1467299887_242553

Zaman yaşadığımız hadisələr arasında apardığımız müqayisədir desək,yanılmarıq.Əgər insan yaddaşı olmasaydı, hazırki anı yaşayacaq nə vaxt,nə də vədə anlayışı yəqin ki,meydana gəlməyəcəkdi.
Zaman elə bir məfhumdurki,cavanlıqda irəli,qocalıqda geri çəkmək istəyirsən.İnsan həyatı boyu,zamanın hər anında öz mövqeyini,yerini və unudulmaz dəqiqələrini təqvimdə nişanlayır. Bu bəzən xəyalımızdakı təqvimdə qeyd olunur. Ona görə nişanlayırıq ki,keçən zamanı qaytara bilməsək də o,tarixdə yaşadıqlarımızı bir daha xatırlayaq.
Onunda xatırlamaq istədikləri məqamlar az deyil. Məndə yaranan təəssüratdan başlayacağam. İlk görünüşdən həddindən artıq soyuq və sərt təbiətli adam olduğunu zənn etdim…

Cavanşir Əyyub oğlu Feyziyev 1963 cü ildə Şəkinin Böyük Dəhnə kəndində anadan olub.İbtidai məktəbi 1970-1980 illərdə oxuyub.1991 ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə fakültəsini fərqlənmə diplomu ilə bitirib,elə həmin ildən,1994 cü ilə qədər Azərbaycan Respublikasının tərcümə kafedrasında müəllim kimi çalışıb.

1994-1998 ci illərdən müxtəlif xarici təşkilatlarda həm tərcüməçi,eləcə də bir çox layihə rəhbəri kimi fəaliyyətdə olub.Daha sonralarsa şəxsi biznesini yaradıb. “AVROMED”şirkətinin təsisçisi və direktoru.Mediaya açıq adam,jurnalistlərin dostu.
IV vəV cağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı,Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsinin üzvü, Cavanşir Feyziyev.

Necəki, söhbətə girişdik haqqındakı ilk təəssurat beynimin qaranlığında yox oldu.Görünür əbəs deməyiblər:-“Elə adamlar axtarın ki,onlarla söhbət yaxşı kitaba bərabər olsun,elə kitablar oxuyun ki,filosoflarla söhbəti xatırlatsın.O günü,o saatı itirilmiş hesab edin ki,həmin gün heç nə öyrənə bilmədiniz”Əziz oxucular,onunla müsahibəni təqdim edirik.

-Xos gördük sizi Cavansir məllim.Yaşadığımız yay mövsümü ovqatınıza necə təsir edir?

Fəsillərin hər biri gözəldir. Yayda insanlar istirahətə daha çox köklənirlər.Qışın ətalətindən, ab-havasından yayda tam cıxmaq istəyirlər.
Nəzərə alsaq ki,istirahət yayın yalnız bir hissəsini təşkil edir, deməli bu mövsümün digər gözəlliklərini axtarmalıyıq.Mənə görə yayda günlərin uzun olması daha çox işləməyə,yaradıcılığa vaxt sərf etməyə sövq edir.Bir sözlə yayı mən də bir çox insanlar kimi sevirəm. Əsas odur ki, fəaliyyət üçün fəsillərin heç bir fərqini axtarmayasan və hiss etməyəsən.

-Aqillər söyləyiblər ki,bacardıqca söz deyib,söz eşitməkdən çəkinmə.Bəşər övladı da söz vasitəsilə ünsiyyət qurdu,öyrəndi, maaafirləndi.Bəs siz, jurnalist peşəsinə olan məhəbbətinizə görə,eləcə də bu günki mövqeyinizə əsaslanıb sözə necə dəyər verərdiniz?

Mənə görə söz,insanla kosmos arasında bir rabitədir.Çünki bu dünyada hər bir insanın öz kosmik aurası ,göylərlə öz rabitəsi var.İnsanları biri-birinə yaxınlaşdıran,cəmiyyətə cevirən məhz elə sözdür.Tarix boyu söz haqqında dahilər hikmətli kəlamlar deyiblər.Dünya klassikləri sözə dünyəvi dəyər veriblər.Söz hər zaman insanlığa xidmət edib. Dilimizə keçən fikirlərdə yer alan, böyük filososfların dərin məna daşıyan ifadələri var. Əsrlər boyu belə olub. Hikmətli söz bəşəriyyətə xidmət edib.Bəzən sitat gətirəndə,antiq dövrdə yaşamış hansısa filosofun söylədiyi bir sözü misal gətiririk.Bu günə kimi milyardlarla insan yaşayıb və onlar da özlərini sözlə ifadə ediblər. Yəni söz , insanlığın yaşı artdıqca bir tapıntı olacaq .

-Yeri gəlmişkən, bu gün söz söyləyənmi çoxdur yoxsa dinləyənmi?

