Umudları yarpaqlara tapşıraq,
Mənim payızlarım üzüdönükdü…
Gəl, bircə yol ayrılığı unudaq,
Kəpənək ömrüdü ömür… sönükdü…
Biraz torpaq olaq, yelə sovrulaq…
Səhər şehində durulaq nə olar…
Sevdamızı yudum-yudum yaşayaq,
Axşama tapınsın qoy ayrılıqlar…
Ölümü mən sənə yaraşdırmıram…
Payız sevdamıza ölüm qıymasın…
Saat əqrəbində köçkün ömürlər,
Payız toyumuzu unutdurmasın…
Yel-yel ötüncə.. yadımdan çıxıb..
Ayrılıq gələcək, ölüm gələcək..
Hələ neçə-neçə payız darıxıb,
Torpaq istisinə… bizə gələcək…
Sonrakı payızlar nəm qoxuyacaq..
Daha gəlməyəcək o “gəlin payız…,,
Payıza bir kimsə toxunmayacaq…
Təkcə ikimizindi gözəlim payız…