mm

Müzəffər Məzahim (Gözəlov Müzəffər Məzahim oğlu) 01 iyul 1957-ci ildə Neftçala rayonunun Qədimkənd kəndində anadan olmuşdur.
1981-1983-cü illərdə Bakı Plan- Uçot Texnikumunu “ Mühasibat Uçotu ,, ixtisası üzrə, 1987-1993-cü illərdə Moskva M . Qorki adına Ədəbiyyat İnistutunun Poeziya şöbəsini bitirmişdir.
Şer yazmağa orta məktəbdə oxuduğu vaxtlarda başlamış, şerləri müxtəlif dövrü mətbuatda dərc olunmuşdur. O dövrkü “ Azərbaycan gəncləri ,, “ Bakı axşam ,, “ Sovet kəndi ,,“ Bərəkət ,, “ Qala ,, və s. qəzetlərdə , “Azərbaycan “, “ Ulduz “, “ Qobustan “, “ Təşviqatçı”, “ Dialoq”, “ Göyərçin ,, və s . jurnallarda dəfələrlə dərc olunub. “ Görüşünə gəlmişəm”, “Ata ocağı” və “Gələn baharadək” adlı üç şerlər kitabları çaptan çıxıb. Bir çox poemaların və “Bilgə xaqan” tarixi dramasının müəllifidir.
Hal-hazırda Neftçala rayonunun Qədimkənd kəndində yaşayır.

ÖYRƏNİRƏM

Dünya mənim yaşıdımdır,
Mən dünyanın uşağıyam.
Ömür məndən yuxarıdır,
Mən ölümdan aşağıyam.

Bu dünyanı seyr edirəm,
Tale adlı pəncərədən.
Fələk ölü hazırlayır,
Mənim kimi biçarədən.

Ömrü ömrüm qədərdirsə,
Qədər nədən qədir bilmir?
İnsafını Allah kəsib,
Möhlət, aman nədir bilmir.

Bu dünya tək mənzillidir,
Rahat ömür sürən yoxdur.
Qapısında bir giriş var,
Çıxışını görən yoxdur.

Yaşamağı hamı blir,
Yaşanmağı öyrənirəm.
Çox daşıdım,
son mənzilə
Daşınmağı öyrənirəm.

AYLA QOŞA GƏL

Könlümü titrədən həsrət yelidir,
Görüş yerindəyəm, gələcəkmisən?
Gecənin yuxusu səksəkəlidir,
Qəlbimin nigaran döyüntüsündən.

Ümidim göylərdən asılı qalıb,-
Demişdin: Gələcəm ay doğan kimi.
Bu salxım söyüd də küsülü qalıb,
Darıxır mən sənsiz darıxan kimi.

Söykənib könlümün kövrəkliyinə,
Məcnun bülbüllərin açılıb dərdi.
Həyandır gecənin bu təkliyinə,
Bülbülün naləsi, mənim həsrətim.

Ulduzlar min illik karvan yoludur,
Bəlkə də min ildir gətirir səni.
Yarıb neçə-neçə qara bukudu,
Ay gəlib görüşə ötürür səni.

İndicə gələrsən, gözləyirəm mən,
Kainat boydadır sinəmdə ürək.
Gəl, ayla qoşa gəl, günəşlə gedək,
Bu bülbül naləli tənha gecədən.