Fikirlər müxtəlif ola bilər. Mənə görə bəlkə də , zamanın tələbinə uyğun bu gün söz deyən daha çoxdur. Mütləq ki,deyilən sözün çəkisi olmalıdır. Saatlarla,günlərlə danışmaq olar.Amma bunların içərisində faydalı ola biləcək sözü eşitməliyik ,buna ehtiyac daha çoxdur. Reallıq isə budur ki, gərəkli sözlərin ümumi sayı, deyilən sözlərin sayı qədər deyil.Ona görə bizim ziyalılarımızın çiyinlərinə daha çox yük düşür.

-Müasir dövrdə yaşayiriq.İnsanların maraqları çoxalır.Bəzən insanları nəyəsə inandırmaq elə də asan olmur. Yəni,özünüzdə dediyiniz kimi, ziyalının qarşısında çox böyük məsələlər dayanır. Sual yaranır,müasir Azərbaycan cəmiyyətində ilk növbədə ziyalının görəcəyi iş nədir?

Bəşəriyyətin yaranışı boyu,bütün dövrlərdə ziyalı aparıcı zümrə olub.O, elm yaradıb,dünyagörüşü formalaşdırıb,ziyalı böyüyən nəsli istiqamətləndirib. Məncə elə bəşəriyyətin inkişafı elə ziyalılardan asılıdır.Zaman-zaman ziyalıların ictimai,siyasi səhnədən geriləməsi nəticəsində həmin ərazilərdə böyük fəlakətlərin yaşandığını görmüşük.Ona görə də ziyalının məsuliyyəti hamıdan çoxdur.Bəzən mən müşahidə edirəm ki, bir ziyalı ailədə , valideynlərin hər ikisi savadlı,ali təhsilli insanlardır. Amma onların övladları savadsız böyüyür. Doğrusu bu hal məni çox sarsıdır.Mən belə gənclərimizlə rastlaşanda təəssüflənirəm.Necə olmasa hər hansı savad səviyyəsinə catan ailədə uşağın təhsilsiz olması bir yalnışlıqdır.Təsəvvür edin ki, bu dediyim mənfi hal xüsusilə müəllim ailəsində baş verirsə, mən daha çox təəccüb edirəm və heçdə müsbət yanaşmıram. Müəllim,digər peşə sahiblərinin özlərini,övladlarını oxutduğu,savad verdiyi halda öz evində,ailəsində övladı ali təhsil almırsa,o zaman cəmiyyətin geriləməsi başlayır.Cəmiyyətin nə qədər çox üzvü savadlı olarsa,bir o qədər həyatımız irəli gedər.Məs, Böyük Britaniyada bir ildə təxminən doqquz yüz minə yaxın abituriyent olur. Onların yetmiş faizinin aldıqları qiymət A və B olur. Bizim dillə ,əla və yaxşı qiymətlər.Bu inanılmaz bir uğurdur,qələbədir.Orta məktəbi bitirən gənclərin yetmiş faizi məhz bu qiymətlərlə ali məktəblərə qəbul olurlar.Təsəvvür edin, bu göstəricilərlə ali məktəbi oxuyub bitirən gənc,cəmiyyətə necə böyük fayda verir. Ona görə də bir çox dəyərlərin üstünlük təşkil etdiyi cəmiyyətlər məhz o cəmiyyətlərdirki,orada ziyalılıq daha yüksək səviyyədədir.Bəzən bizim cəmiyyətdə elə yaşlı adamlara rast gəlirəm ki, onlar gənclərin ali təhsil almasını bir o qədər də vacib hesab etmirlər.Gənc nəslin hər hansı bir peşəyə yiyələnməsilə kifayətlənirlər. Bu tamamilə yalnışdır,cəmiyyəti geriyə cağırmaqdır. Azərbaycan yüksək texnologiya əsrində yaşayır,hər bir işi sürət həll edir. Heç şübhəsiz ki, qazanılan uğur sürətə bağlıdır.Nə qədər bizim gənclər sürətli düşünüb daşınsalar bir o qədər də ziyalılıq artacaq,inkişaf olacaq.

-Biznes sahəsindəki uğurunuz nə ilə bağlıdır. Maraqlı budur ki, siz,şəxsi biznesinizi hələ tələbə olarkən qura bilmisiniz?

