Küssə ocaq qoru yar tək,
Dərdim məni qoruyar tək.
Ya Rəbb, yarı qoru yar tək,
Gül yarıma yetir məni.
Yar yolunda yorğun güləm,
Həsrətimə vurğun güləm.
Eşq bağında solğun güləm,
Dər, dərdimdən götür məni.
Boğazımda qəmli yuxam,
Kim deyir ki, qəmlə yoxam!
Yaxalaşıb qəmlə yaxam,
Ağla sətir-sətir məni.
Ürəyimi üzə-üzə,
Üzə durdu qəmim üzə.
Kəsilməmiş qənim üzə,
Gəl özümə gətir məni.
Üstələsə gəda xanı,
Gəzməz Yusif Züleyxanı.
Qul olmayan nəfsə, hanı?
Üzür haram ətir məni.
Gah başlara gül ələyən,
Gah qüssə, gah kül ələyən.
Ümidləri güllələyən
Bu dünyadan itir məni.
Abdullayam sözü ağlar,
Gözümdə qəlb sözü ağlar.
Eşq alovum söz-söz ağlar-
Kərbəlada bitir məni!
Azərbaycan.Quba.
15.06.2016.