TƏRCÜMEYİ-HAL

Teymur HƏBİBİ (Teymur Bayramov Rzaqulu oğlu) 9 iyul 1986-cı ildə Gürcüstanda – Qarayazı mahalının Ağtəhlə kəndində ziyalı ailəsində anadan olub. Ailənin ikinci övladıdır.
1989-cu ildən ailə üzvləri ilə birlikdə Bakıda yaşayır. Valideyinləri onun haqqında belə deyir: “Hələ erkən yaşlarından ədəbiyyata sevgisi olan Teymur şeir, sənət ocağının qoynunda böyümüşdür. Ona bu istedad soykökündən, hələ məktəb illərindən müxtəlif mövzuda şeirlər yazan, ədəbiyyatı çox sevən anası Nisə xanımdan keçmişdir.
Teymur balaca olarkən vətənin müharibə illərində, o qızğın gedən döyüşlər zamanı televizorda göstərilən döyüşkən əsgərləri, ölüb-yaralanan, əsir düşən günahsız insanları, yandırılan şəhərləri, kəndləri əsəbi halda izləyərək içində düşmənə qarşı sonsuz nifrət bəsləyirdi. O, bu hadisələri uşaq düşüncələri ilə mühakimə edir, efirdən gördüklərini bədahətən şeir halında söyləyirdi. Əlinə aldığı hansısa bir qəzeti isə tərsinə tutaraq oxumağı, yazmağı bacarmadığı halda, “Cəmillini, Malıbəylini yandırdılar, əsgərlərimizi, analarımızı öldürdülər” və s. sözləri şeir kimi bir-birinə qoşaraq dayanmadan söyləyirdi. Biz onu saatlarla bu fikirlərin təsirindən ayılda bilmirdik. Yəni Teymur özündə olmurdu, başqa Teymur olurdu… Yaşı az olan balaca Teymurun bəlkə də, o an əlində silah, özü də səngərdə olsaydı düşmənə qan qusdurardı.
Müharibənin ağrı-acısını, dəhşətini xalqına çəkib göstərən jurnalist, vətənpərvər, öz ölümü ilə xalqın qəlbində əbədi qəhrəmanlıq abidəsini ucaldan Milli Qəhrəman Çingiz Mustafayev Teymurun ən sevimli bir kumiri idi. Onun Çingizə qarşı xüsusi bir sevgisi, marağı vardı. Daim onu, onun çəkdikləri bütün görüntüləri uşaq ağlı ilə izləyərək əsəb hissi keçirirdi. Teymurun həmişə bir sözü vardı: “Mən böyüyəndə Çingiz kimi vətənpərvər, çiynimdə kamera müharibəni çəkməyə gedəcəm. Vətənimi düşmənlərdən qoruyacam!”
Hələ məktəbə getməyən balaca Teymur uşaqlıqda taxtadan silahlar düzəldərək həyətin o baş, bu başına gedib “Vətən məni yetişdirib, bu ellərə yolladı” əsgər marşını oxuyurdu. Çox qəribə idi ki, hündürdən, qışqıra-qışqıra oxuyurdu. Sanki içində bir yanğı vardı, nifrət vardı düşmənə, dünyaya, bəlkə də hər kəsə…
1992-ci il idi. Televizorda Xocalının işğalını, Çingizin ağlayaraq düşmənlərin törətdiyi dəhşətlərə dözmədiyi səhnələri, günahsız insanların amansızcasına öldürülməsi, bir sözlə, insanlığa yaraşmayan vəhşilikləri göstərirdilər.
Teymur isə yenə də həmişəki kimi televizorun qarşısında əyləşib göstərilənləri izləyirdi. Evdə isə xeyli qonaqlar vardı. Hamının başı söz-söhbətə qarışmışdı. Birdən Teymur əlində kağız ilə bizlərin diqqətini cəlb etdi. O, kağızda yazdığını bizlərə oxudu. Bizə isə çox maraqlı və qəribə gəldi ki, axı o hərifləri tanımır, yazı yaza bilmir? Çox keçmədi əlindəki kağıza baxanda gördük ki, kağızda dalğalar çəkilib. Teymurun özünə məxsus düşündüyü yazı. Yəni dalğalar… Sözün düzü, biz bu yazıdan heç nə anlamadıq. O, kağızdakı dalğalardan fərqli olaraq yazdığını oxuyanda sözləri düzgün şəkildə oxuyurdu. Hamı təəccüb içində idi. Heyif ki, o kağızların heç biri bu gün qalmayıb. Amma yaddaşlardan silinməzdir o anlar…
