Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalist
Son ümid də budağından üzüldü,
Həsrət yaşı gözlərimdən süzüldü.
Çıxıb getdi, arxasına baxmadan,
Elə bil ki, heç yoxmuşam yüz ildi
Gözlərinin həsrət adlı yaşı mən,
Bu sevgidə sən çoxbilmiş, naşı mən.
Ərzurumun gədiyinə varmadan,-
Necə töküm ətəyimdən daşı mən?!
Bu sinəmin dağ əridən ahı yüz,
Son pənahım, gəl sinəmdən ahı üz.
Məni edib qara sevda əsiri,
Gör haçandı o maralgöz, ahu üz
Bu sinəmin çalın-çarpaz dağı min,
Dərəsi min, təpəsi min, dağı min.
Hər an mərdə arxa durun, insanlar,
Mərd tənhadı, fürsət gəzən yağı min
Dünya gidi, ömür fani, yol kəsə,
Arxa zülmət, ön müəmma, sol kəsə.
Çənlibel var, Koroğlu var, Qırat var,
Gədə-güdə kimdi gəlib yol kəsə?!
Bir əl hökmrandı yüz əlin üstə,
Kimsə cəza almaz düz əlin üstə.
Ağaclar payızda bulud gözüylə
Diz çöküb ağlayar xəzəlin üstə