Mən bu yolda saçlarımı ağartdım,
Ağarmadı sənsiz günüm,qadası.
Qədərimə de, nə qədər göz yumum?
Ötüşməyir çənsiz günüm qadası.
Göz yaşınam-quru dərdə yaşam mən,
Sel deyiləm dağ çayı tək daşam mən.
Bəlkə sənin nəzərində daşam mən?
Üzə gülmür ayım, günüm, qadası.
Nəsibimmiş şimşək kimi çaxmağın,
İntizarın od püskürən çaxmağım…
Olmasaydı eşq qapısın çaxmağın,
Ağlamazdı sənli günüm, qadası.
Fikirlərin nə qaradır, nə ağdır,
Yersiz küsüb, inciməyin nahaqdır.
Bilməyirsən-nə yalandır, nə haqdır?
Yetmir sənə ürək ünüm, qadası?!
Sənsiz yağır yağmur ümid yollara,
Barı bir yol bu yollardan yol ara!
Canım nədir, ürəyimi yollaram,
Sən istəsən ömrüm-günüm qadası.
Qayıt, gülüm-könlüm gülsün, gülüm, sən
Gül üzünlə bir üzümə gülümsə.
Gözlərimdə qəlbən gülən gülümsən,
Gəlsən, gülər ayım, günüm, qadası.
Gəl, gülüm, gül, gül ömrümün mənası,
Qəmlə ötən günlərimdən məna sız.
Abdullayam, sənsiz ömrü mənasız.
Calayıram günə günü, qadası.
Azərbaycan.Quba.
08.06.2016.