Əmək fəaliyyətinə müəllim kimi başlamışam.Amma jurnalist olmaq ən böyük arzum idi. Hələ məktəbli olduğum vaxtlarda,o dövrün uşaq mətbuatında müxtəlif səpkili məqalələrim çap olunurdu.Bu məşquliyyət mənim ürəyimdə jurnalistikaya olan həvəsi yaratdı və düşündüm ki,jurnalist olsam, həm də pedaqoq kimi jurnalistikanı tədris edərəm. Beləcə hər iki arzumu reallaşdıraram.Amma o zamanlar belə bir qayda vardı ki,hüquq və jurnalistika fakultələrinə sənəd vermək üçün iki illik əmək təcrübəsi tələb olunurdu.Yəni ,orta məktəbi bitirən kimi dərhal işləmək lazım idi. Eyni zamanda həmin yaş dövrü hərbi cağirişla üst-üstə düşürdü.Bütün bunları götür-qoy edib, jurnalistika fakultəsinə sənəd vermək fikrindən daşındım , pedaqoji sahəyə üz tutdum və Xarici dillər universitetinə qəbul oldum. Bu mənim həyatımda önəmli rol oynadı.Belə bir addım atdığıma görə sonralar da çox sevinirdim. Çünki, xarici dil bilmək və həmin dillərdə ünsiyyət qurmaq mənə maraqlı gəlirdi Görünür əbəs söyləməyiblər , “Necə dil bilirsənsə,o qədər insansan”..Ali məktəbi bitirdiyim illər həm də Azərbaycanla bir çox xarici dövlətlərin sərhədlərinin açıldığı dövrlərə təsadüf etdi.Həttda, sovetlər dövründə mən, ilk dəfə Moskvada,Fransa səfirliyində elan olunan bir müsabiqədə qalib gəldim və məni təcrübə keçmək üçün Fransaya göndərdilər. O zamanlar sovet gənci üçün Fransa mühiti,cəmiyyəti müəmmalı idi. Orada olduğum müddətdə sanki kəşf etdim.Ən azından anladım ki,əsl sosializm və kommunizm nədir.Həttda fransızlarla danışanda da təccübümü gizlətmirdim. Bir sözlə bizim yaratmaq istədiyimiz kommunizmi,fransızların yaratdığını elə onların özlərinə deyirdim. Əslində həyat çox mürəkkəbdir və bu mürəkkəblikdə ən faydalı olanı seçmək, ilk növbədə insandan böyük iradə tələb edir. Mən zamanında seçdiyim yoldan bu gün də razıyam. Bayaq dediyim kimi ali təhsil aldıqdan sonra, oxuduğum instituttda qalıb müəllim işlədim və bu arzum da həyata keçdi. Hamıya yaxşı məlumdur ki, müstəqilliyi qazanmaq istədiyimiz ilk illərdə Azərbaycanda iqtisadi,siyasi, hərbi vəziyyət çox gərgin idi. Elə bir dövrdə bizim ölkədə xarici təşkilatlar da fəaliyyət göstərirdi. Mən də, dörd illik pedaqoji fəaliyyətimi dayandırıb, həmin xarici təşkilatlarla əməkdaşlığa başladım. Xarici dili yüksək səviyyədə bilməyim,Beynəlxalq təşkilatlarda həm tərcüməçi, eləcə də müəyyən layihə rəhbəri kimi işləməyimə imkan yaratdı.Daha sonralar isə yeni quruluşun ,yeni cəhətləri üzə cıxmağa başladı.1993 cü ildə ümummillli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra,atəşkəs imzalandı,quruculuq işləri başladı,ölkədə sabitlik formalaşdı.Beləcə, sabitlik mühitində insanlar yeni elementlərlə qarşılaşdılar.İnsanların öz bilik və bacarıqlarını tətbiq etmək üçün hər cür şərait və imkan yarandı. Bu mənada özəl biznes sektoru açıldı. Həyatım boyu çətin və məsuliyyətli işlərə can atan adam kimi yeni bir sahəyə üz tutmağı fikirləşdim. Belə də oldu. Beynəlxalq səviyyədə biznes layihəsi irəli sürdüm. Mən dünyanın bir çox tanınmış şirkətləri ilə əlaqə yaratdım və Azərbaycanda həmin şirkətlərin yaranması təşəbbüsünü irəli sürdüm.Bu lahiyə əsasında da bir çox tanınmış şirkətlər Azərbaycana gəldi və ölkəmizdə yaranmış bu yeni sektorda işləməyə başladı.Özəl sektorun həddən artıq maraqlı cəhətləri və iş prinsipi məni cəlb etdi. Bir necə il müxtəlif xarici şirkətlərdə çalışdıqdan sonra, mən də öz şəxsi şirkətimi yaratmaq fikrinə düşdüm.Bir məqamı da qeyd edim ki,hələ tələbəlik illərində mən, özəl fəaliyyət təşəbbüsümü reallaşdıra bilmişdim. İlk tədris və tərcümə mərkəzini yartmışdım.Bu da xarici dillər institutunun nəzdində fəaliyyət göstərirdi. Həmin dövrlər sovet ittifaqının xarici ölkələrlə sərhədlərinin açılması, xariclə əlaqəni intensivləşdirdi. Bu isə bizim mərkəzə olan tələbatı artırdı. Tərcümə mərkəzinə müxtəlif yerlərdən tərcümə sifarişləri daxil olurdu. Bu sifarişləri mən özüm, tələbə yoldaşlarım, həttda müəllimlərim yerinə yetirirdik. Bunun müqabilində də əlavə gəlir qazanırdıq. Bu həm bizim maddi gəlir əldə etməyimizə, eyni zamanda biliklərimizi sınaqdan keçirməyə kömək edirdi.Bu hiss məni ruhlandırırdı və mən həyatımda yeni və çətin işlərə doğru irəliləyirdim.

