____kil

Sevgi haqqında zaman-zaman tarixin yaddaşında həkk olunmuş, kifayət qədər əfsanələr, nağıllar, poemalar, əsatirlər var. Hər bir xalqın özünəməxsus keyfiyyətləri, mental dəyərləri, adət-ənənəsi, xüsusi ehtiram bəslədiyi hissləri olur. Xalqımızın da xüsusi həssaslıqla yanaşdığı hisslər Allaha sevgi, ehtiram, ailəyə sədaqət, Vətənə sevgi hissləridir.
Ədəbiyyat tariximiz ən qədim zamanlardan bəri öz önəmini qoruyub saxlamış sevgi dastanları ilə, nəinki Azərbaycan, həmçinin dünya Ədəbiyyatının nadir incisi sayılan Leyli-Məcnunu ilə çoxdan öz sözünü demişdir. Bu gün də əfsanəvi sevgi mövcuddur. Buna misal olaraq ötən əsrin 90-cı illərində baş vermiş sevgi tragediyasını göstərmək olar.
Tarixdə qalan ən zərif, ən həssas duyğulardan biri də real Azərbaycan ailəsində yaşanmış sevgi hekayəsidir. O hekayə ki, xalqımızın çətin günlərini, qanlı tariximizi və tayı-bərabəri olmayan duyğuları özündə birləşdirən İlham-Fərizə sevgisindən bəhs edir.
İlham-Fərizə sevgisinin nəticəsi isə Azərbaycan gənclərinə bir milli sevgililər günü bəxş etdi-30 iyun Sevgililər gününü…
Bir neçə ildir ki, ölkəmizdə qeyd olunan bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır.
Bəs İlham və onun həyat yoldaşı Fərizə Kim idi?
İlham Allahverdiyev 1962-ci ildəAğdamda anadan olub. Uşaqlığının bir hissəsini Ağdamda – nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan Ilham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Hazırda həmin zavod İlham Allahverdiyevin adını daşıyır.
1989-cu ilin 30 iyun tarixində Fərizə və İlham ailə həyatı qurub. 1990-cı il yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxır. İlham həmin gecə, hazırkı “20 Yanvar” dairəsində vurulub.
Ailə İlhamı həmin günü xəstəxanalardan birində tapır. Əvvəlcə Xırdalandakı qəbiristanlıqda dəfn ediblər. Amma sonradan oradan çıxarıb Şəhidlər xiyabanına aparıblar.
Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, ətrafındakı insanlar bu cəhdinin qarşısını alıblar. Amma qərarında qəti olan Fərizə gecə hər kəsi yuxuya verəndən sonra bir qab sirkəni içir. Və məktub yazmaq istəyir. Amma göz yaşı içində bir-iki cümlə yazandan sonra ardını gətirməyə taqəti olmur. Bətnindəki körpəni də özü ilə məzara aparır…
Bu, sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizənin toy günü- 30 iyun tarixi Azərbaycan sevgililər günü kimi keçirilir.
Hər bir cəmiyyətin sevgi üzərində qurulduğu nəzərə alınarsa, orada iki insanın bu hisslərini təntənəli şəkildə qeyd edə bilməsi üçün müəyyən bir tarixi günün olması çox vacibdir. Nə yazıq ki, milli sevgililər günümüz nakam sevgi hekayəsindən yadigar qaldı. Əsas odur ki, bu sevgi sıradan bir sevgi olmadı, yarımçıq taleyi ilə bütöv bir tarixə çevrildi.

Elnarə Günəş,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının xüsusi müxbiri