Biz isə elə onda bildik ki, balaca Teymurun istedadı nədir.”
1993-cü ildə 143 saylı orta məktəbə daxil olmuşdu. 2004-cü ildə isə məktəbi bitirmişdir. O, məktəb ilə bağlı xatirələrindən yazır: “Mənim ikinci dəfə ədəbiyyata gəlişim məktəbdə onuncu sinifdə oxuyarkən, ikinci gün, ədəbiyyat dərsində olmuşdur. O gün sinif rəhbərimizin dərsi idi. O, keçdiyi dərs ilə bərabər, bizə şairlərin həyatında olan maraqlı hadisələrdən də danışırdı. Mənimlə bir parta arxasında sinif yoldaşım, dostum əyləşmişdir. O da müəllimənin danışdıqlarına diqqətlə qulaq asırdı. Bir sözlə, bütün sinifin diqqəti müəllimədə idi. Birdən
gözüm sinif yoldaşımın, dostumun qarşısındakı dəftərdə yazılan sətirlərə sataşdı. Astadan soruşdum bu nədir? O isə dəftəri mənə tərəf uzadıb oxumağımı xahiş etdi. Elə hər şey də buradan başladı.
Biz məktəbdə üç dost idik. Çox keçmədi öz aramızda “Əhli-eşq” məclisi yaradıb, bir-birimizə təxəllüslər verməyə başladıq. Mənə dostlarımdan biri “Həbibi” (sevgili dost, dost) təxəllüsü verdi. O gündən məni Teymur Həbibi kimi çağırmağa başladılar. Biz üç dost hər dəfə yeni şeir yazdıqca şeirləri bir-birimizə göstərərək, müzakirə edib oxuyurduq. Sonda da şeir haqqında öz fikrimizi bildirirdik. Sinif rəhbərimiz də yazdığımız şeirləri oxuyub bizimlə ürəkdən fəxr etdiyini bildirərək, dəyərli məsləhətlərini bizlərə verirdi. Sonradan bu məclisin üzvləri çoxalmağa başladı.
Mənim ikinci dəfə ədəbiyyata gəlişim məhəbbət şeirləri yazmaqla başlamışdır. Hamı mənə bir sual verirdi. Niyə məhəbbətdən yazırsan? Ən çox da bu sualı qızlar verirdi. Mən də cavabımda sevin məni, sizə də məhəbbətdən şeirlər yazım deyirdim. Bu sözümü kimisi ciddi, kimisi də zarafat qəbul edib, gülürdü…
Yavaş-yavaş məhəbbət şeirləri ilə yanaşı müxtəlif mövzuda şeirlər də yazmağa başladım.
Heç yadımdan çıxmaz. Bir gün sinifdə “Ana” haqqında inşa yazırdıq. Mən də anam haqqında “Pak adındır məni yaşadan, ana!” şeiri yazmışdım. Bu şeiri sinif rəhbərim oxuyub çox bəyənmişdi. Müəllimə bu şeiri inşaya salmağımı məsləhət bildi. Şeiri inşaya saldım. Böyük diqqətə, marağa səbəb oldu. Bir gün yenə ədəbiyyat dərsi idi. Müəllimə hamı ilə salamlaşıb oturdu. Sonra məni yanına çağırıb, ana haqqında yazdığım şeiri uşaqlar üçün oxumağımı xahiş etdi. Sözün düzü, heç hazır deyildim belə bir təklifə. Ürəyimdə “Anamın sağ əli başıma” – deyib, özümü bir təhər toparlayaraq şeiri uşaqlara söylədim. Müəllimə isə əlini qoynuna qoyub, gözləri yol çəkə-çəkə məni dinləyərək xəyala dalmışdır. Düzünü desəm şeirin harada başlayıb, harada qurtardığını bilmədim də. Bir də ayıldım ki, müəllimə ilə uşaqlar məni alqışlayaraq “eşq olsun mənim şagirdimə, bizim istedadlı sinif yoldaşımıza” – deyərək sevindilər. O an özümü dünyanın ən xoşbəxt insanı hiss etdim.”