-Cavanşir müəllim,bir qədər də fəaliyyətinizin qələmə.yaradıcılığa bağlı olan məqamlarına toxunaq.Bu il yeni kitabınız ictimaiyyətə təqdim olunub. “Türk dövlətləri birliyi, Qlobal inteqrasiyanın Avrasiya modeli”adlı bu yeni nəşr eyni zamanda Qazax dilinə tərcümə olunub və Türkiyənin bir çox universitetlərində təqdimatı keçirilib. Monoqrafiyanın vacib cəhətlərindən biri də yeni dünya düzənində türk toplumunun vahid orqanizm halında fəaliyyət göstərməsi zərurətinin konkret faktlarla isbatlanmasıdır. Müəllif olaraq, hələki kitabla tanış olmayan oxucularımıza bir qədər məlumat verərdiniz?

Əvvəla onu deyimki,bu kitabın ideyası ümumtürk birliyi ilə əlaqəlidir. Bu ideyanı irəli sürməyə məni vadar edən məqamlar var. Təxminən 30-40 il əvvəl böyük dövlətlərdə qlobal iqtisadiyyat anlayışı formalaşmağa başlayanda,bunu bir çox alimlər hətta, filosoflar inkar etdilər.Milli dövlətlərin ziyanına olan bir proses kimi dəyərləndirdilər.Amma buna baxmayaraq zaman öz işini gördü və bu gün dünyada elə bir insan tapılmaz ki,iqtisadi qloballaşmanı inkar etsin. Zaman-zaman iqtisadi qloballaşma öz arxasınca siyasi qloballaşmanı cəkib gətidi.Çünki,iqtisadiyyatsız siyasət və ya əksinə,siyasətsiz iqtisadiyyat olmur.Bunlar biri-birilə sıx bağlıdır. Hələ on il əvvəl mən elmi işimi kordinasiya şurasında təsdiqlədəndə ,elmi işimin adında qlobal siyasət sözü olduğu üçün mənə etiraz bildirdilər və dedilər ki,qlobal siyasət yoxdur. Mən, avropa universitetlərində yüzlərlə qlobal siyasət kafedrasının fəaliyyət göstərdiyini və orada minlərlə alimin çalışdığını, onların məhz qlobal siyasət üzrə mütəxəssis olduğunu bildirdim.
Bu gün dünyada yeddi mindən çox beynəlxalq təşkilat var ki,onların da fəaliyyəti, işi, məramı qlobal müstəvidə aparılır. Düşünürəm ki, bütün bunların qarşılığında qlobal siyasətin mövcudluğu bir faktdır və bu fikir artıq qəbul olunmağa başlayıb.Əslində bu yeni bir analyış deyil.Hələ iki yüz il öncə, Emanuel Kant dünyanın dialektik inkişafının vahidə doğru getdiyini söyləyib.Yəni. bizdən asılı olmayan səbəblərdən, insanlığın xarakterindən,bəşəriyyətin tələblərindən irəli gələn xüsusiyyət, dünyanın vahidə doğru inkişafını şərtləndirir.Söhbətimizin əvvəlində dediyim kimi,zəka artır, ziyalılıq artır,elmi-texnoloji nailiyyət inkişaf edir və bu biliklər daha geniş orealda yaranmağa başlayır.Düşünürəm ki, belə bir şəraitdə qloballaşma qaçılmazdır.Siyasi qloballaşmanın ilk nümunəsini biz, Avropa birliyində görürük. Bu birlik eyni sivilizasiyaya mənsub xalqların yaratdığı dövlətləri özündə birləşdirir. Bu çox təbii şəkildə və fundamental əsaslara dayanan bir birlikdir. Bəzi şərhçilər deyirlər ki, Avropa birliyi dağılacaq,onun gələcəyi yoxdur.Mən bunu qəbul etmirəm. Çünki,Avropa birliyinin yaranma prinsipləri doğrudur,məntiqlidir.Məsələn Sovet birliy ilə Avropa birliyini müqayisə etdikdə görürük ki,sovet birliyi müxtəlif sivilizasiyalara mənsub xalqları, sovet ittifaqı çətiri altına toplamışdı və onlardan vahid sovet xalqı yaratmaq istəyirdi. Bu mümkün olmadı və Sovet ittifaqı parçalanıb çökdü.Avropa birliyi isə eyni sivilizasiyaya,eyni mədəniyətə mənsub xalqları yəni,Roman kültüründən qaynaqlanan xalqların yaratdığı dövlətləri bir araya gətirib. Onlar Türkiyənin həmin birliyə daxil olmasının əleyhinədir.Mən bunu çox gözəl başa düşürəm və eyni zamanda qəbul edirəm.Çünki,Türklər Roman deyillər,onların bu mədəniyyətə aidiyyatı yoxdur.