Gülüm, yaman dolmusan,
ağla, gözümə ağla.
Bir işə yaramayan
fağır dözümə ağla…
Ürəyimiz atlansın,
gözümüz qana çalsın;
Qəmi andıra qalsın,
sığın köksümə, ağla…
Qəlbimdə izin olsun,
Günahlar bizim olsun;
Əlim və dizin olsun,
məni özünə bağla…
Deynən, qadam bilmişdim,
deynən, adam bilmişdim,
yanınaca gəlmişdim,
Məni xətaya salma,
bir də üzünə baxmam…
Çox söylə, az eşidim,
qışını yaz eşidim,
Nə desən naz eşidim,
baxma, üzümə baxma…
Necə, necə dolmusan,
ağla, gözümə ağla.
Dözüm dözmədi deynən,
fağır dözümə ağla…
(03.06.2020)