2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsinin Beynəlxalq Mədəni Əlaqələr ixtisasının əyani şöbəsinə daxil olmuşdu. 2008-ci ildə universiteti fərqlənmə diplomu ilə bakalavr dərəcəsində bitirmişdir. O, universitet ilə bağlı xatirələrindən yazır: “I kursun qış semestri idi. İxtisas ilə bağlı fəndən imtahan verirdik. Tələbələr bir-bir imtahana girib-çıxdıqca növbə mənə yaxınlaşırdı. Mən isə həyəcanla dəhlizin o baş, bu başına gedib, əlimdə dəftər dərs vaxtı keçdiklərimizi təkrarlayırdım. Birdən mənə imtahan otağına keçməyi xəbər verdilər. Təzəcə içəri keçmişdim ki, müəllimə üzü gülərək “gəl, mənim şair balam. Buyur, əyləş” – deyə məni qabaqladı. Heç nə başa düşmədim. Salam verib, əyləşdim. Müəllimə isə “eşitdim məhəbbət şeirləri yazırsan? Onlardan birini söyləsən, dərs soruşmadan sənə 5 (beş) qiymət yazacam” – dedi. Siz haradan bilirsiz ki, mən məhəbbət şeirləri yazıram? Müəllimə gülərək “tələbə yoldaşların deyib. Utanma, oxu” – dedi. Gözlərimə inanmadım. Allahın adını ürəyimdə çəkib təzəcə şeirin bir bəndini deməyə başlamışdım ki, müəllimənin gözləri dolaraq “burda dayan, oğlum, sən məni keçmişə qaytardın, tələbəlik illərinə. Nəisə, Allah yolunu açıq etsin. Uğurlar, gedə bilərsən. İmtahandan keçdin. Təbrik edirəm!” – deyəndə yenə də gözlərimə inanmadım. Sevincək minnətdarlığımı bildirib otaqdan çıxdım.
Tələbə həyatı mənim üçün fərqli bir həyatdır. İnsanın böyüməsi, həyata baxışının dəyişməsi, yeni dostlar, tanışlar, ürəyinə yatan istəkli, səni sevən insanların qazanılması… Bunların hamısı, bu illər ərzində yaranır. Yaradıcılığımın ən qaynar və geniş oxucular tərəfindən tanınmasında da tələbəlik illərinə borcluyam.”
Teymur Həbibinin mətbuatda ilk çap olunmuş şeirləri 2005-ci ildə “Müxəmməs” və “Namə” olmuşdur. O, 2006-cı ildə bir ilə yaxın mətbuatda çalışmış, “Qulluğunda hər an durum”, “Xəyalımdan keçən gözəl”, “Bir salamdır aramızdakı söhbət”, “Xatirəli bir gecə…”, “Səni axtarıram, yar, haradasan?” şeirləri də mətbuatda çap olunmuşdur.
Elə həmin ildə də “Ağla, mənim gözü yaşlı məhəbbətim” başlığı altında “İsmi-Teymur” (Avtobioqrafik şeir), “Kitabi-mehrim”, “Biz ad günümüzü bir qeyd edirik”, “Müxəmməs”, “Gözəl”, “Bu həyatdan cavan köçdün, sevgilim”, “Xəstəyəm, dərmanım yardır” və s. şeirləri də mətbuatda çap olunmuşdur. O, mətbuatda birinci korrektor vəzifəsində çalışmış, Heydər Əliyev “Xalqa bağışlanan ömür” X kitab, Hacı xanım Rövşanə “Əllərimi Allaha açdım”, Şükufə Göyçəli “Səni ömrümə yazmışam”, Zeynal Qoca “Zindandı dünya”, Ramiz Məmmədzadə “İşıq günü”, və s. kitablarda adı çıxmışdır.