Əgər Türkiyə ,Avropa birliyinin üzvü olsa,daha sonra diğər sivilizasiyaların yaratdığı dövlətlərdə bu birlriyə üzv olsa, bu birliyin gələcəyi şübhə altında qala bilər. Ona görə də bütün bunlaradan çıxış edərək, gələcək üçün düşünməliyik.Rusiya,Avrasiya birliyi ideyasını on beş il əvvəl ortaya atıb. Bu ideya intensiv şəkildə Kreml səviyyəsində dəstəklənir.Həttda, bu ideyanın başqa ölkələrdə lobbiçiliyini həyata keçirirlər. Rusiyanın, Avrasiya birliyinə daxil olma ideyasının müəllifləri olan bir necə rus filosofu,eləcə də Rusiaya prezident aparatının məsul işçisi Aleksandr Duqin belə hesab edirki,Avrasiya birliyində təkcə Slavyan sivilizasiyası deyil, eyni zamanda Avropa qitəsində yaşayan bütün xalqların dövlətləri iştirak edə bilər. Bu mənada onlar qitənin tarixi baxımından birinci mərhələni keçməmiş,ən son mərhələ barədə düşünürlər.Mənə elə gəlir ki, hər bir sivilizasiya öz arasında birləşməlidir.Hər halda buna zəruriyyət daha çoxdur. Slavyanlar-slavyan ittifaqı olaraq,Türklər-türk ittifaqı kimi,eləcə də diğər xalqlarda, mədəniyyətlərdə,sivilizasiyalarda öz mədəniyyətləri çərçivəsində birləşməlidirlə ki,daha sonrakı mərhələdə onlar vahid dünya təşkilatının mühüm bir kompanentinə çevrilə bilsinlər.Əgər öz içərilərində bunu edə bilməzlərsə o zaman vahid dünya sistemində belə yerini tuta bilməzlər.Məhz bu məsələ məni çox natrahat edir. Ona görə də,Türkiyənin, Avropa ittifaqına artıq iyirmi beş ildən artıq bir müddətdir ki, cəhtləri məni narahat edir.Çünki bir gün dünyanın mütləq sivilixasiyaların təmsilçiliyi hesabına idarə olunacagına inanıram. Bu gün ki dünya idarəçiliyi özünü doğrultmur və zamanın tələblərinə cavab vermir.Ona görə də dünyada xaos, konfliktlər, qarşıdurmalar, müharibələr baş alıb gedir. Bu gün mövcud olan BMT-nin Təhlükəsizlik şurası dünyada da baş verən problemlərin öhdəsindən gələ bilmir.Yerinə düşən bir misal,Rusiyanın,Suriya hadisələrinə dair təhlükəsizlik şurasındakı müzakirələr zamanı veto qoyması,Suriyada beş yüz min insanın həlak olmasına səbəb oldu.Yarım milyon insan həlak olur,ona görəki, qəti onun sivilizasiyasına aidiyyatı olmayan,digər bir sivilizasiyanı təmsil edən bir lider Rusiya müvafiq qərarın qəbul olunmasına bir veto qoydu.Mən belə hesab edirəm ki, dünya belə idarə oluna bilməz. Yaxın onillikdə mütləq BMT formatında islahat aprılacaq, dünya idarəçiliyi yeni bir fazaya keçəcək. Həl halda, yeni bir qurum yaradılmasına ehtiyac var. Bu qurumun ən ideal variantı isə,müxtəlif sivilizasiyaları təmsil edən dövlətlərin birgə idarəçiliyi ola bilər. Əgər belə bir şərait yaranarsa,o zaman bizi həmin idarəçilikdə kim təmsil edə bilər? Sözsüzki, biz hansı birliyə aidiksə,hansı ittifaqa daxiliksə əlbəttdə, həmin ittifaq bizi təmsil edəcək.Bu baxımdan,əgər Avrasiya birliyinin üzvü olarıqsa bizi, Slavyanlar təmsil edəcək. Odur ki, “Türk dövlətləri birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabımda da bu məsələyə geniş aydınlıq gətirmişəm. Düşünürəm ki, Türk birliyinin yaradılması bir güc mənbəyinə cevriləcək, dünyanın yeni idarəcilik sxemində bizim öz təmsilçiliyimizi təmin edəcək. Ona görə də Türkiyənin nə Avropa birliyinə üzvlüyü,nə də Azərbaycanın ,Qazaxıstanın və ya başqa türk dövlətlərinin Avrasiya birliyinə üzvlüyü bizi qane etməməlidir. Biz öz birliyimizi yaratmalıyıq. Buna kifayət qədər əsaslar var.Bizim ümumi tariximiz var,bizim ümumi sərhədlərimiz mövcuddur,ümumilikdə 250 milyon türk əhalisi var.Əgər iqtisadi nöqteyi-nəzərdən məsələyə yanaşsaq, 6 türk dövlətinin malik olduğu təbii sərvəti təstiq olunan, bu günki dəyəri 28 Avropa ölkəsinin malik olduğu və dəyəri təstiq olunmuş sərvətindən iki dəfə çoxdur. Sadəcə,elmi-texnoloji vasitələr Avropada olduğu üçün biz,öz təbii resurslarımızı onlarla birlikdə işləməyə məcburuq. Ona görə də təhsil çox vacibdir.Düşünürəm ki, bu kitabı bütünlükdə Türk dövlətlərində təbliğ etmək,anlatmaq çox vacibdir. Bizim tariximizdə bütün Avrasiyanın demək olarki, sahibinin türklər olduğu dönəmlər var.Qərbdə Roma imperiyasını türklər məğlub edib,Şərqdə Cin,Hindistan Türk imperiyalarının tabeçiliyi altında yaşayıblar.İndi türklər niyə bu qədər biri-birindən ayrı ,biri-birinə biganə olmalıdır? Bu məsələ müasir dövrümüz üçün çox zəruridir. Ümumtürk özünü dərk etmə vərdişinə ən azından cəhd etməlidir.Gələcəkdə də dünya sivilizasiyasında, vahid dünyanın formalaşmasında türklərin adını ,yerini və rolunu təmin etmək mümkün olsun

