    Mayın 20-də İsmayıllı rayonunda İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun yaranmasının 85 illiyinə həsr olunmuş “İsmayıllı araşdırmaları” elmi konfransı baş tutub. Açılışı saat 10-30-da Qala restoranında İsmayıllı rayon icra hakimiyyətinin başçısı professor Mirdaməd Sadıqov edib. Ardınca İsmayılı rayon Mədəniyyət Mərkəzi, İsmayıllı Rayon Tarix və Diyarşünaslıq Muzeyi, İsmayıllı Dövlət Humanitar və Texnologiyalar Kollecində olmaqla konfrans işini ayrı-ayrı seksiyalarda davam etdirib.
    Tədbirin bağlanış hissəsi İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində konsert proqramı ilə yekunlaşıb.

    Elnarə GÜNƏŞ,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İsmayıllı üzrə xüsusi müxbiri

  • Günel ƏLİYEVA.”Səndən bir xatirə qalıb”

    10933953_1576747282561262_5520400822900165830_n

    Səndən bir xatirə qalıb,
    Yol yoldaşım olub mənim.
    Qəlbim səni sənsiz anıb,
    Dərd sirdaşım olub mənim.

    Səndən bir xatirə qalıb,
    Hara getsəm aparıram.
    Tale səni mənə yazıb,
    Ürəyimdə daşıyıram.

    Səndən bir xatirə qalıb,
    Tək təsəllim ,tək ümidim,
    Səni məndən kim qoparıb?
    Söylə, sənsiz hara gedim?

    Səndən bir xatirə qalıb,
    Mən onunla yaşayıram.
    Bu gənc ruhum tez qocalıb,
    Ölümə yaxınlaşıram.

  • Günel ƏLİYEVA.”Məni bağışlama”

    10933953_1576747282561262_5520400822900165830_n

    Məni bağışlama,
    Yad bil özünə.
    Çevirib üzünü,
    Baxma heç zaman
    Sənin həsrətindən
    Yanan közümə.
    Məni bağışlama.
    Düşünmə heç vaxt.
    Elə bil yox idim,
    Var idim ancaq.
    Küləklər üstümə
    Əsir ,qoy əssin.
    Qar ,boran səbrimi kəsir
    Qoy kəssin.
    Lap belə nəfəsim
    Sənsiz tükənsin.
    Yenə də sən məni,
    Səni sevəni,
    Sil getsin qəlbindən
    Olub-keçəni.
    Əzablar yoluma
    Daş- kəsək qoysun.
    Zəngli saatımla
    Hər gün taleyim
    Mənə” yatma ”deyə
    Qadağa qoysun.
    Məni bağışlama.
    Mənə bağışla.
    Ömrünü, gününü,
    Gülən üzünü.
    Sevincdən ulduza
    Dönən gözünü.
    Qoy baxsın uzaqdan
    Sənə gözlərim.
    Eybi yox yad olsun
    Sənə sözlərim.
    Təki sən özünü
    Mənə bağışla.
    Məni diri ölüyəm,
    Barı sən yaşa.

  • Esmira RƏHİMLİ.” Zalım dünya badə tutmuş, qanı şərab etməkdədir”

    esmira

    Zalım dünya badə tutmuş, qanı şərab etməkdədir,
    Gənclik getmiş, yerdə qalan canı xarab etməkdədir.

    Gül ilə ol sən aşina, təzəklə dostluqdan çəkin,
    Kim kiminlə yoldaş olsa özünə bab etməkdədir.

    Naşı əlinə düşərsə poladdan qılınc düzəlməz,
    Gəl ki, çiy gili bişirib ustalar qab etməkdədir.

    Gecə gündüz ilə qoşa, hər zərərin bir xeyri var,
    Qar yağanda dağ başına bulaqlar ab etməkdədir.

    Eşit aqil nəsihətin, səbr edib susmağı öyrən,
    Unutma, sənin özünə ətrafın tab etməkdədir.

    Əsməra, dişləyib düzəlt, ağzında köntöy dilini,
    Acı dil günah içində, əlin savab etməkdədir.

    20-05-2012