Sonradan müxbir vəzifəsində çalışmış, İlyas Əfəndiyev – 92 “Unudulmaz xalq yazıçısı”, “Kulturologiya” fakültəsi “ADMİU-nun öndə gedən fakültələrindən biri”, Mikayıl Müşfiq “30 illik ömür karvanı”, Bir olan Allahın izni ilə! “İslam inciləri”, Poetik məclislər “Onların yaranma və inkişaf tarixi, poetik məclis üzvləri”, Aşıq Ələsgər “Ustadın ömür səhifələri”, Mirzə Şəfi Vazeh “XIX əsrin birinci yarısı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri”, Xaqani Şirvani “Öz dövrünün ustadı”, Nizami Gəncəvi “Ustadın həyatı və yaradıcılığı”, Mənisə Xatın Məhsəti Gəncəvi “XII əsr Azərbaycan ədəbiyyatında yeni bir şeir məktəbinin, şeir sərgisinin təsisçilərindən biri” və s. məqalələri də mətbuatda çap olunmuşdur. Bunlarla yanaşı, onun yeni yazdığı şeirləri də mətbuatda çap olunmuşdur. O, hələ tələbə olarkən universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “Ədəbi Məclis”in üzvü olmuş və bu məclis üzvləri ilə bərabər 2007-ci ildə mətbuatda şeiri (“Darıxmışam”) çap olunmuşdur.
2008-ci ildə hərbi xidmətə yola düşmüş və Qusar rayonunda xidmətdə olmuşdur. O, xidmətdə olduğu müddətdə “Ana”, “Xəstəyəm, bu ürək darıxır sənsiz”, “Küsəyən qız”, “Ayrılıq”, “Əsgər məktubu”, “Şahdağ”, “Şeir yazmaq istəyirəm”, “Gülüşlərin” və s. şeirlər yazmışdır. O, hərbi ilə bağlı xatirələrindən yazır: “Mənim hərbi ilə bağlı olan xatirələrim hərbidə və hərbi hospitalda kitabçalarda yazılan şeirlərdə, qeyri-adi çəkilən şəkillərdə, darıxan zaman qaraladığım günlərdə və s. qeyd olunmuşdur.”
Əsgər Bayramov xidmət etdiyi müddətdə özünü nizam-intizamlı aparmış, geyim formasını səliqəli saxlamış, döyüş və ictimai-siyasi hazırlığı yüksək səviyyədə olmuş, öz əsgər yoldaşları ilə davranış qaydaları normal, silahının və döyüş texnikasının təyinatını yaxşı bilən, xidmətinə səhlənkar yanaşmayan, verilən əmr və tapşırıqları vaxtında yerinə yetirən, fiziki cəhətdən sağlam, mənəviyyatca saf, hərbi və dövlət sirlərini qoruyub saxlamağı bacaran bir əsgər olduğu üçün 2009-cu ildə “Xidməti xasiyyətnamə” ilə təltif olunmuş və hərbi xidmətini başa vuraraq Bakıya qayıtmışdır.
2010-cu il oktyabrın 28 gənc şair, Teymur Həbibinin “Həbibi dünyası…” adlı ilk şeirlər kitabı mətbuatda işıq üzü görmüşdür. Dekabrın 21 isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi və təşkili ilə “Səda” tədris teatrında “Həbibi dünyası…” adlı ilk şeirlər kitabının təqdimat gecəsi keçirilmişdir.
“Həbibi dünyası…” müəllifin ilk kitabıdır. Burada müəllifin özünün dediyi kimi, ikinci dəfə ədəbiyyata gəldiyi dövrdən, indiki son dövrə qədər yazdığı şeirlərinin bəziləri salınmışdır. Kitab dörd fəsildən (“Şeirlər”, “Tarixsiz şeirlər”, “Bayatılar”, “Natamam sətirlər”) ibarətdir. Kitabın adından bəlli olduğu kimi müəllifin öz dünyası var…
Musiqiyə böyük marağı olan Teymur bütün bunlarla yanaşı, məktəb və tələbəlik illərindən musiqi yaradıcılığı ilə də məşğul olurdu.