-Söylədiklərinizin əsasında gələcək layihələr dayanır.Bu daha çox Azərbaycan gəncinin görəcəyi iş olacaq.Arenadan baxanda müasir Azərbaycan gəncliyinin real mənzərəsi sizə nə deyir? Səmimi fikirlərinizi bilmək maraqlı olardı.

Səmimi deyəcəyəm.(gülümsünür)Adətən, bir sıra adamlar bu günki gəncliyə bir qədər könhə fikirlərlə yanaşırlar. Bir növ gənc nəsildən narazılıq bildirirlər.Mən bunun tamamilə əleyhinəyəm.Əslində bu, bizdən əvvəldə belə olub.Atalarımız bizdən narazı olub,babalarımız atalarımızdan narazı olub.Amma bu tendensiyanı nəhayət bir yerdə durdurmalıyıq və tamamilə yoxa catdırmalıyıq.Əlbəttdə bu günki gəncliyin idrak ,təfəkkür səviyyəsi ötənlərə nisbətdə daha çoxdur.Onların informasiyaya açıq olması,həttda qabaqlaması hərtərəfli düşünməyə və bilik əldə etməyə şərait yaradır. Birinciliyə imza atan gənclərimiz də az deyil. Həttda onlar hansısa bir ixtiranın müəllifidirlər. Elmə,texnikaya yenilik gətirirlər. Azərbaycan gəncliyi artıq dünya miqyasında tanınır, sözünü deyə bilir. Demək olar ki, bu gün gənclik üçün məsafə,sərhəd yoxdur.Bir sözlə potensiallı gənclərimiz var. Gənclik eyni zamanda təhsil arxasınca dünyanın o biri başına gedir.Məsələn, ABŞ, İngiltərə kimi ölkələrdə nə qədər azərbaycanlı gənclər aparıcı universitetlərdə təhsil alırlar. Bunların hər biri artıq gələcəyin mütəxəssisidir.Sevindirici haldırki,bu gün xaricin istənilən özəl sektorlarında, maliyyə sistemlərində azərbaycanlı gənclər fəaliyyət göstərir. Bu da Azərbaycan gənclərinin dünyaya cıxışına imkan verir.
Eyni zamanda onlar həmin cəmiyyətdə öz ölkələrini yəni, Azərbaycanı təmsil edirlər.Digər bir tərəfdən bu gənclər yeni həyat kriteriyalarını Mən hesab edirəm ki,Azərbaycanın bu günki gəncliyi son dərəcə qiymətli bir zümrədir.

-Statistiklər hesab edirlər ki,insan müəyyən yaşdan sonra ötənləri daha tez-tez xatıralayır. Hisslərdən ayrılıb söz demək, bəzən adama ömrü yenidən yaşayırmış kimi görünür.Bu mənada insan ilkinliyindən,nəcib duyğulardan danışanda torpağa,yurd yerinə,köyünə, kəndinə bağlı olduğunu mütləq anır. Biz bilirik ki,əslən gözəl Şəkidənsiniz. Yurd yeri insan üçün təkcə məkan deyil, həmdə qorumaq istədiyi xatirədir. Bəlkə o mürgülü xatirələrin əlindən tutaq,bir qədər də ötənlərə boylanaq?

Doğulub, böyüdüyüm yerlər,o zamanlar məni əhatə edən insanlar yaddaşımın ən dərin qatlarında iz salıb. Bu sanki sirrli sehirli,maraqlı,möcüzəli bir qovluqdur.Bütün insanlar kimi mən də vaxtaşırı bu qovluğu açıram,vərəqləyirəm.Yəqin çox az adam tapılar ki,lap körpə cağlarını xatırlasın. Görünür bu, mənim güclü hafizəmlə bağlıdır. Hələ,yeriyə bilmədiyim yaş dövrüm yadımdadır.Valideynlərimin məni,necə biri-birinə ötürdüyü və yaxud haqqımda onların nə isə dedikləri,üz ifadələri,bunlar daha çox epizodik olaraq xatirəmdədir. Yaşım tədricən artdıqca, sonraki yeniyetmə cağlarım bəlkə də günbəgün xatlrlaya bilərəm. Həqiqətən də yaşımın üstünə yaş gəldikcə hiss edirəm ki, mən doğulduğum evdən başlamış,yaşadığım bölgəyə,
oranın insanlarına necə ürəkdən bağlıyam və hesab edir Şəkiyə çox tez-tez gedirəm.Hər dəfə də ürəyimdən şıltaqlıq keçir,bəzən bir bəhanə axtarıram ki, bir gün daha artıq qalım. Fəaliyyət dairəmiz,müxtəlif qayğılar,cavabdehliklər və s məsələlər ,həyat boyu bizi yerimizi dəyişməyə məcbur edir.İnsan hər şeyə dözdüyü kimi buna da dözür.Yer üzərində insanların axını çox sürətlənib. Məs, 30-40 il əvvəl Şəkidə yaşayanlar,Bakıdakı ailə üzvlərinə çox uzaqda yaşayırmış kimi baxırdılar.İndi isə, Bakıdan, Böyük Britaniyaya uçmaqda, elə Şəkiyə getmək qədər yəni, 5 saat vaxt aparır.Yaxud nəzərə alsaq ki, 70-80 il əvvəl bizim babalarımız faytonla Yevlaxdan, Şəkidən, Qəbələdən hər hansı bir bölgədən həftələrlə Bakıya yol qət edirdilərsə, görün cəmi bu zaman müddətində necə böyük bir proqress baş verib.İnsanlar artıq, okeanlar üzərindən bir qitədən,digərinə cəmi 8-10 saat ərzində təyyarə ilə uça bilir. Belə hesab edirəm ki,insan özündən asılı olmadan,obyektiv mövcudluğun tələbinə uyğun olaraq,ətrafındakılara uyğun, hər zaman adaptasiya olur. Yeganə dəyişməyən, heç zaman itirilməyən bir məfhum bizim xatirə dolu ömür sandığımızdır. Hansıki nə qədər yaşlansaq belə dönüb-dönüb geriyə baxmaq istəyirsən.Mənə elə gəlir ki,bu hər birimiz üçün faydalıdır. Həyatda elə adamlar varki,onlar keçmişlərini xatırlamaq istəmirlər.Amma yaxşı və pis nə varsa bunlar yaşananlardır. Biz zaman-zaman buna nəzər salmalıyıq.Yaxşı xatırlayıram, valideynlərim həmişə deyərdilərki,axşam yatağa uzananda,öz-özünə bir hesabat ver. Keçirdiyin günü saf-çürük et,düşün , bu gün gördüyün işləri yadına sal. Yalnışlığını, doğru saydığını araşdır. Fikirlərində,xəyallarında düşün.Hesabat ver və mütləq ki, səhvini gələcəkdə təkrar etməyəcəyinə özünə söz ver. Bu xatirələr,tövsiyyələr bu gün kimi mənim yadımdadır və gözlərimin qarşısındadır.Bu vərdişim məni özümə qarşı tələbkar etdi və yəqin heç inanmazsınız ki, bunu mən həyatı boyu hər gün edirəm.Uşaqlığımla,gəncliyimlə bağlı xatırlanmalı gözəl,xoş məqamlar çoxdur.
Mən çoxuşaqlı ailədə böyümüşəm. Üç bacı, üç qardaşıq. İl ərzində elə tarixlər varki, valideynlərimizin doğum və anım günlərində biz hamımız ata evinə qayıdırıq. Həttda öz ailələrimiz,evladlarımızla birgə.O zaman mütləq uşaqlıq xatirələri yada düşür, dilə gəlir.Mən də öz növbəmdə istəyirəmki övladalrım eləcə də baci və qardaşlarımın uşaqları da həmin ənənəni davam etdirsinlər. Adam nə qədər öz keçmişinə,onu dünyaya gətirən valideynlərinə həttda dünyada olmasalar belə, ehtiramla yanaşarsa bu onun övladları üçün də bir örnəkdir.

Cavanşir Feyziyevin bir insan,bir millət vəkili olaraq düşündüklərilə,əməlləri arasında nə qədər məsafə var?