QULLUĞUNDA HƏR AN DURUM
Sən şahzadə, mən bir qulun,
Qulluğunda hər an durum.
Pakdır sənin həyat yolun,
Qulluğunda hər an durum.

Bərbəzəyin, boy-buxunun,
Gözəlliyin, ətrin, qoxun,
Yatsan, şirin olsun yuxun,
Qulluğunda hər an durum.

Hər sözümə can demisən,
Canıma ilham vermisən,
Sadə olub sevilmisən,
Qulluğunda hər an durum.

Həbibinin sənin üçün
Qul olmağı şərəflidir.
Boynundakı zümrüd qaşı
Məndən sənə hədiyyədir.

DOYA BİLMİR BU QƏLB SƏNTƏK GÖZƏLDƏN
Sən mənimçün həyatda çox əzizsən,
Sən qəlbimdə duyğulu bir dənizsən,
Sən yaddaşdan silinməyən bir izsən,
Unuda bilmir bu könül əzəldən,
Doya bilmir bu qəlb səntək gözəldən.

Hər gecələr qəlb evimə qonaqsan,
İşıqsız dünyamda nurlu çıraqsan,
Kefsiz günlərimdə mənə dayaqsan,
Unuda bilmir bu könül əzəldən,
Doya bilmir bu qəlb səntək gözəldən.

Tez alışsam, məni tez söndürərsən,
Hərdən həyatdan küssəm, güldürərsən,
Ləbinin balı olsam, öpüşərsən,
Unuda bilmir bu könül əzəldən,
Doya bilmir bu qəlb səntək gözəldən.

Qəlbim bir daş olsa, tez əridərsən,
Cismim ölsə, dil ilə dirildərsən,
Gözlərim dərddən yaşarsa, silərsən,
Unuda bilmir bu könül əzəldən,
Doya bilmir bu qəlb səntək gözəldən.

QƏMLİ MƏHƏBBƏT

Mən sevən yarımı bu həyat aldı,
Qoynunda can verdi, soldu, saraldı,
Qurulan ümidlər dağıldı, qaldı,
Yazıldı daşlara qəmli məhəbbət.

İndi nə haldayam, bir Allah bilir,
Bir də içimi göynədən ah bilir,
Əllər göz yaşımı quruda bilmir,
Yazıldı daşlara qəmli məhəbbət.

Məzarın qəlbimdir, sən uyu rahat,
Səni yaşadacam, olma narahat,
Həbibi, döz sən də, gözəldir həyat,
Yazıldı daşlara qəmli məhəbbət.

MƏN NİYƏ SEVƏ BİLMİRƏM?
Tanrı mənə bu əzabı
Niyə verirsən, bilmirəm.
Görən nədir məndəki səhv
Mən niyə sevə bilmirəm?

Baxıb gəzən sevənlərə,
Alovlanan o gözlərə,
Sonda döyüb bu dizlərə,
Mən niyə sevə bilmirəm?

Məhəbbətim yanar bir daş,
Gözlərimdən axan sel, yaş,
Mən də sevə biləydim kaş…
Mən niyə sevə bilmirəm?

Ürəyimin sarı simi,
Yarama toxunan kimi,
Köks ötürüb, çəkib qəmi,
Mən niyə sevə bilmirəm?

Xəstə oldum saf eşq üçün,
Sonda qalmadı heç gücüm,
Dərd çəkməkdən yandı içim,
Mən niyə sevə bilmirəm?

Axtardığım gözəl yarım,
Sənsən ürəyimdə ağrım,
Həbibiyəm, yandı bağrım,
Mən niyə sevə bilmirəm?

MƏNİM QƏBİR DAŞIM
Bir arzum var sevənlərdən,
Unutmayın sizlər məni.
Gələndə də ürəklərdən
Qoparıb atmayın məni.

Mən öləndə qəbir daşım
Doğma olsun sizlər üçün.
Şəkildəki gözüm, qaşım
Doğma olsun sizlər üçün.

Mən öləndə qurulmasın
Təmtəraqlı mərasimlər.
Axar çaylar durulmasın
Dərdimə yansa da kimlər.

Könül verdiyim qızlar da
Könüldən yad etsin məni.
Oxunan xoş avazlarda
Yaşatsınlar mən sevəni.

Yazılan hər şeirlərim
Dilinizdən düşməz olsun.
Məni hər an sevənlərim
Baxıb yanan düşmən olsun.

Çox ağlayıb qəbir üstə
Məni də siz incitməyin.
Göz yaş töksə püstə-püstə
Sizsiz qəlbi kövrəltməyin.

Mənim üçün saf bir sevgi
Bu həyatda əzab oldu.
Sonda da verdi bir itki
Verilərək, ömür soldu.

Həbibiyəm, bu dünyadan
Sevdim, məhəbbətsiz getdim.
Ölsəm də, çıxmadım yaddan,
Doymadım, söhbətsiz getdim.