-İnsanın kimliyindən,mövqeyindən asılı olmayaraq onun sözünün ,düşüncəsinin ,əməlinin vahid bir məkanda bulunmasının tərəfdarı və tələbkarıyam. Bunu əlbəttdə birinci özümə aid edirəm.Heç kim deyə bilməzki mən nə zamansa bir cür düşünüb, başqa cür qərar verim,danışım, yaxud hərəkət edim. Təvazökarlıq olmasın, mən özümü obyektiv insan hesab edirəm. Həyatımın hər məqamında bu mənim köməyimə gəlib. Bəzən insanlar arasında münaqişələr,ixtilaflar baş verir . Bu daha çox onların sözü ilə dediyiniz o düşüncənin əks istiqamıtlərə yönəlməsindən irəli gəlir. Bu həyatda önəmli bir məsələdir. Ona görə də mən hələ gənc yaşalarımdan bu üç vacibli məsələni özümdə görmək istəmişəm. Həllinə gücüm catamyacaq işə söz də vermirəm. Yaxud,düşündüyüm hər hansı bir fikri dolayısı ilə, ya da ikibaşlı ifadələrlə, izahlarla söyləmirəm. Bəzən məndən inciyən adamlar da olur. Fikirləşirlər ki,niyə bu qədər sərt,yaxud açıq, bu qədər birbaşa deyirəm?.Məncə də elə doğru davaranış qaydası elə budur. Çünki insan ilk növbədə özünü aldatmış olur.Səhvə,səhv; düzə,düz deyə bilmiriksə hər bir fərd yenə cəmiyyətə bir mürəkkəblik gətirəcək,dolayısı ilə yenə bu ağırlıq onun özünə qayıdacaq. Ona görə də səmimiyyətin tərəfdarıyam və bunu hamıya məsləhət görürəm.Çünki ədalətli insanın mükafatını həyat özü mütləq verir. Əzəldən təbiətin hökmü belədir.

Hobbiniz var?

Maraqlı hər nə varsa diqqətimi cəlb edir. Bu yaşıma qədər müxtəlif hobbiərim olub amma onlar mən də,iç dünyamda kök sala bilməyib,zaman-zaman dəyişib.İndi daha çox mütaliəyə vaxt ayırıram.Vaxtıyla maşınlara həvəs göstərmişəm.20 il bundan öncə, Formula1 yarışlarından ötrü dünyanın bir çox ölkələrinə səfər etmişəm. Azərbaycanda da bu yarış keçirildi. Bu ölkəmiz üçün böyük və uğurlu siyasi bir hadisədir. Dünya xəritəsinə nəzər salsaq, bu yarışın cəmi 24 ölkə də keçirildiyini görərik.Bu gün Azərbaycan da onlardan biridir. Respublikamız ərazisinə görə digər supergüc dövlətlərindən çox kiçik olsa da, nəyə qadir olduğunu sübut etdi. Diğər tərəfdən Azərbaycanın dünyaya tanıdılması işində belə tədbirlər mühüm rol oynayır.
Bir qədər əvvəl hobbiddən danışırdıq.Hələ lap kiçik yaşlarımdan rəsm çəkməyə həvəs göstərirdim. Məktəbimizdəki rəsm dərnəyinə də üzv olmuşdum. Oxuduğum məktəbin ədəbiyyat kabinetində əyani vəsaitləri mən çəkmişdim. Azərbaycan ədəbiyyatının klassik nümayəndələrindən tutmuş,o dövrün müasir yazarlarının portretlərini,əsərlərindən eskizləri mən çəkmişdim. Sonralar bu bacarığı qızım Leylada gördüm.O da kiçik yaşlarından rəsmə həvəs göstərirdi. Hələ ikinci sinifdə oxuyanda Respublika üzrə keçirilən rəsm müsabiqəsində birinci yeri qazandı və təhsil nazirliyi tərəfindən mükafata layiq görüldü. Hobbi dedikdə bir zamanlar həvəs göstərdiyim ekstrim idman növlərini xatırlayıram. Bu idamana nəinki maraq göstərmişəm həttda, onların bəzilərilə məşqul olmuşam. Bunların hər birini zamanında hobbi kimi böyük həvəslə izləmişəm.Hər bir insanın daxilində major və minor notlar var. Bəlkə də elə bu səslərin hesabına həyatımız qurulur,idarə olunur. Şəxsən mən intuisiyama borcluyam . Təbiətən daha çox maksimalist və proqmatik adamam. Bu mənada görəcəyim iş ən yüksək səviyyədə həm başlamalı eləcə də nəticələnməlidir. Ümumiyyətlə yeni işə, fəaliyyətə başladığımda onun beş il,on il sonra nə ilə nəticələnəcəyini düşünməsəm və intuisiyama güvənməsəm o işə başalmıram.

Cavanşir müəllimlə araşdırılası məsələlər daha da çoxdu.Onun düşüncələrində qlobal məsələlərə də,fəlsəfi ümumiləşdirilmələrə də,sosial-ictimai məqamların araşdırılmasına, həlli yollarının tapılmasına xüsusi maraq güçlüdür. Söhbətin əvvəlində də dediyim kimi,ilk təəssuratımdan fərqli olaraq daha yapışıqlı və ünsiyyətcil olduğuna əmin oldum. Ona cansağlığı və uğurlar arzulayıram.

Sitarə İsmayıl
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Azərbaycan radiosunun əməkdaşı